Azərbaycan parlamentində İrana sərt tənqidlər ünvanlandı
Azay Quliyev: “İranın havadarlığı olmasaydı, Ermənistan indiyədək torpaqlarımızı işğalda saxlamazdı”
Fevralın 1-də, Milli Məclisin yaz sessiyasının ilk iclasında cari məsələlərin müzakirəsi zamanı deputatlar İran əleyhinə sərt fikirlər səsləndiriblər. Millət vəkili, QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev son günlər İran rəsmilərinin Azərbaycan əleyhinə açıq bəyanatlarla çıxış etdiyini xatırladıb.
O qeyd edib ki, İran rəsmiləri süni formada yaradılan hicab problemindən istifadə edərək Azərbaycanın daxili işinə qarışırlar.
A.Quliyev bildirib ki, o, əvvəlcə belə münasibətlərin ortaya çıxmasının ötəri xarakter daşıdığını, müəyyən müddət sonra ötüb keçəcəyini güman edirmiş: “Amma bir neçə gün əvvəl İranla Ermənistan arasında Azərbaycanın milli maraqlarını təhdid edən razılaşma imzalanıb. İranın neft naziri bildirib ki, artıq Ermənistanın neft və yanacaq problemi olmayacaq, çünki Təbrizdən Ermənistana neft kəməri çəkiləcək. İranın neft naziri Təbriz məsələsini xüsusi qabardır. Çünki bilir ki, bu şəhər Azərbaycan üçün həssas məsələdir. Ona görə də Milli Məclis məsələyə münasibət bildirməli və müəyyən qərarlarımız olmalıdır. İranın havadarlığı olmasaydı, indiyə qədər Ermənistan torpaqlarımızı işğalda saxlamazdı”.
* * *
Ana Vətən Partiyası sədrinin birinci müavini Zahid Oruc öz çıxışında Azərbaycan Respublikası vətəndaşlarını İrana getməməyə çağırıb, eləcə də bir müddət öncə İranın Azərbaycanla viza rejimini ləğv etməsinin arxasında başqa məqsədlərin durduğunu vurğulayıb: “2010-cu ildə İran Azərbaycan vətəndaşlarını narahat edən və təhlükə yaradan qərar qəbul etdi: Azərbaycanla viza rejimi ləğv olundu. Yəqin ki, həmin dövrdə bir çoxları bu qərarın mahiyyətini anlamırdı və arxasında hansı maraqların dayandığını bilmirdi. İran Azərbaycana “yaşıl inqilab”, din adı altında müxtəlif məsələlər ixrac etmək istəyir. Lakin mən bunları bir kənara qoyuram. Viza rejiminin ləğv olunmasının əsas səbəbi bu da deyil.
İran ölkəmizə narkotik maddə ixrac edir. Məhkəmə işlərinə baxanda məlum olur ki, bu işlərin 90 faizi İrandan gətirilən narkotik maddə üzrə cinayətlərlə bağlıdır. İran Azərbaycan gənclərini fiziki cəhətdən məhv edir. Hətta Gürcüstanla viza rejimini də orada yaşayan azərbaycanlılara görə ləğv edib”.
* * *
Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı Azərbaycan Respublikası vətəndaşlarının İranda təhsil almasının əleyhinə çıxıb və o təklif edib ki, vaxtilə İranın Qum şəhərində təhsil alan azərbaycanlıların təsnifatı aparılsın: “Cənubi Azərbaycanda yaşayan milyonlarla soydaşımızın ana dilində təhsil alması hüququnu əlindən alan, onları əzən molla rejimi Azərbaycanın milli istiqlalına qarşı təhlükə törədir. Bu rejim Azərbaycana qarşı düşmənçiliyini ortaya qoyub. Ona görə də deputatlar sayıq olmalı və İrana qarşı mübarizə aparmalıdırlar. Beynəlxalq təşkilatlardakı Azərbaycan nümayəndələri İranda yaşayan soydaşlarımızın hüquqlarının pozulmasına dair məsələ qaldırmalıdır. Vaxtilə Qumda təhsil alanlar nəzarətə götürülməlidir. Çünki onlar Azərbaycana qarşı fəaliyyət göstərirlər”.
* * *
Yeni Azərbaycan Partiyası icra katibinin müavini Mübariz Qurbanlı da son zamanlar İranda Azərbaycana qarşı fəaliyyətin gücləndiyini vurğulayıb. O, İranın “Səhər” kanalında Azərbaycan haqqında həqiqi olmayan məlumatların yayıldığını deyib: “Biz bu məsələlərə etirazımızı bildirməliyik. Milli Məclisin İranla əlaqələr üzrə işçi qrupu adından etiraz göndərməliyik”.
* * *
Yeni Azərbaycan Partiyasından olan digər deputat Məlahət İbrahimqızı Azərbaycan parlamentini İranda təzyiq və təqiblərə məruz qalan, əslən azərbaycanlı olan qadınların müdafiəsinə qalxmağa çağırıb.