“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
03.03.2010, 20:30
453

Rusiya və Fransa prezidentləri Qarabağı müzakirə etdilər

Nikola Sarkozi: «Ermənistanla Azərbaycanın bir-birini başa düşməsi üçün onlara yardım göstərəcəyik»
A- A+

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ətrafında yaranmış müəyyən fasilədən sonra sülh prosesi yenidən beynəlxalq siyasi gündəmə qayıtmaqdadır. Martın ilk günündən etibarən Qarabağ mövzusu iki əlamətdar müstəvidə diqqətə gəlib. 

Onlardan biri Rusiya prezidenti Dmitrii Medvedevin Fransa prezidenti Nikola Sarkozi ilə Parisdə keçirdiyi görüş, digəri isə Avropa Birliyinə sədrlik edən İspaniyanın xarici işlər naziri Migel Anhel Moratinosun Ermənistan və Azərbaycana səfəridir.

Martın 1-də Fransaya rəsmi səfərə gedən Rusiya prezidenti Medvedev həmkarı Sarkozi ilə beynəlxalq və regional problemləri, o cümlədən Cənubi Qafqazdakı münaqişələr və İranın nüvə problemini müzakirə edib. Görüşdən sonra keçirilən birgə mətbuat konfransında Fransa rəhbəri Ermənistanla Azərbaycan arasındakı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikir mübadiləsi etdiklərini deyib.

Sarkozi vurğulayıb ki, Fransa və Rusiya ATƏT-in Minsk Qrupu çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə sıx əməkdaşlıq etmək niyyətindədir. "Rusiya və Fransa Ermənistanla Azərbaycanın birgə işləməsi və bir-birlərini başa düşməsi üçün onlara yardım göstərməkdən ötrü birgə çalışacaqlar", - deyə Sarkozi bildirib.

Tərəflərin regiona yönəlik əsas müzakirələri isə, belə görünür ki, İran mövzusu ilə bağlı olub. Çünki bu məsələyə dair hər iki lider daha ətraflı açıqlama verib.

Rusiya prezidenti İrana qarşı sanksiyaların tətbiqinin mümkünlüyünü vurğulasa da, bunun əsaslandırılmış şəkildə və mülki əhaliyə qarşı yönəlmədən aparılmasının vacibliyini bildirib: “İran çox çətin mövzudur. Vəziyyət getdikcə çətinləşir. Yenə də deyirəm, danışıqlar müsbət nəticələnməsə, Rusiya da, digər ölkələr kimi, İrana qarşı sanksiyaların tətbiqi məsələsinə baxa bilər”. Fransa prezidenti Sarkozi isə İranla dialoqun mümkün olmayacağı təqdirdə qadağaların qaçılmaz olduğunu deyib.

Mətbuat konfransında önə çıxan və Cənubi Qafqazla qismən bağlı olan digər mövzu Fransanın Rusiyaya hərbi vertolyotlar daşıyan gəmilər satması məsələsidir. Söhbət Rusiyaya ilkin olaraq bir, sonra isə daha iki gəminin satışından gedir. Rusiya həmin gəmiləri Qara dənizdə yerləşdirmək niyyətindədir ki, bu da Gürcüstanı ciddi narahat edir. Gürcüstan prezidenti Mixail Saakaşvili Fransanın Rusiya ilə hərbi tərəfdaşlığını kəskin tənqid edib.

Qarabağ probleminə qayıdaraq qeyd edək ki, münaqişənin nizamlanması prosesi Avropa Birliyinin də diqqətindədir. Martın 1-də Cənubi Qafqaza səfərinə Yerevandan başlayan AB-nin hazırkı sədri İspaniyanın XİN rəhbəri Moratinos məsələni Ermənistan rəhbərliyi ilə müzakirə edib.

“Avropa Birliyi Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı ATƏT-in Minsk Qrupunun səylərini dəstəkləməkdə davam edəcək”, - deyə ispaniyalı nazir erməni həmkarı Edvard Nalbandyanla birgə mətbuat konfransında bildirib.

O qeyd edib ki, Minsk Qrupunun həmsədrləri danışıq aparan tərəfləri sülh prosesinə və münaqişənin nizamlanmasına dair siyasi qərar verməyə cəlb etmək istəyirlər: “Mən bu məsələni Azərbaycana səfərim zamanı da müzakirə edəcəyəm. Problemin nizamlanması üçün müsbət atmosfer formalaşdırmaq lazımdır. Avropa Birliyi Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair bütün səyləri dəstəkləyir”.

İspaniya XİN başçısı Avropa Birliyinin Türkiyə-Ermənistan yaxınlaşması prosesini də diqqətlə izlədiyini vurğulayıb. Onun sözlərinə görə, Avropa Birliyi Türkiyə və Ermənistanı Sürix protokollarını ratifikasiya etməyə çağırır: «Avropa Birliyi Ermənistan-Türkiyə prosesini dəstəkləyir. Protokolların imzalanması iki ölkə arasında münasibətlərdə mühüm tarixi dönüş nöqtəsidir. Avropa Birliyi bu prosesə cəlb olunmaq istəyir. Əgər ortada imzalanmış sənədlər varsa, bu proses davam etməli və protokollarda göstərilən məqamlar həyata keçirilməlidir”.

Erməni nazir Nalbandyan isə son dönəmdə Türkiyədə səsləndirilən bəyanatların erməni-türk münasibətlərinin normallaşdırılması prosesinə zərbə vurduğunu iddia edib və rəsmi Ankaranı protokolların təsdiqi ilə bağlı öhdəliyi yerinə yetirməyə çağırıb.

Qarabağ məsələsinə gəlincə, Ermənistanın xarici işlər naziri nizamlanma üzrə baza sənədinin - «Madrid prinsipləri»nin - razılaşdırılması yönündə səylərin davam etdiyini deyib. Onun sözlərinə görə, Ermənistan «Madrid sənədi»nin yenilənmiş variantına dair təkliflərini vasitəçilərə təqdim edib. «Mövqelər yaxınlaşana, fikir ayrılıqları aradan qaldırılana qədər bu proses davam edəcək», - deyə Nalbandyan bildirib.

Xatırladaq ki, Qarabağ nizamlanmasına dair «Madrid layihəsi» 2007-ci noyabrında məhz İspaniya XİN rəhbəri Moratinos ATƏT-ə sədrlik etdiyi vaxt tərəflərə təqdim olunmuşdu.

Son olaraq «Madrid sənədi» 2010-cu il yanvarın 25-də Azərbaycan və Ermənistan prezidentlərinin Rusiya prezidentinin vasitəçiliyi ilə Soçidə keçirilən görüşündə diqqətə alınıb. Soçi görüşündə «Madrid prinsipləri»nin qismən yenilənmiş variantı nəzərdən keçirilmiş və tərəflər ziddiyyət doğuran məqamlarla bağlı təkliflərini vasitəçilərə təqdim edəcəklərini bildirmişdilər.

Bir qədər əvvəl Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov rəsmi Bakının «Madrid prinsipləri»ni ümumən qəbul etdiyini, lakin müəyyən elementlərin qaneedici olmadığını demişdi.

Lakin Azərbaycanın «Madrid sənədi»nin yenilənmiş variantı ilə bağlı mülahizələrinin vasitəçilərə təqdim edildiyinə məlumat yoxdur. Güman ki, bu məsələyə Azərbaycan XİN rəhbərinin ispaniyalı həmkarı Moratinosla görüşündən sonra aydınlıq gələ bilər. Qeyd edək ki, İspaniya XİN başçısı dünən Bakıya gəlib. 

Martın ikinci yarısında isə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Azərbaycan və Ermənistan tərəfin yeni formul və təkliflərini almaq üçün regiona səfər edəcəkləri bildirilir.

Bu arada Rusiyanın ATƏT Minsk Qrupundakı həmsədrinin dəyişdirilməsi dəqiqləşib. Hərçənd Moskvanı Qarabağ sülh prosesində təmsil edəcək yeni diplomatın kimliyi hələ bəlli deyil. Bir qədər əvvəl Ermənistan mediası rusiyalı həmsədr Yuri Merzlyakovu hazırda Rusiyanın Rusiyanın Mozambik və Svazilend Krallığındakı (Afrika) səfiri olan İqor Popovun əvəz edəcəyi barədə xəbər yaymışdı. Lakin bu xəbər Rusiya XİN tərəfindən rəsmən təsdiqlənməyib.

«ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri Yuri Merzlyakovun əvəzlənməsi Dağlıq Qarabağ münaqişəsinin həllini ləngitməyəcək», - bu fikri isə Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin bildirib. O, səfir artıq yeni təyinat aldığını deyib: «Amma onu kimin əvəz edəcəyini deyə bilmərəm. O ki, qaldı bu əvəzləmə prosedurunun münaqişənin həllini ləngitməsinə, biz ümid edirik ki, bu, baş verməycək. Çünki, hər bir diplomat təmsil etdiyi dövlətin mövqeyini çatdırır”, - deyə Doroxin bildirib.

Vüqar Orxan, “525-ci qəzet”, 03.03.2010.

Xəbərlər
Redaktorun seçimi