“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
23.01.2012, 16:02
432

Soçidə qaz və Qarabağ müzakirə olundu

A- A+

Azərbaycan Rusiyaya qaz satışını artırır, Rusiya da Qarabağ məsələsinə dəstəyini artıracağnı vəd edir...

Azərbaycan Rusiyaya qaz satışını artırır

Yanvarın 23-də Rusiyanın Soçi şəhərində Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev və Dmitri Medvedev arasında görüş olub. Görüşdən sonra  prezidentlər İlham Əliyevin və Dmitri Medvedevin iştirakı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) və Rusiyanın “Qazprom-eksport” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) arasında təbii qazın alğı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə saziş imzalanmışdır. Sənədi ARDNŞ-in prezidenti Rövnəq Abdullayev və “Qazprom” ASC-nin idarə heyətinin sədri Aleksey Miller imzalayıblar.

* * *

Azərbaycan təbii qazının alqı-satqısı barədə ikitərəfli müqaviləyə edilən əlavəyə əsasən, 2012-ci ildə Azərbaycandan Rusiyaya satılan qazın həcmi 2 dəfə artırılaraq 3 mlrd. kubmetrə çatdırılacaq, 2013-cü ildə isə 3 mlrd. kubmetrdən artıq olacaq.

«Qazprom»un mətbuat xidmətinin açıqlamasına görə, A.Miller və R.Abdullayev iki şirkətin neft-qaz sahəsində qarşılıqlı əməkdaşlığını yüksək qiymətləndiriblər. Tərəflər qeyd ediblər ki, «Qazprom» və ARDNŞ-in əməkdaşlığının möhkəmlənməsi hər iki ölkənin strateji maraqlarına cavab verir. A.Miller bildirib ki, tərəflər karbohidrogen ixracını bundan sonra da artırmaq niyyətindədir: «Biz Azərbaycandan alınan qazın həcmini ardıcıl olaraq iki ildir ki, artırırıq. Rusiya-Azərbaycan enerji əməkdaşlığı yaxşı sürətlə inkişaf edir ki, bu da karbohidrogen ixracının bundan sonra da artırılması ilə bağlı səylərin olduğunu göstərir».

Xatırladaq ki, «Qazprom» şirkəti ilə ARDNŞ arasında Azərbaycan qazının alqı-satqısı barədə müqavilə 2009-cu il oktyabrın 14-də imzalanıb. Müqaviləyə uyğun olaraq, 2010-cu il yanvarın 1-dən etibarən «Şirvanovka» stansiyasından Azərbaycan qazının Rusiyaya nəqli başlanıb. Həmin il Rusiyaya 0,8 mlrd. kubmetr qaz ixrac edilib. Lakin 2010-cu il sentyabrın 3-də müqaviləyə əlavələr edilməsi barədə tərəflər arasında imzalanmış razılığa əsasən, Rusiyaya satılan qazın həcmi artırılıb. Qeyd edək ki, 2011-ci ildə Azərbaycandan Rusiyaya 1,5 mlrd. kubmetr qaz ixrac edilib.

APA

* * *

Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin birgə görüşü

Yanvarın 23-də Soçidə, “Grand Polyana” mehmanxanasının “Qəbullar evi”ndə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedevin və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyanın birgə görüşü olmuşdur.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələlər müzakirə edildi.

Görüşün yekunlarına dair Birgə Bəyanat qəbul olundu.

* * *

 

Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin

Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair Birgə Bəyanatı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul qəbul etmişlər.

Bəyanatda deyilir:

“Azərbaycan Respublikasının, Rusiya Federasiyasının və Ermənistan Respublikasının prezidentləri Rusiya Federasiyasının Prezidentinin dəvəti ilə 2012-ci il yanvarın 23-də Soçidə görüşmüş və Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin gedişini və perspektivlərini müzakirə etmişlər.

Üç ölkənin dövlət başçıları 2008-ci il noyabrın 2-də onların görüşündə Moskva Bəyannaməsinin qəbul edildiyi vaxtdan keçən dövr ərzində Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair böyük həcmdə iş görüldüyünü qeyd etmişlər.

Prezidentlər bəyan etmişlər ki, intensiv danışıqlar nəticəsində Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin Əsas Prinsiplərinin razılaşdırılması məsələsində irəliləyiş əldə edilmişdir.

Azərbaycan Respublikasının və Ermənistan Respublikasının prezidentləri Sülh Sazişinin hazırlanmasına keçməyin vacibliyini nəzərə alaraq indiyə qədər görülmüş iş hesaba alınmaqla Əsas Prinsiplər barədə razılaşma əldə edilməsini sürətləndirməyə hazır olduqlarını bildirmişlər.

Hər iki prezident Rusiya Federasiyasının və ATƏT-in Minsk qrupunun həmsədrləri olan digər ölkələrin vasitəçilik fəaliyyətini yüksək qiymətləndirmiş və ümid etdiklərini bildirmişlər ki, Rusiya, ABŞ və Fransa həmsədrlər olaraq, münaqişənin tənzimlənməsində bundan sonra da, regionda tam sülh və sabitlik bərqərar olana qədər fəal rol oynayacaqlar.

Azərbaycan Respublikasının, Rusiya Federasiyasının və Ermənistan Respublikasının prezidentləri 2011-ci il martın 5-də Soçidə qəbul edilmiş Birgə Bəyanatın müddəalarını inkişaf etdirərək həmsədrlərin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi ilə birlikdə işləyib hazırladıqları, atəşkəs xətti boyunca təhqiqatlar aparılması mexanizmi haqqında məruzəni nəzərə almış və bu işi davam etdirməyi tapşırmışlar.

Prezidentlər təsdiqləmişlər ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi baxımından etimadın möhkəmlənməsi tədbirlərindən biri tərəflər arasında humanitar əlaqələrin inkişaf etdirilməsidir. Bununla əlaqədar, Azərbaycan Respublikasının və Ermənistan Respublikasının prezidentləri ziyalıların, elmi və ictimai dairələrin nümayəndələri arasında dialoqun daha da möhkəmlənməsinə hazır olduqlarını bəyan etmişlər”.

Qeyd edək ki, bu, 2008-ci ildən bu yana Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin Qarabağ məsələsinə dair sayca 11-ci görüşüdür.

* * *

Xizək sürdülər, nahar etdilər

Yanvarın 23-də Azərbaycan Prezidenti İlham Əliyevin, Rusiya Prezidenti Dmitri Medvedevin və Ermənistan Prezidenti Serj Sarkisyanın Soçidə keçirilmiş birgə görüşündən sonra dövlət başçıları Dağ Xizəksürmə Mərkəzində olmuşlar.

Dövlət başçıları İlham Əliyev və Dmitri Medvedev mərkəzdə xizək sürmüşlər. Yanvarın 23-də Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan birgə nahar ediblər.

* * *

►Mövzuya dair:

Sergey Lavrov: “Prezidentlərə təmas xəttində insidentlərin araşdırılması mexanizmlərinə dair sənəd təqdim edildi”

Azərbaycan və Ermənistan liderləri atəşkəs xətti boyunca baş verən insidentlərin araşdırılması üçün vasitəçilərdən təkliflər gözləyir. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

Rusiya, Azərbaycan və Ermənistan prezidentlərini üçtərəfli görüşünü şərh edən S. Lavrov xatırladıb ki, ötən ilin martında Soçidə keçirilmiş görüşdə həm İlham Əliyev, həm də Serj Sarkisyan təmas xəttindəki insidentlərin araşdırılması mexanizmlərinin yaradılmasında maraqlı olduqlarını bildiriblər: “Minsk Qrupunun həmsədrləri insidentlərin təhqiqatının aparılması mexanizmlərinin təsvir olunduğu məruzə hazırlayıblar. Bu sənəd bu gün prezidentlərə təqdim olundu. Liderlər bu istiqamətdə işi davam etdirməyi tapşırdılar”.  

* * *

Sergey Lavrov: “Rusiya Azərbaycanla Ermənistan arasında humanitar əlaqələrin qurulmasında vasitəçilik edəcək”

Azərbaycan və Ermənistan iki ölkə arasında humanitar əlaqələrin qurulmasında vasitəçilik etmək üçün Rusiyaya müraciət ediblər. Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov jurnalistlərə açıqlamasında bildirib.

“Bakı və İrəvan bizə müraciət edib ki, belə əlaqələrin qurulmasında təşəbbüsçü olar. Rusiya həmişə bu kimi humanitar əlaqələrin qurulmasına tərəfdar çıxıb və vasitəçi rolunu oynamağa hazırdır. Hər üç ölkənin liderləri etiraf edirlər ki, bu kimi əlaqələr Ermənistanla Azərbaycan arasında etimadı bərpa etmək və möhkəmləndirməkdə mühüm rol oynayır”.

 

Hazırladı: Vüqar Orxan

www.azerbaycanli.org

 

 

Xəbərlər
Redaktorun seçimi