“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
01.09.2009, 14:02
370

Ermənistan prezidenti Türkiyəyə sərhəd qapısından keçmək istəyir

A- A+

Serj Sərkisyan: “Ermənistanla Türkiyə arasında müəyyən razılaşmalar var və Ankara onları yerinə yetirməlidir”

Türkiyə ilə Ermənistan arasında bir il öncə başlanan «futbol diplomatiyası» yenidən aktiv müzakirə mövzusudur.

2008-ci il sentyabrın 6-da futbol üzrə dünya çempionatının qrup mərhələsi çərçivəsində iki ölkə komandalarının matçını izləmək Yerevana gedən Türkiyə prezidenti Abdullah Gül həmkarı Serj Sarkisyanı da bu ilin oktyabrın 14-də keçiriləcək cavab oyunu izləmək üçün Türkiyəyə dəvət etmişdi. Həmin səfərdən sonra sürətlənən Türkiyə-Ermənistan dialoqu bu ilin aprelində iki ölkə xarici işlər nazirlikləri arasında «Yol xəritəsi»nin imzalanmasına gətirdi.

Türkiyə-Ermənistan münasibətlərinin praktik hərəkətə gəlməsi isə, hər şeydən öncə, Qarabağ münaqişəsinə, Ermənistanla Azərbaycan arasında sülh prosesinə bağlıdır. Məhz bu üzdən Türkiyə Ermənistanla «futbol diplomatiyası»nın ikinci hissəsinə hazırlıq dövründə vəziyyəti Azərbaycan rəhbərliyi ilə də aktiv müzakirə edir. Ötən həftəsonu Türkiyə baş naziri ilə Azərbaycan prezidenti arasındakı telefon danışığı, ardınca Türkiyə XİN başçısı müavininin Bakıya səfəri buna sübutdur.

Lakin prosesin hər iki istiqamətdə irəliləməsi üçün isə erməni tərəfin konstruktiv davranması zəruridir. Amma bunu da indilik Yerevanın nə Ankara ilə dialoqunda, nə də Bakı ilə Qarabağ danışıqlarında görmək mümkündür. Əksinə, Ermənistan prezidenti Türkiyə cavab səfərindən vaz keçmək üçün hər vəchlə bəhanə arayır. Serj Sarkisyan Türkiyəyə futbol səfərinə iki ölkə arasındakı sərhəd qapısından keçərək getmək istədiyini bildirib və artıq bir neçə aydır ki, bu xüsusda spekulyasiyaları davam etdirir.

Sarkisyan BBC telekanalına müsahibəsində də bu iddianı təkrar gündəmə gətirib. Telekanala müsahibəsində o bildirib ki, əsas məsələ onun matçı izləmək üçün Türkiyəyə gedib-getməyəcəyi deyil: “Demək istəyirəm ki, biz futbola baxmaq üçün qonşu ölkəyə səfəri Türkiyə ilə qarşılıqlı münasibətlərimizlə eyniləşdirməməliyik».

Sarkisyanın sözlərinə görə, onun Türkiyə futbol səfəri ilə bağlı iki variant mümkündür: «Birincisi, fərz edək ki, biz aramızdakı danışıqları dondururuq və mən, sadəcə, futbol matçını seyr etmək üçün Türkiyəyə səfər edirəm. İkinci variant - biz danışıqları davam edirik, lakin mən futbola baxmaq üçün ora səfər etmirəm. Bunlardan hansı vacibdir?”

Ermənistan prezidentinə görə, Türkiyə tərəfi onun səfərinin baş tutması üçün müəyyən addımlar atmalıdır: «Ermənistanla Türkiyə arasında müəyyən razılaşmalar var və onları yerinə yetirmək lazımdır. Təəssüf ki, qarşı tərəfin bu razılaşmaları yerinə yetirməyə can atdığını görmürəm. Bizim istəyimiz əvvəlki kimi qalır - qarşılıqlı münasibətləri heç bir ilkin şərt irəli sürmədən qurmaq”.

Sarkisyan bildirib ki, Ermənistan 1915-ci il olaylarının soyqırımı olaraq tanınmasını Türkiyə ilə münasibətlərin qurulması üçün bir şərt olaraq irəli sürmür. Odur ki, Türkiyə də sərhədin açılması ilə bağlı şərtlər irəli sürməməlidir: ««Biz deyirik ki, bəli, soyqırım olub, bunu Türkiyənin bü gün etiraf edib-etməsindən asılı olmayaraq olub, və bir çox ölkələr bunu soyqırımı kimi tanıyıb. Lakin indiki anda biz Türkiyənin bu soyqırımı tanımasını bizim aramızdakı münasibətlərin normallaşdırılması üçün ilkin şərt kimi görmürük».

Qeyd etmək lazımdır ki, bir il öncə Ermənistan-Türkiyə futbol matçı öncəsində olduğu kimi, iki ölkə arasındakı cavab oyun da idmandan ziyadə siyasi mövzu olaraq həm Türkiyədə, həm də Ermənistanda aktiv müzakirə olunur.

Türkiyənin “Milliyyət” qəzetinin dünənki sayında qeyd olunur ki, Ermənistan müxalifətinin sərt təzyiqləri prezident Sarkisyanı futbol diplomatiyası ilə bağlı çıxılmaz vəziyyətə qoyub. Qəzetə görə, bu təzyiqlər qarşısında Sərkisyan da Türkiyə sərhədi açmasa, getməyin mənası yoxdur” deyə bəyanat verib.

Türkiyə Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (TÜRKSAM) başqanı Sinan Oğan da Ermənistan prezidentinin Türkiyəyə məhz iki ölkənin sərhəd qapısından keçmək istəyini bu çıxılmazlığın nəticəsi kimi şərh edir. «Bu açıqlamalara baxdığımız zaman belə təsəvvür yaranır ki, Sərkisyanın ağlı qarışıb. Əslində haqsız da deyil, onun bu vəziyyəti anlaşılandır. Çünki həm içəridə, həm xaricdə ona Türkiyəyə get deyənlər də var, getmə deyənlər də. O isə “kim nə deyirsə desin, Türkiyəyə matç izləməyə gedəcəm” deyə bilmir. Bununla da Sərkisyan bəzi çevrələrdən asılı olduğunu nümayiş etdirir” (“Media forum”).

Maraqlıdır ki, erməni politoloqları da prezident Sarkisyanın çıxılmaz vəziyyətdə olduğuna diqqət çəkirlər.

“İragir.am” xəbər saytının şərhçisi Akop Bədəlyana görə, prezident Sarkisyan həmkarı Gülün dəvətinə müsbət cavab verərək Türkiyəyə gedəcəyi halda müxalifət tərəfindən xain elan ediləcək. Erməni müxalifəti “Sərhədi açmayan, embarqo tətbiq edən bir ölkəyə getmək Ermənistanın mövqeyi baxımından təslimçilikdir” deyir. Yox əgər, Sərkisyan futbol səfərinə getməyib, cavab addımı atma şansını qaçırarsa, bu, həm beynəlxalq aləmdə qeyd ediləcək, həm də Türkiyənin əlinə fürsət verəcək».

Ermənistan Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun direktoru Ruben Safrastyana görə isə, hazırkı vəziyyətdə münasibətlərin irəliləməsi üçün «top türk tərəfdədir». Onun fikrincə, ikitərəfli münasibətlərin qurulması Türkiyənin özü üçün Ermənistandan heç də az vacib deyil. «Ötənilki Rusiya-Gürcüstan müharibəsindən sonra Türkiyənin Gürcüstan vasitəsilə regiona çıxmaq imkanları xeyli məhdudlaşıb. Belə bir vəziyyətdə Türkiyə üçün Ermənistan vasitəsilə Azərbaycan və Orta Asiyaya çıxış aramaq xüsusilə önəm kəsb edir.

Eyni fikri Ermənistanın Qafqaz İnstitutun direktoru Aleksandr İskəndəryan da vurğulayıb. «Erməni-türk dialoqunun sərt tərzdə kəsilməsi Türkiyənin xeyrinə deyil. Çünki bu prosesin dayanması Türkiyənin beynəlxalq imicinə zərər vuracaq», - deyə İskandaryan bildirib. Onun fikrincə, Türkiyə regionda aktiv oyunçu kimi özünü təsdiq etmək üçün mütləq Ermənistanla münasibətləri çözməlidir.

Ermənistanın müxalif Demokrat Partiyasının lideri Aram Sarkisyan isə hesab edir ki, prezident Türkiyəyə futbol matçına getməlidir, amma yalnız bir futbol azarkeşi kimi: «Bu səfər gedişində Türkiyə rəhbərliyi ilə hər hansı danışıq aparılmamalıdır».

Türkiyə-Ermənistan münasibətləri əvvəlkitək bu prosesin əsas sponsoru olan Amerikanın da diqqət mərkəzindədir. «ABŞ türk-erməni münasibətlərinin normallaşdırılması prosesində irəliləyiş əldə olunacağına ümid bəsləyir», - deyə Birləşmiş Ştatların Ermənistandakı səfiri Mari Yovanoviç bildirib. Səfirin sözlərinə görə, bu münasibətlərin normallaşması təkcə Ermənistan və Türkiyənin maraqlarında deyil, ümumilikdə regionun maraqlarına uyğundur. Yovanoviç vurğulayıb ki, ABŞ Türkiyə-Ermənistan sərhədlərinin açılmasını dəstəkləyir.

“525-ci qəzet”, 01.09.2009.

 

 

Xəbərlər
Redaktorun seçimi