“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
03.07.2009, 11:02
431

Avropa Birliyi “Şərq Tərəfdaşlığı” proqramının icrasını niyə təxirə salır?

A- A+

Proqram AB ilə Rusiya arasında gərginliyi artırır...

Avropa Birliyi “Şərq Tərəfdaşlığı” proqramının icrasını müvəqqəti olaraq təxirə salır. APA-nın Rusiya KİV-nə istinadən yaydığı xəbərə görə, bu barədə AB-yə sədrlik (1 iyul 2009-cu il tarixdən) edən İsveçin baş naziri Frederik Reynsfild deyib.


F. Reynsfild bildirib ki, bu, AB-nin qarşılaşdığı yeni çətinliklərlə bağlı atılan məcburi addımdır: “Avropa ciddi maliyyə böhranı ilə üzləşib və biz böhrandan çıxmaq üçün bütün lazımi tədbirləri görməliyik. Hazırda əsas vəzifəmiz maliyyə böhranından qurtulmaqdır. Bundan başqa, həllini tələb edən iqlim dəyişikliyi problemi də az əhəmiyyətli deyil. Biz vaxt itirə bilmərik və bu məsələləri dekabra qədər həll etməliyik”.

Xatırladaq ki, “Şərq Tərəfdaşlığı” proqramının təşəbbüskarları İsveç və Polşadır. Proqramda 6 keçmiş sovet respublikası – Azərbaycan, Gürcüstan, Ermənistan, Ukrayna, Moldova və Belarus iştirak edir. 
 

“Media forum” saytı politoloqlar Rasim Musabəyov və Zərdüşt Əlizadənin bu haqda fikirlərini öyrənib.

R.Musabəyov hesab edir ki, xəbərin dəqiqliyini hələ yoxlamağa ehtiyac var: “Çünki xəbərin ilk mənbəyi Rusiya mətbuatıdır. Bunu İsveç baş nazirinə istinadla deyirlər, Avropa Birliyində sədrlik səlahiyyəti ona keçib. Amma proqramın təşəbbüsçüləri Polşa və İsveç idi. Polşa prezidenti Lex Kaçinski bunu dilinə almır. Rusiya mənbələrinə istinadla yayılan bu xəbərin dəqiqliyinə şübhələr var”.

Politoloqun fikrincə, proqramın icrasının təxirə düşməsi xəbəri doğrudursa belə, bu, maliyyə böhranı ilə əlaqədar deyil: “Çünki ayrılan maliyyə Avropa Birliyi üçün çox cüzidir. Həm də “Şərq Tərəfdaşlığı Proqramı” təkcə Avropa Birliyinin tərəfdaş ölkələrə pul verməsi ilə məhdudlaşmır. Söhbət həmin ölkələrin Avropa bazarlarına çıxışından gedir. Proqram insanların, malların, kapitalların dövriyyəsinin sərbəstləşdirilməsinə yönəlib. Bunlar bilavasitə pul tələb etməyən məsələlərdir.

Azərbaycana gəlincə, bu gün proqramın təxirə salınması bizi daha az maraqlandırır. Ermənistan, Ukrayna, Moldova, Gürcüstanı narahat edən məsələdir. Çünki onlar ələ baxırlar. Azərbaycan o proqrama heç də 5-10 milyon avro pul almaq üçün qatılmayıb. Proqram dondurulsa belə, bu, Azərbaycan üçün heç də böyük əhəmiyyət kəsb etməyəcək”.

Z.Əlizadə bildirib ki, “Şərq Tərəfdaşlıq Proqramı”nın icrasının dayandırılması heç də maliyyə böhranı ilə bağlı deyil: “Əgər həqiqətən də belə bir qərar verilibsə, bu o deməkdir ki, Avropa Birliyi Rusiya siyasəti qarşısında geri çəkildi. Xüsusilə İsveç, Polşa, Çexiya kimi ölkələrin adını çəkə bilərik. Əsas səbəb heç də maliyyə böhranı ola bilməz. Çünki Şərq ölkələri üçün ayrılması nəzərdə tutulan vəsait Avropa Birliyi üçün çox balaca rəqəmdir”.

Politoloq Avropa Birliyinin hər vaxt şərq ölkələrinə, həmçinin “Şərq Tərəfdaşlıq Proqramı”nın icrasına ciddi münasibət bəslədiyini deyib: “Sadəcə, siyasi vəziyyət dəyişib, bu proqramı imzalamış və qoşulmaq niyyətini izhar eləmiş dövlətlər heç də Avropa dəyərlərini qəbul eləmək istəyində deyil. Faktiki olaraq sabotaj və imitasiya ilə məşğuldurlar. Həmçinin bu proqram Avropa Birliyi ilə Rusiya arasında gərginliyi artırır. Ola bilər ki, hazırda bu proqram dondurulsun. Müəyyən siyasi aydınlaşmadan sonra proqrama qayıdacaqlar”.

 

Mövzuya dair:

Şərq Tərəfdaşlığı Proqramı kimə və nəyə mane olur?


Avropa Birliyinin Şərq Tərəfdaşlığı Proqramının icrasının müvəqqəti təxirə salındığı açıqlanıb. APA-nın məlumatına görə, bunu Avropa Birliyinə sədrlik edən İsveçin baş naziri Frederik Reynsfild deyib.

F.Reynsfild bildirib ki, bu, Avropa Birliyinin qarşılaşdığı yeni çətinliklərlə bağlı atılan məcburi addımdır: “Avropa ciddi maliyyə böhranı ilə üzləşib və biz böhrandan çıxmaq üçün bütün lazımi tədbirləri görməliyik. Hazırda əsas vəzifəmiz maliyyə böhranından qurtulmaqdır. Bundan başqa, həllini tələb edən iqlim dəyişikliyi problemi də az əhəmiyyətli deyil. Biz vaxt itirə bilmərik və bu məsələləri dekabra qədər həll etməliyik”.

Qəribə əsaslandırmadır.

Avropa Birliyi Şərq Tərəfdaşlığı Proqramına üzv olan 6 dövlətə 600 milyon avro ayırmağı planlaşdırırdı. Bu, Avropa Birliyi üçün nə böyük məbləğdir ki, İsveçin baş naziri proqramın müvəqqəti təxirə salınmasını köhnə qitədəki maliyyə böhranıyla əlaqələndirir. Bir də axı Şərq Tərəfdaşlığı Proqramı ancaq üzv dövlətlərə maliyyə yardımı demək deyildi. Proqram çərçivəsində əməkdaşlığın digər istiqamətləri də var. Bu sıraya enerji əməkdaşlığı və viza rejiminin yumşaldılması aiddir.

Bu iki mövzunun maliyyə böhranına nə aidiyyəti var?

İsveçin baş nazirinin iqlim dəyişikliyi ilə bağlı problemi qabartması da maraqlıdır. Nazir bununla demək istəyib ki, Avropa üçün Şərq Tərəfdaşlığı Proqramından da vacib məsələ var və iqlim dəyişikliyi ilə mübarizə bunlardan biridir. Avropa illərdir iqlim dəyişikliyini müzakirə edir, ancaq indiyə qədər bu problemin həllini əlində rəhbər tutaraq hər hansı digər proqramını təxirə salmayıb.

Beləliklə, Avropa Birliyi özünün irəli sürdüyü proqramı hələ ki, müvəqqəti dondurur. Məsələyə İsveçin baş nazirinin məntiqiylə yanaşılsa, Avropada maliyyə və iqlim problemi həll edilmədikcə Şərq Tərəfdaşlığı Proqramı da işə düşməyəcək. Ən maraqlısı odur ki, İsveç Şərq Tərəfdaşlığı Proqramı ideyasını irəli sürən iki dövlətdən biridir. Diqqəti çəkən başqa önəmli məqam proqramın dayandırılmasının İsveçin Avropa Biriyinə sədrliyə başladığı ilk gündə elan edilməsidir. Adətən sədr dövlət təyinatdan bir müddət sonra qərarlarını elan etməyə başlayar. Görünür, Şərq Tərəfdaşlığı Proqramını təxirə salmaq qərarına öncədən hazırlaşıbmışlar.

Şərq Tərəfdaşlığı Proqramının icrasının təxirə salınması Rusiyanın maraqlarına uyğundur. Proqram irəli sürüldüyü gündən Moskva onun əleyhinə çıxırdı. Moskvadakı dairələr Şərq Tərəfdaşlığı Proqramına stateji müttəfiqləri Belarus və Ermənistanın qatılmasından narahat idilər. Kremldə bu proqramı Avropa Birliyinin Belarusla Ermənistanı Rusiyanın orbitindən qorpartmaq vasitəsi kimi də qiymətləndirirdilər. Proqramın təxirə salınmasında məhz Rusiyadan enerji asılılığında olan bir qrup Avropa dövlətinin də “əməyi” var. Məhz həmin ölkələrin liderləri Avropa Birliyinin zirvə toplantısında Şərq Tərəfdaşlığı Proqramına şübhəylə yanaşmışdılar.

Şərq Tərəfdaşlığı Proqramını irəli sürən ikinci dövlət Polşadır. Bu dövlətin prezidenti Lex Kaçinski iyulun 2-də Bakıya gəlib. İsveç baş nazirinin Şərq Tərəfdaşlığı Proqramının icrasının təxirə salındığı haqda açıqlaması Polşa prezidentini də pis vəziyyətdə qoyur.

“Atlas” Araşdırmalar Mərkəzi

Xəbərlər
Redaktorun seçimi