Bələdiyyə seçkilərinin yekun nəticələri elan olunub
Rəsmi nəticələrə görə, seçilmiş 15591 bələdiyyə üzvündən 10 431 nəfəri YAP--ı təmsil edir
Mərkəzi Seçki Komissiyası (MSK) 2009-cu il dekabrın 23-də Azərbaycanda keçirilmiş bələdiyyə seçkilərinə yekun vurub və nəticələri elan edib.
MSK-nın yanvarn 11-də keçirilən iclasında MSK katibi Natiq Məmmədov isə bildirib ki, dekabrın 23-də keçirilən bələdiyyə seçkilərində ölkə üzrə seçicilərin 32.4 faizi iştirak edib. Ölkə üzrə 118 seçki dairəsinin 4813 seçki məntəqəsində keçirilən səsvermədə 1718 bələdiyyəyə 15 682 üzv seçilməli idi. Bələdiyyələrə 31 min 861 nəfərin namizədliyi irəli sürülmüşdü. Namizədlər 16 siyasi partiyanı, bitərəfləri və təşəbbüs qruplarını təmsil edib.
MSK katibinin sözlərinə görə, daxil olan protokollar, qanunvericiliyə uyğun olaraq, 20 gün müddətində araşdırılıb: “Təəssüf ki, bəzi məntəqə seçki komissiyalarının təqdim etdiyi nəticələrin etibarsızlığı üçün əsaslar yaranıb. Bəzi məntəqələrdə seçkilər qanunauyğun keçirilməyib, seçicilərin iradəsini müəyyən etmək mümkün olmayıb.
Buna görə də ümumilikdə 33 seçki məntəqəsində və 9 bələdiyyə üzrə keçirən seçkilərin nəticələri ləğv edilib. Bunlar Qusar rayonu Uluq, Quba rayonu Ağgül, Sabirabad rayonu Şəhriyar, Masallı rayonu Boradigah, İmişli rayonu Mərzəli, Qızılkənd və Sarxanlı, Şəfəq və Naftalan bələdiyyələridir. Bu bələdiyyələrə keçirilən seçkilərin nəticəsində seçicilərin iradəsini müəyyən etmək mümkün olmayıb. Həmin bələdiyyələrə seçkilər baş tutmamış sayılıb”.
MSK katibinin bildirdiyinə görə, ümumilikdə, 18 seçki məntəqəsinin, 2 Dairə Seçki Komissiyasının tərkibi tam buraxılıb, 2 DSK sədrinin isə öz vəzifəsinə uyğun gəlmədiyi bildirilərək vəzifəsindən uzaqlaşdırılıb. N. Məmmədov bəzi pozuntularla bağlı prokurorluq orqanlarının araşdırma aparmasının vacib olduğunu bildirib və materialların prokurorluğa təqdim ediləcəyini qeyd edib.
MSK-nın üzvü, “Ümid” partiyasının nümayəndəsi Akif Qurbanov isə seçkilərdə namizədlərin qeydə alınma, təbliğat-təşviqat, səsvermə və digər mərhələlərinin ciddi qanun pozuntuları olduğunu bildirib və seçkilərlə bağlı yekun protokola imza atmayacağını deyib.
MSK sədri Məzahir Pənahov isə çıxışında bildirib ki, seçkilərin keçirilməsində təmsil etdiyi qurum öz işinin öhdəsindən gəlib: “Seçkilərin lazım olan səviyyədə keçirilməsi üçün müvafiq qurumların, icra strukturlarının üzərinə də qanunda məsuliyyət qoyulub və bu iş birgə həyata keçirilib. Azərbaycanda demokratik seçkilərin keçirilməsi üçün ölkə rəhbərliyinin siyasi iradəsi var”.
M. Pənahov bildirib ki, səsvermənin nəticələri ləğv olunmuş bələdiyyələr üzrə qanunvericiliyə uyğun olaraq 3 aydan sonra seçkilər keçiriləcək. M. Pənahov nəticələri ləğv olunmuş bələdiyyələrin sayının az olduğunu və bu seçkiləri keçirməyin ciddi problem yaratmayacağını qeyd edib.
İclasın sonunda bələdiyyə seçkiləri ilə bağlı yekun protokol imzalanıb. Protokolu MSK-nın 15 üzvündən 14-ü imzalayıb. Ümid Partiyasını qurumda təmsil edən Akif Qurbanov yekun protokolu imzalamaqdan imtina edib
* * *
MSK bələdiyyə seçkilərində qalib gəlmiş namizədlərin partiya mənsubiyyətini açıqlayıb
-12.01.2010-
Mərkəzi Seçki Komissiyası (MSK) dekabrın 23-də keçirilən bələdiyyə seçkilərində qalib gəlmiş namizədlərin partiya mənsubiyyəti və digər kriteriyalar üzrə statistik məlumatları açıqlayıb.
MSK-nın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, səsvermə nəticəsində 15591 bələdiyyə üzvü seçilib.
Onların 4809-u fərdi qaydada, 77-si təşəbbüs qrupları, 10 705 nəfəri isə siyasi partiyalar tərəfindən namizədliyi irəli sürülənlərdir.
MSK-nın açıqladığı statistik məlumatlara görə, Yeni Azərbaycan Partiyasının irəli sürdüyü namizədlərdən 10290-ı, Böyük Quruluş Partiyasının namizədlərindən 132-si, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının namizədlərindən 81-i, Ana Vətən Partiyasının namizədlərindən 62-si, Vətəndaş Həmrəyliyi Partiyasının namizədlərindən 61-i, Ümid Partiyasının namizədlərindən 41-i, Azərbaycan Demokratik İslahatlar Partiyasının namizədlərindən 15-i, Vətəndaş Birliyi Partiyasının namizədlərindən 14-ü, Azərbaycan Sosial Rifah Partiyasının namizədlərindən 5-i, Müsavat Partiyasının namizədlərindən isə 4-ü seçkilərdə qalib gəlib.
Partiya mənsubiyyətinə görə isə səsvermə nəticəsində YAP-ın 10 431, AVP-nin 214, BQP-nin 142, ASRP-nin 133, VHP-nin 115, BAXCP-nin 95, Ümid Partiyasının 43, Kommunist Partiyasının 25, DİP-in 18, AMİP-in 15, VBP-nin 14, Ədalət Partiyasının 13, MMP-nin 5, Müsavat Partiyasının 3, Demokratik Azərbaycan Dünyası Partiyasının 3, KXCP-nin 3, ADP-nin 2, Milli Vəhdət Partiyasının 2, AXCP-nin isə 1 üzvü bələdiyyə üzvü seçilib.
Qeyd edək ki, seçkilərdə iştirak edən partiyaların bir sıra üzvləri seçkiyə öz təşəbbüsü ilə qatıldığından partiyanın namizədləri ilə partiya mənsubiyyəti kriteriyalarında fərqli rəqəmlər ortaya çıxır.
Yeni seçilmiş bələdiyyə üzvlərinin 9979-u ali təhsilli, 2711-i orta ixtisas təhsilli, 2825-i orta, 76-sı natamam ali təhsillidir. Cinsi mənsubiyyətinə görə bələdiyyələrin yeni üzvlərinin 11 517-si kişi, 4074-ü qadındır.
Yeni üzvlərin 4243-ü 21-30, 2615-i 31-40, 4781-i 41-50, 3293-ü 51-60 yaş qrupu arasında, 659-u isə 60 yaşdan yuxarıdır.