“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
16.04.2010, 19:48
357

Azərbaycanla Rusiya arasında sərhəd məsələsi çözülüb

A- A+

Xələf Xələfov: “Mübahisəli ərazilərlə bağlı tam razılıq əldə olunub”

Azərbaycan-Rusiya dövlət sərhədinin delimitasiyası ilə əlaqədar iki ölkənin işçi qrupunun Xaçmaz rayonunda apardığı növbəti danışıqlar qarşılıqlı razılaşma ilə nəticələnib.
 
APA-nın məlumatına görə, uzun müddət aparılan danışıqlara, ekspertlərin araşdırmalarına baxmayaraq, iki dövlət arasında hələ də mübahisəli ərazilər mövcud idi.

Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfovun və Rusiya Federasiyası prezidentinin delimitasiya məsələləri üzrə xüsusi nümayəndəsi Aleksandr Qolovinin rəhbərlik etdiyi işçi qrupların danışıqları əsasında dövlət sərhədi ilə bağlı konkret razılıq əldə olunub.

X. Xələfov bildirib ki, dövlət sərhədindən keçən Samur çayı üzərindəki körpüdən birgə istifadə, eləcə də sərhəd boyunca Xaçmaz və Balakən rayonlarında olan mübahisəli ərazilərin delimitasiyası ilə bağlı qarşılıqlı razılaşma əldə olunub.

Həmçinin razılaşmaya əsasən, Samur çayının suyundan hər iki ölkə bərabər həcmdə istifadə edəcək. Samur çayının ekoloji mühafizəsi ilə əlaqədar hər iki ölkədən olan mütəxəssislərin iştirakı ilə xüsusi komissiya fəaliyyət göstərəcək və çayda hidroqurşaq yaradılacaq.

Azərbaycan və Rusiya işçi qruplarının razılaşması əsasında bu gün saziş imzalanıb. Əldə olunan razılaşmanın rəsmi nəticələri ölkə başçılarına təqdim olunacaq.

 

Xəbərlər
Redaktorun seçimi