“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
06.10.2009, 08:54
74

Azərbaycan İrana sərt nota verib

A- A+

“İranın rəsmi mətbu orqanlarında Azərbaycan Respublikasına qarşı təhqir və böhtanların sayı öz həddini aşıb”

İran İslam Respublikasının Azərbaycandakı səfiri Məmmədbağır Bəhrami oktyabrın 6-da Xarici İşlər Nazirliyinə (XİN) dəvət olunaraq nazir müavini Vaqif Sadıqov tərəfindən qəbul edilib. 

XİN-in mətbuat xidmətindən verilən məlumata görə, görüş zamanı səfir Bəhramiyə bildirilib ki, İran İslam Respublikasının rəsmi qurumu olan Radio və Televiziya Təşkilatının və bu quruma məxsus “Səhər” televiziya kanalının müvafiq internet saytlarında 4 oktyabr 2009-cu il tarixində Azərbaycan Respublikasının daxili və xarici siyasəti ilə bağlı video çarx və məqalə yerləşdirilib.

İran diplomatının nəzərinə çatdırılıb ki, bu materiallarda Azərbaycan Respublikasının dövlət siyasəti məqsədyönlü şəkildə təhrif olunub, milli rəmzi olan dövlət bayrağı kobudcasına təhqir edilib, həmçinin Azərbaycan Respublikasının hökumət və Milli Məclisinin üzvlərinə və digər dövlət məmurlarına qarşı böhtan xarakterli ittihamlar yer alıb.

Nazir müavini V. Sadıqov bu kimi qərəzli materialların İran İslam Respublikasının rəsmi kütləvi informasiya vasitələrində yayımlanmasının Azərbaycan tərəfində ciddi narahatçılığa səbəb olduğunu vurğulayaraq, eyni xarakterli materialların İranın rəsmi mətbu orqanlarında əvvəllər də yer aldığını və bununla bağlı Azərbaycan tərəfinin dəfələrlə narahatçılığını bildirdiyini deyib. Son zamanlar isə Azərbaycan Respublikasına qarşı qərəzli veriliş və yazılarda təhqir və böhtanların sayının artaraq öz həddini aşması səfirin nəzərinə çatdırılıb.

Qeyd olunan məsələlərin iki ölkə arasındakı münasibətlərə ciddi xələl gətirə biləcəyini vurğulayan V. Sadıqov, İranın rəsmi qurumlarının yolverilməz hərəkətlərinə Azərbaycan tərəfinin qəti etirazını bildirib, bu hərəkətlərin səbəblərinin araşdırılmasına və nəticələri barədə Azərbaycan tərəfinin məlumatlandırılmasına, eləcə də bu kimi halların qarşısının alınması və təkrar olunmaması istiqamətində İran İslam Respublikasının müvafiq addımlar atacağına israrla təkid edib.

Sonra səfir M. Bəhramiyə Azərbaycan Xarici İşlər Nazirliyinin eyni mövzulu rəsmi notası verilib.

Öz növbəsində, İran İslam Respublikasının səfiri görüş və müvafiq nota barədə İran tərəfini məlumatlandıracağını deyib.

Xəbərlər
Redaktorun seçimi