“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
26.05.2009, 12:17
376

Azərbaycan parlamentində İrana etiraz bildirilib

A- A+

Millət vəkilləri İranın Baş Qərargah rəisinin Azərbaycanı təhdid edən bəyanatına cavab olaraq bu ölkəyə nota göndərilməsini tələb ediblər

Milli Məclisin (MM) bugünkü iclasında cari məsələlərin müzakirəsi zamanı deputatlar bəzi problemlərə toxunublar. 

Deputat Fazil Mustafa orta məktəblərdə şagirdlərdən pul yığıldığını, bunun qarşısını almağın mümkün olmadığını dəyərək, ölçü götürülməsini təklif edib. Millət vəkili Nəsib Nəsibli isə MM-də çıxış üçün ayrılan reqlamentin artırılmasını təklif edib. Deputat onu da bildirib ki, çıxış üçün israr edən deputatlara söz verilməlidir.


F. Mustafanın qaldırdığı məsələ barədə danışan spiker Oqtay Əsədov Təhsil Nazirliyində “Qaynar xətt” yaradıldığını, şikayəti olanların ora müraciət etməsinin düzgün olduğunu söyləyib. Spiker N. Nəsiblivə cavab olaraq isə “Bura bazar deyil, Mili Məclisidir, kim söz istəyirsə, ona qayda çərçivəsində söz verilir” söyləyib.

Millət vəkili İqbal Ağazadə Şəmkirdə Müdafiə Nazirliyinin Seyfəli Təlim Mərkəzində baş verən qətl barədə danışıb: “Torpağı işğal altında olan ölkə üçün bu çox pis haldır. Orduda islahatlar aparılmalıdır. Azərbaycan ordusunda çağırış həddi 35 yaşdan 25 yaşa endirilməlidir. 35 yaşında olan əsgərlə 18 yaşında olan əsgərlər bir yerdə xidmət edə bilmir. Orduda hissələrinin dislokasiya yeri tez-tez dəyişməlidir”.

Millət vəkili Fəzail Ağamalı isə İran Silahlı Qüvvələrinin baş qərargah rəisi Həsən Firuzabadinin İsrail prezidentinin Azərbaycana səfəri ilə bağlı söylədiyi fikirlərə münasibət bildirib. İran rəsmisinin İsrail prezidentinin Azərbaycanda qəbul olunacağına etiraz etməsini tənqid edən deputat bunları deyib: “Niyə onlar Xocalı soyqırımını törədən şəxsi Tehranda salamlayırlar? Azərbaycanın müvafiq qurumları - Xarici İşlər, Müdafiə nazirlikləri Firuzabadinin fikirlərinə etiraz etməlidir. İranın Azərbaycanın daxili işlərinə qarışmasına son qoymaq lazımdır”.

Millət vəkili Arzu Səmədbəyli də bununla bağlı İrana nota göndərilməsini təklif edib. O, həmçinin təklif edib ki, buna etiraz əlaməti olaraq Azərbaycanın İsraildə səfirliyi fəaliyyətə başlamalıdır. A. Səmədbəyli çıxışında Müsavatçı gənclərin həbsinə də etiraz bildirib.

Deputat Pənah Hüseyn isə Azərbaycanda bələdiyyələrin birləşdirilməsinə etiraz edib: “Belə bələdiyyə birləşdirmək olmaz.

Onun sözlərinə münasibət bildirən spikerin “Niyə birləşdirilməsi barədə sizə arayış verilib” sözlərindən sonra O. Əsədovla deputat arasında mübahisə yaranıb.

Daha sonra danışan I vitse-spiker Ziyafət Əsgərov Pənah Hüseyni spikerə hörmət etməyə çağırıb.

Z. Əsgərov İ. Ağazadənin təklifinə cavab olaraq deyib ki, Azərbaycanda “Hərbi çağırışın əsasları haqqında” qanuna cəmi altı ay əvvəl dəyişiklik edilib: “Yaş həddinin azaldılmasını həmişə deyirsiniz. Biz buna aydınlıq gətirmişik. Bu, xidmətdən yayınmaların qarşısının alınması ilə bağlıdır”. Z. Əsgərov ordusa dislokasiya prosesinin daim aparıldığını da nəzərə çatdırıb.

Sonra Milli Məclisin gündəliyindəki məsələlərin müzakirəsi başlayıb.

APA, 26.05.2009.

Xəbərlər
Redaktorun seçimi