“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
01.12.2009, 22:06
348

Almaniyada “Dağlıq Qarabağ-Azərbaycanın mədəniyyət beşiyi” adlı simpozium keçirilib

A- A+

Tədbir Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyi tərəfindən təşkil olunub

Dekabrın 26-da Berlin şəhərindəki Berlin-Brandenburq Elmlər Akademiyasında “Dağlıq Qarabağ-Azərbaycanın mədəniyyət beşiyi” adlı elmi-mədəni simpozium keçirilib.

Tədbir Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyi və Almaniya-Azərbaycan Forumunun birgə səyi ilə təşkil olunub.

Tədbiri giriş sözü ilə Almaniya-Azərbaycan Forumunun sədri, Almaniyanın sabiq dövlət katibi Otto Hauzer açmışdır.

Azərbaycanın Almaniyadakı səfiri P.Şahbazov və Milli Məclisin deputatı, Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin rəyasət heyətinin üzvü R.Rzayev simpoziumda çıxış etmişlər.

Natiqlər uzun müddətdən bəri davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin regionun inkişafı yolunda ciddi əngəl olduğunu, sabitliyə və davamlı sülhə təhlükə yaratdığını bildirmişlər.

Çıxışçılar Ermənistanın işğal etdiyi əzəli Azərbaycan torpağı Dağlıq Qarabağın Azərbaycan xalqının zəngin mədəni-tarixi irsinin ayrılmaz və çox mühüm bir parçası olduğunu faktlarla göstərmişlər.

Daha sonra Bakı Slavyan Universitetinin rektoru professor Kamal Abdulla “Dağlıq Qarabağ Azərbaycanın tarixində” adlı elmi məruzə ilə çıxış etmişdir.

Çıxışlardan sonra “Dağlıq Qarabağ münaqişəsi - bundan sonra necə olacaq” adlı “dəyirmi masa” keçirilmişdir.

O.Hauzerin moderatorluq etdiyi “dəyirmi masa”da Almaniya tərəfindən AFR XİN-in bir vaxtlar ATƏT-in Minsk Qrupunda nümayəndəsi, keçmiş səfir F.Lambax, Bundestaqın deputatı, hazırda AŞ PA-da Almaniya nümayəndə heyətinin üzvü E.Lintner, Azərbaycan tərəfindən isə Kamal Abdulla, Bakı Musiqi Akademiyasının rektoru F.Bədəlbəyli və millət vəkili R.Rzayev iştirak etmişlər.

Müzakirələrdə Dağlıq Qarabağın Azərbaycanla tarixi və mədəni tellərlə bağlılığından geniş bəhs edilmişdir. Müzakirələrdə Ermənistanın konstruktiv mövqe nümayiş etdirərək işğal etdiyi Azərbaycan ərazilərini boşaltması təqdirində regional inkişafa və əməkdaşlığın təmin edilməsinə xidmət edəcəyi bildirilmişdir.

Natiqlər Ermənistanı son dövrlər güclü iqtisadi tərəqqi əldə edən Azərbaycandan nümunə götürməyə çağırmış və beynəlxalq hüquqa zidd hərəkətlərlə, işğalçı siyasətlə heç nəyə nail olmayacağı bildirilmişdir.

Müzakirələrdən sonra “dəyirmi masa” iştirakçıları dinləyicilərin çoxsaylı suallarını cavablandırmışlar.

Fasilədən sonra Azərbaycan incəsənət ustalarının ifasında Qarabağlı bəstəkarların əsərləri və Azərbaycan xalq mahnılarından parçalar səsləndirilmişdir. İncəsənət ustaları arasında xalq artistləri Fidan və Xuraman Qasımovalar, gənc muğam ifaçıları təmsil olunmuşlar. Konsert proqramı böyük maraqla qarşılanmışdır.

Sonda Dağlıq Qarabağın mədəni-tarixi irsindən, habelə Ermənistanın Azərbaycana qarşı işğalçı siyasətindən bəhs edən foto-sərgi və Qarabağ xalçaları nümayiş etdirilmişdir. İştirakçılara tədbir münasibətilə ziyafət verilmişdir.

Tədbirdə Almaniya Bundestaqının, müxtəlif dövlət qurumlarının, beyin mərkəzlərinin, KİV-in, Almaniyada akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, habelə Almaniyadakı Azərbaycan diasporunun fəalları iştirak etmişlər.

AzərTAc.

Xəbərlər
Redaktorun seçimi