“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
18.03.2010, 19:52
388

Tanınmış jurnalist İbrahim Bayandurlu vəfat edib

A- A+

O, əqidə və mövqeyini açıq ifadə etməyi bacaran qələm sahibi idi...

Martın 16-da müasir Azərbaycan jurnalistikasının görkəmli nümayəndələrindən biri, siyasi icmalçı İbrahim Bayandurlu vəfat edib.

İbrahim Bayandurlu 1972-ci il yanvarın 1-də Bakıda anadan olmuşdu. Paytaxtın 27 saylı orta məktəbində təhsil alıb.

Bakı Dövlət Universitetini və Prezident yanında Dövlət İdarəçilik Akademiyasını bitirib.

“Novoye vremya”, “Zerkalo” qəzetlərində, “Monitor” jurnalında və “Azadlıq” radiosunun Azərbaycan redaksiyasının rus bölməsində çalışıb.

İbrahim Bayandurlu hələ yeniyetmə yaşlarında Azərbaycan xalq hərəkatının fəal iştirakçılarından olub.

Vətən və topraq sevgisi onu könüllü olaraq Qarabağ döyüşlərinə aparmışdı. 1992-ci ilin aprelində Şuşa ətrafında döyüşlərdə ağır yaralanmışdı.

Aldığı yaralar sonrakı illərdə onun səhhətinin ağırlaşmasına səbəb olmuşdu. O, qaraciyərin serrozu, Hepatit C xəstəliyindən əziyyət çəkirdi.

İbrahim Bayandurlunun savaş dostu, jurnalist Mustafa Hacıbəyli də onu saf, cəsur bir insan kimi xatırlayır: “Ibrahim o oğlanlardan idi ki, millət üçün lazım olanda gedib Qarabağda vuruşurdu. Azadlıq üçün vuruşmaq lazım olanda da qələmlə vuruşurdu. O, həm də nadir ensiklopedik biliklərə malik idi. Bir neçə ali təhsil almışdı. Həyatdan getməsi tək ailəsi, dostları üçün yox, millət üçün böyük itki oldu”.

İbrahim Bayandurlu Azərbaycan jurnalistikasının əsl peşəkarlarından idi. Jurnalistlik fəaliyyətində dərin analitik təfəkkürü ilə daima seçilirdi.

Azərbaycanı torpaqları bütöv, tam azad və demokratik bir dövlət kimi görmək onun ən böyük arzusu idi. Bu yolda yorulmadan fəaliyyət göstərirdi. Təəssüf ki, vaxtsız ölüm onun arzularını yarımçıq qoydu.

Bu ağır itki ilə əlaqədar mərhumun ailəsinə, yaxınlarına dərin hüznlə başsaglığı veririk.

Allah rəhmət eləsin.

www.azerbaycanli.org

 

 * * *

Bax həmçinin: 

İbrahimsizlik 

    ♦ Erkin Qədirli 

Martın 16-da çox dəyərli dostumu itirdim.

İbrahim Bayandurlu!

İlk dəfə 1987-ci ildə tanış olmuşduq.

23 illik bir dostluğun təqvimi bitdi.

İbrahim Bayandurlu vəfat etdi.

Dəfn etdik İbrahimi.

İbrahim Bayandurlu çox ziddiyyətli adam idi.

Həyatı ölümlə zarafat edəcək dərəcədə sevirdi.

Həyatı sevərək Türkiyədəki təhsili buraxdı, Qarabağ savaşına getdi.

Həyatı sevərək Şuşa uğrunda döyüşlərin birində (1992-ci ilin aprelin 29-da) baş nahiyəsindən ağır yaralandı.

Rəhmətlik prezident Əbülfəz Elçibəyin sərəncamı ilə dövlət hesabına Almaniyada əməliyyat olundu.

İbrahimin alt çənəsi tamamən dağıdılmışdı.

7.62 çaplı bir güllənin çənəyə dəyməsini təsəvvür edin!

Ayağından sümük götürülərək yamaq bir alt çənə qoydular İbrahimə.

Çənəsi ömrünün sonuna qədər əziyyət verdi ona.

Tələffüz problemi bir yana, kəskin beyin ağrıları və yüksək təzyiqlə yaşamalı oldu İbrahim.

İbrahim həyatı və ünsiyyəti çox sevirdi!

Həyatı sevdiyinə görə ölkəmizin azad və demokratik ola bilməsi üçün bacardığını edirdi.

Həqiqətə iddia etmədən haqlı olmağa çalışırdı.

İnsanlarla ünsiyyəti həm sevir, həm də bacarırdı.

Nöqsanlı hesab oluna biləcək heç bir keyfiyyətini gizlətmədən açılırdı adamın üzünə.

Səmimi idi çünki.

Özünüifşadan və özünükəşfdən qorxmayan birisi idi İbrahim.

Jurnalist və siyasi şərhçi olmağına baxmayaraq obyektivizm və metodologiya pərdəsi arxasında gizlənmirdi.

Zəmanə açıqlığı tələb edir!

İbrahim də əqidəsini, mövqeyini və niyyətini açıq ifadə etməyi bacaran idi.

Hər il mayın 8-də Şəhidlər xiyabanında batalyon komandiri, Şuşada dəfn olunmuş Milli Qəhrəman Ramiz Qəmbərovun rəmzi qəbrini ziyarət edirdik.

İbrahim Ramiz Qəmbərovun batalyonunda vuruşub.

Bir dəfə qışda getdik Ramizin qəbri üstə.

Çox soyuq idi, güclü qar yağırdı.

Doğrusu, həmin gün qəbrin ziyarətinə getməyi heç münasib saymırdım, amma İbrahim təkid etdi və biz getdik.

Qəbrin üstünü qar örtmüşdü.

Qəbir daşını qardan təmizləməyə yenicə başlamışdıq ki, İbrahim ağlamağa başladı.

İlk dəfə idi onu ağlayan gördüm. Hönkür-hönkür ağlayırdı.

Nə onda, nə də sonra bu ağlamağı müzakirə etdik.

Nə deyəsən axı, sözsüz də hər şey aydın idi.

İbrahim vəfat etmiş batalyon komandirinin məzarı üstə ağlayacaq qədər bağlı idi Vətəninə.

Demokratik dəyərlərə də eyni güclə bağlı idi.

Ailəlikcə belə idilər onlar.

Keçən il İbrahimin anası vəfat etmişdi.

İbrahim hələ anasının ili heç çıxmadan dünyasını dəyişdi.

Anasının vəfatı tükətdi onu.

Anası kimi həyatsevər İbrahim anasının vəfatından sonra həyatdan küsmüşdü sanki.

“Sizə azad və ləyaqətli cümhuriyyətdə yaşamağı arzulayıram. Nikbin Müsavatçı”

Bu sözlər İbrahimin anasının məzarında sinə daşında yazılıb.

İbrahim də bu arzu ilə yaşayırdı, həm də sevərək yaşayırdı.

Ölkəmizin demokratikləşməsi arzusunu ürəyində gəzdirərək də öldü.

Sağlam adam deyildi  İbrahim, amma saf idi.

Bir çox sağlam, amma zay adamları təsəvvür etsəniz, nə demək istədiyim daha aydın olar bəlkə.

İbrahimlə dost olmaq asan deyildi.

Gərgin adam idi çox.

Gərgin, amma yəqin idi İbrahim!

Nə edəcəyini hər zaman bilmək olmurdu, amma nələri özünə heç vaxt rəva bilməyəcəyi dostları üçün çox aydın idi.

İbrahim həyatımın 23 ilini təşkil edir.

Bundan sonra onsuz yaşamağı öyrənməli olacağam.

Həyat çox qəribədir.

Elmar Hüseynovun öldürüldüyü gün İbrahim mənə Moskvadan zəng etdi. Dedi ki, Elmarın ölüm anında onun yanında olmadığına görə ömrünün sonuna qədər özünü bağışlamayacaq (illər keçməsinə baxmayaraq ara-sıra bu fikri təkrarlayırdı).
İbrahim Elmarın da möhkəm dostu idi.

İş elə gətirdi ki, bu dəfə İbrahimin ölüm anında mən onun yanında ola bilmədim.

Özümü bağışlasam da, bağışlamasam da, həyat bizi bu cür oynatdı. 

“Azadlıq” qəzeti, 18.03.2010.

Xəbərlər
Redaktorun seçimi