“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
18.09.2010, 18:52
367

Türkdilli dövlət başçıları Qarabağ məsələsində Azərbaycanı dəstəkləyiblər

A- A+

Sammitin yekun sənədində münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli vurğulanıb

Sentyabrın 16-da İstanbulda keçirilmiş Türkdilli ölkələrin dövlət başçılarının X zirvə toplantısının 60 maddədən ibarət yekun sənədində Azərbaycanın ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı vurğulanmışdır.

Yekun sənədinin 54-cü maddəsində deyilir: “Tərəflər Cənubi Qafqazda davamlı sabitliyin və regional əməkdaşlığın qarşısındakı əngəllərdən biri olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin və bunun yaratdığı regional qeyri-sabitliyin Azərbaycan Respublikasının suverenliyi, ərazi bötövlüyü və sərhədlərin toxunulmazlığı prinsipləri çərçivəsində, sülh yolu ilə nizama salınmasına əhəmiyyət verdiklərini ifadə etmişlər, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həllinin Avrasiya məkanında sülh, sabitlik və rifahın təmin olunması istiqamətində konkret bir irəliləyiş təşkil edəcəyinə dair inamlarını bir daha bildirmişlər”.

Dövlət başçılarının imzaladıqları sənədin 8-ci maddəsində isə tərəflər sərhədlərin zor gücü ilə dəyişdirilməsinin qəbuledilməzliyinə dair mövqelərini təkrar vurğulamışlar. Dövlət başçıları beynəlxalq birliyin sülhü və sabitliyi, dövlətlərin suverenliyini və ərazi bütövlüyünü təhdid edə biləcək təhlükələrlə mübarizəsinin gücləndirilməsinin qlobal təhlükəsizliyin təsis olunmasında həlledici bir amil olduğuna dair inamlarını qeyd etmişlər.

Dövlət başçıları türkdilli ölkələrin problemlərinin beynəlxalq təşkilatların gündəliyində daha çox yer alması üçün regional və beynəlxalq təşkilatlarda ortaq mövqe nümayiş etdirilməsinin əhəmiyyətinə diqqət yetirmiş, bu kontekstdə sözügedən təşkilatların toplantılarından əvvəl yığışaraq əlaqələrin gücləndirilməsinin faydalı olduğunu bəyan etmişlər.

Yekun sənədin 25-ci maddəsində isə enerji məsələləri önə çəkilmişdir. Dövlət başçıları Avropanın enerji təhlükəsizliyini təmin edən Xəzər hövzəsi enerji ehtiyatlarının artan əhəmiyyətini təsbit edərək, strateji Bakı-Tbilisi-Ceyhan neft boru xətti və Bakı-Tbilisi-Ərzurum təbii qaz kəmərinin qlobal enerji təhlükəsizliyinə və bölgə ölkələrinin iqtisadi inkişafına xidmət etdiyinə dair inamını dilə gətirmişlər. Bu çərçivədə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin həcminin artırılması və bu boru xəttinin Aktau limanı ilə birləşdirilməsinin önəminə diqqət yetirilmişdir.

Türkdilli ölkələrin dövlət başçıları 2012-ci ildə istifadəyə verilməsi planlaşdırılan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin bu ölkələr arasında gediş-gəlişi asanlaşdıracağını və Avrasiya regionunda ticarət həcmini artıracağını, regional inkişaf və iqtisadi əməkdaşlığı gücləndirəcəyini vurğulamışlar.

AzərTAc.

Xəbərlər
Redaktorun seçimi