“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
04.11.2009, 07:58
450

Ermənistan Türkiyəni şantaj edir

A- A+

Edvard Nalbandyan: «Türkiyə protokolların təsdiqini ləngidərsə, mənfi nəticələrə görə məsuliyyəti üzərinə götürməlidir»

Ermənistanla Türkiyə arasında diplomatik əlaqələrin qurulması və münasibətlərin inkişaf etdirilməsi barədə oktyabrın 10-da Sürixdə (İsveçrə) imzalanmış protokolların Türkiyə parlamentində təsdiqinin qeyri-müəyyən vaxta qalması erməni tərəfi narazı salıb. 

Rəsmi Yerevan Türkiyə rəsmilərinin protokolların təsdiqinin Qarabağ münaqişəsinin həllində irəliləyişə bağlı olması barədə bəyanatlarını etirazla qarşılayıb.

Xatırladaq ki, bu mövzuda Türkiyənin prezidenti, baş naziri, eləcə də ötən həftə Bakıda səfərdə olmuş Türkiyənin xarici işlər naziri və millət vəkilləri dəfələrlə bəyanat veriblər.

Son olaraq Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan oktyabrın 30-da ölkə əhalisinə ənənəvi (aylıq) televiziya müraciətində təkrar bu məsələyə toxunub. «Türkiyə Dağlıq Qarabağ münaqişəsinin dialoq yolu ilə həllini istəyir. Biz prosesin əvvəlindən Azərbaycanın maraqlarını öz marağımız saymışıq, onu bütün zəminlərdə həssasiyyətlə müdafiə etmişik. Bizim Azərbaycan xalqının maraqlarına xələl gətirəcək bir prosesin içində olmağımız, belə bir şeyə izn verməyimiz mümkün deyil», - deyə Ərdoğan bildirib.

Türkiyə rəsmilərinin bu bəyanatları Ermənistanda etiraz çıxışları doğurub. Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Ankara-Yerevan dialoqunun Qarabağ məsələsinə bağlanmasını yolverilməz adlandırıb. Onun sözlərinə görə, Ermənistan-Türkiyə qurulması üçün erməni tərəfin Qarabağ məsələsində güzəştə getməsinin vacibliyi barədə səslənən bəyanatlar qəbuledilməzdir.

«Reuters» agentliyinə müsahibəsində Nalbandyan vurğulayıb ki, Türkiyə ilə Ermənistan arasında danışıqlar başa çatıb və tərəflərin hər biri imzalanmış protokollara müvafiq olaraq diplomatik münasibətlərin tezliklə qurulması və sərhədlərin açılması ilə bağlı üzərinə öhdəliklər götürüblər.

«Əgər biz bu protokolları təsdiqləməyə və yerinə yetirməyə hazırlaşmırıqsa, onda onları niyə imzalamışıq. Mən hesab edirəm ki, beynəlxalq birlik protokolların və əldə olunmuş razılaşmaların tezliklə təsdiqini və yerinə yetirilməsini gözləyir», - deyə Nalbandyan bildirib.

Ermənistan XİN başçısının sözlərinə görə, əgər tərəflərdən biri protokolların təsdiqi və yerinə yetirilməsini ləngidərsə, yaxud buna əngəllər yaradarsa, onda bunun doğuracağı mənfi nəticələrə görə də məsuliyyəti üzərinə götürməlidir.

Nalbandyan bir daha vurğulayıb ki, Ermənistan-Türkiyə yaxınlaşması və Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar «iki ayrı prosesdir». «Təkcə Ermənistanın deyil, beynəlxalq birliyin də məsələyə yanaşması bundan ibarətdir», - deyə o əlavə edib.

Qarabağ məsələsinə gəldikdə isə, Nalbandyanın fikrincə, nizamlama prosesində «müsbət dinamika» müahidə olunmaqdadır: «Lakin sabah, bir ay sonra, yaxud qısa müddət ərzində razılıq əldə edə biləcəyimizi söyləmək qeyri-ciddi olardı».

Bu arada Ermənistan-Türkiyə yaxınlaşmasının geosiyasi sponsorları olan beynəlxalq güc mərkəzləri də prosesin ləngiməsindən narahatlıq ifadə edirlər. Ötən həftə ABŞ rəsmilərindən müvafiq açıqlamalar gəlmişdi. Digər bir sponsor tərəfin - Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi təmsilçisi Piter Semnebi isə ötən həftə Moskvada bu mövzuda Rusiya rəsmiləri ilə müzakirələr aparıb.

Semnebi Rusiyanın «Vremya novostey» qəzetinə müsahibəsində vurğulayıb ki, Ermənistanla Türkiyə arasında indiyədək olan vəziyyət əbədi olaraq davam edə bilməz. O qeyd edib ki, yaranmış vəziyyətdə bütün tərəflərin perspektivdə münasibətləri normallaşdırılması, sərhədlərin açılması və s. addımlara uyğunlaşması lazımdır.

Avropa Birliyi rəsmisinin sözlərinə görə, 2008-ci ildə Gürcüstanda baş verən müharibə regiondakı ərazi münaqişələrinin davam etməsinin necə böyük risklər daşıdığını göstərib: «Bu hadisə Ermənistan-Türkiyə münasibətlərinə də müəyyən dinamizm verdi».

AB təmsilçisinə görə, Rusiya da bu münasibətlərin inkişfında, Qafqazda pozitiv dəyişikliklərdə maraqlıdır: «Hazırda Rusiya Ermənistan infrastrukturuna sərmayələr qoyur, orada dəmir yolları inşa edir. Bu sərmayələr isə o zaman öüzünü doğruldacaq ki, bölgədəki sərhədlər açılmış olsun».

Semnebinin sözlərinə görə, Türkiyə-Ermənistan münasibətlərini normallaşdırmağı nəzərdə tutan protokolların ratifikasiya olunacağına 100 faiz zəmanət vermək olmaz. «Amma əminəm ki, bu, gerçəkləşəcək”, - deyə o bildirib.

Semnebi vurğulayıb ki, protokolların ratifikasiyası hər iki ölkənin maraqlarına cavab verir: “Bu, Ermənistan üçün həyati əhəmiyyətli məsələdir. Bu, Türkiyənin də maraqlarına cavab verir, bu addım Türkiyənin qonşu dövlətlərə yönəlik yeni siyasətinin ilk nümunələrindən biridir. Əlbəttə, Türkiyə üçün Azərbaycanın maraqlarını nəzərə almaq, azərbaycanlıların bu məsələyə necə reaksiya verəcəyini dinləmək də çox vacibdir. Türkiyə-Ermənistan münasibətlərinin normallaşması yeni imkanlar açacaq, bu addım regionda təhlükəsizlik probleminə müsbət təsir göstərəcək”.

Hər iki ölkə rəhbərlərinin ictimaiyyəti atılacaq addımların zəruriliyinə inandıra biləcəyi ilə bağlı sualı cavablandıran Semnebi qeyd edib ki, erməni tərəfdə protokollara qarşı əsas narazılıq Ermənistan vətəndaşlarından deyil, erməni diasporundan qaynaqlanır: “Buna görə də Ermənistan rəhbərliyi birincilərin marağını nəzərə alaraq ikinciləri razı salmalıdır. Mən Ermənistan daxilində ictimai partlayış olacağını gözləmirəm. Lakin bu, Ermənistan rəhbərliyi üçün ciddi problemdir, çünki Ermənistan üçün mühüm rola malik olan diasporun protokollara münasibəti birmənalı deyil”.

Bununla yanaşı, Semnebi Türkiyə-Ermənistan münasibətlərinin normallaşması ilə Qarabağ münaqişəsini birbaşa əlaqələndirməyin düzgün olmadını deyib: «Bunlar iki fərqli münaqişələrdir və onları bir-biri ilə əlaqələndirmək lazım deyil. Əks təqdirdə münasibətlərin normallaşması üçün açılan qapılar yenidən bağlana bilər. Bununla belə, aydın görünür ki, bu münaqişələrdən birində nəzərə çarpan gərginlik dərhal ümumi atmosferə təsir göstərir. Elə etmək lazımdır ki, bu proseslər bir-birinə müsbət təsir göstərsin”.

Semnebinin sözlərinə görə, Ermənistan rəhbərliyi də Dağlıq Qarabağdakı hazırkı vəziyyətin əbədi olaraq davam etməyəcəyini başa düşməlidir: «Biz əminik ki, Ermənistan-Türkiyə münasibətlərinin normallaşması Dağlıq Qarabağ münaqişəsinin həlli üçün də yeni imkanlar açır. Bu, pozitiv dinamika yaradır. Mən əminəm ki, Ermənistan rəhbərliyi Dağlıq Qarabağda mövcud status-kvonun ömürlük davam etməsinin mümkün olmadığını dərk edəcək”.

Qarabağ sülh prosesinə beynəlxalq vasitəçiliyi üzərinə götürmüş ATƏT-ə sədrliyi həyata keçirən Yunanıstanın yeni baş naziri Georgios Papandreu isə Azərbaycan-Ermənistan danışıqlarının intensivləşməsinin müsbət impuls olduğunu vurğulayıb.

Vyanada ATƏT-in Daimi Şurasında çıxış edən Yunanıstan baş naziri vurğulayıb ki, onun ölkəsi ATƏT-in sədri kimi Minsk Qrupu həmsədrlərinə Cənubi Qafqazda sülhə çatmaq məsələsində yardım etməyə hazırdır. «Mən qarşılıqlı kompromislər əsasında Qarabağ münaqişəsinin nizamlanmasına çatmaq üçün həmsədrlərə, eləcə də şəxsi nümayəndə Ancey Kaspşikin göstərdikləri səylər üçün minnətdarlığımı bildirirəm», - deyə Papandreu bildirib.

O həmçinin qeyd edib ki, münaqişələr regionun inkişafına mane olur və potensial gərginlik qaynağına çevrilir: ”Biz bunları arxa plana keçirə bilmərik və Gürcüstanda ötən ilin avqust müharibəsi göstərdi ki, bu baxış düzgündür. Regionda yaşayan insanlar münaqişələrdən zərər çəkirlər. Onlara sülh və firəvan həyat lazımdır, status-kvo yox».

Vüqar Orxan, «525-ci qəzet», 03.11.2009.

Xəbərlər
Redaktorun seçimi