“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
28.10.2009, 08:12
457

Azərbaycan-Türkiyə: bayraq davası bitdi. Keçmiş olsun!

A- A+

Türk Şəhidliyi abidəsindən oktyabrın 16-da sökülən bayraqlar yenidən ucaldılıb...

Son iki həftədə Azərbaycan-Türkiyə münasibətlərində nəzəçarpacaq soyuqluğa yol açan bayraq böhranının artıq aradan qalxdığını demək olar.

Oktyabrın 28-də Bakının Şəhidlər Xiyabanındakı Türk Şəhidliyi abidəsində Azərbaycan və Türkiyə bayraqları yenidən dalğalanmağa başlayıb.

Xatırladaq ki, oktyabrın 14-də Bursa şəhərindəki Türkiyə-Ermənistan futbol matçında Azərbaycan bayrağının yasaqlanması, azarkeşlərdən müsadirə olunan bayraqların xüsusi qutulara doldurulması ilə başlanan böhran oktyabrın 16-da Bakıdakı Şəhidlər Xiyabanında 1918-ci ildə Azərbaycanın istiqlalı uğrunda həlak olmuş türk şəhidlərinin xatirəsinə ucaldılmış abidədən Türkiyə bayraqlarının sökülməsi ilə dərinləşmişdi. Abidədəki Azərbaycan bayraqları da yığışdırılmışdı.

Bunun ardınca rəsmi Ankara bayraqların Türk Şəhidliyinə qaytarılmasını istəsə də, Bakı rəsmiləri bayraqların yığışdırılmasının müvafiq qanunvericiliyə əsasən həyata keçirildiyini bəyan etdi.

“Azərbaycan Respublikasında xarici dövlətlərin və beynəlxalq təşkilatların bayraqlarının istifadəsi qaydaları haqqında” qanuna əsasən, Azərbaycanda xarici dövlətlərin və beynəlxalq təşkilatların bayraqları xüsusi yerlərdə - xarici diplomatik nümayəndəliklərin binaları üzərində, xarici nümayəndəliklərin rəhbərlərinin iqamətgahları üzərində, xarici diplomatik nümayəndəliklərin rəhbərlərinin iş otaqlarında və s. – dalğalana bilər.

Sözügedən qanun 2008-ci il aprelin 25-də prezident İlham Əliyev tərəfindən imzalanaraq qüvvəyə minib. Prezidentin 2008-ci il 7 may tarixli fərmanı ilə qanunun icrasına nəzarəti həyata keçirmək səlahiyyəti Daxili İşlər Nazirliyi və yerli icra hakimiyyəti orqanlarına tapşırılıb.

Odur ki, qanunun Türkiyə bayraqlarına münasibətdə məhz indi icra olunması bu icraatın arxasında siyasi məqamların, daha doğrusu, yuxarıda qeyd olunan soyuqluğun dayandığını göstərirdi.

Nəhayət, iki ölkə arasında bayraq krizi oktyabrın 22-də Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun Bakıya səfəri və Azərbaycan rəhbərliyi ilə danışıqlarından sonra ümumən çözüldü.

Türkiyə XİN rəhbəri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla birlikdə Şəhidlər Xiyabanını, Türk Şəhidliyini ziyarət edərək mətbuata bayraq böhranının aradan qalxması üçün hər iki tərəfdən addımlar atılacağını bəyan etdilər.

Oktyabrın 24-də Türkiyədə Azərbaycan bayrağına hörmətsizlik edən polislər vəzifələrindən azad olunduğu xəbər verildi. Bu barədə məlumat verən Bursa valisi Şahabettin Harput hadisə ilə bağlı aparılan araşdırma başa çatdığını bildirdi. Vali qeyd edib ki, hadisəninn araşdırılması zamanı 10 ölkə miqyasında yayımlanan, 3 yerli televizyasının və polisin özünün apardığı çəkilişlərə baxılıb.

Nəticədə Azərbaycan bayraqlarının azərkeşlərdən alınaraq əvvəlcədən hazırlanmış qutulara doldurulması zamanı işdə nöqsanlara yol verdiyinə görə, 1 polis komandiri, iki sıravi polis nəfəri vəzifəsindən azad edilib. Vali onu da qeyd edib ki, araşdırmaların nəticələri, həmçinin video çəkilişlər Bursa Polis İdarəsi tərəfindən yerli prokurorluq orqanlarına göndərilib. Hazırda araşdırmalar prokurorluqda davam etdirilir.

Bunun ardınca isə oktyabrın 27-si gecə saatlarında Bakıdakı Türk Şəhidliyində abidədə Azərbaycan və Türkiyə bayraqları yenidən əvvəlki yerinə qaytarılıb. Oktyabrın 16-də (yeri gəlmişkən, məhz gecə ikən sökülən bayraq dirəkləri yenidən qurulub. İndi əvvəlki kimi burda 5 ədəd Azərbaycan, 5 ədəd Türkiyə bayrağı dalğalanır.

Xatırladaq ki, 1918-ci ildə Bakının azad olunması uğrunda gedən döyüşlərdə şəhid olmuş türk əsgərlərinin şərəfinə abidə 1999-cu ilə qoyulmuş, onun rəsmi açılışı 2000-ci il aprelin 9-da keçirilmişdi. Mərasimdə prezidentlər Azərbaycan və Türkiyə prezidentləri Heydər Əliyev və Süleyman Dəmirəl iştirak etmişdilər.

 * * *

Prezident Heydər Əliyev 2000-ci il aprelin 10-da Türkiyə nümayəndə heyəti ilə görüşdə bu abidənin açılışı ilə bağlı demişdi:

“Dünən biz burada 1918-ci ildə şəhid olmuş türk əsgərlərinin abidəsini açdıq. O abidəni də çoxdan yaratmışdıq. Bilirəm, Türkiyədə belə bir istək var idi. Ancaq bu, indiyə qədər yerinə yetirilməmişdi.

Mən isə bu barədə qərar qəbul etdim. Mən ən gözəl ərazidə yer verdim. Onlar keçmişdə elə orada torpağa veriliblər. Ona görə bu yeri ayırdım. Belə bir gözəl abidə yarandı. Amma bu abidə 1999-cü ilin əvvəlində yaranıbdır. Mən dedim ki, ancaq Süleyman Dəmirəl bura gələndə onunla birlikdə açacağıq. Keçən dəfə gələndə onun vaxtı, fürsəti olmadı. Başqa işləri var idi. Mən ona dedim. Dedi ki, gələn dəfə açarıq.

Ona görə də bu dəfə abidəni bir yerdə açdıq. Bu da böyük bir hadisədir. Yəni bu, Azərbaycan-Türkiyə əlaqələrinin qədimliyini göstərir və Türkiyənin vaxtilə Azərbaycanı erməni qırğınından xilas etməsini xatırladır.

Ümumiyyətlə, 1918-ci ildə Azərbaycanı dağıdırdılar, parçalayırdılar. Əgər bu olmasaydı, Azərbaycan ayaq üstə durmasaydı, bəlkə də bu gün Azərbaycan yox idi. Başa düşürsünüz, o vaxtlar Azərbaycanı dağıtmaq istəyirdilər".

Bax:

http://library.aliyev-heritage.org/az/2536921.html

* * *   

Mövzuya dair:

Türkiyənin “Akşam” qəzeti: bayraqlar rəsmi Ankaranın xəbərdarlıq mesajından sonra qaytarılıb

Türkiyənin “Akşam” qəzeti 28 oktyabr tarixli sayında Bakıdakı Türk Şəhidliyinə bayraqların rəsmi Ankaranın xəbərdarlıq mesajından sonra qaytarıldığını yazıb.

“Media forum” saytının məlumatına görə, qəzet bildirib ki, Türkiyə Xarici İşlər Nazirliyi Türkiyənin 29 Oktyabr Cümhuriyyət Gününə qədər bayraqların yerinə asılması ilə bağlı Bakıya mesaj göndərib. Mesajda bayraqlar yerinə asılmayacağı təqdirdə böhranın daha da dərinləşəcəyi vurğulanıb.

Bayraqlar yerinə qaytarılmazdan əvvəl “Akşam” qəzetinə açıqlama verən Türkiyənin Bakıdakı səfiri Hulusi Kılıç Azərbaycan rəsmiləri ilə danışıqların davam etdiyini və bayraqların yerinə asılacağını gözlədiklərini demişdi.

Xəbərlər
Redaktorun seçimi