“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
29.10.2010, 18:45
350

Prezidentlərin birgə bəyanatı əsirlərin dəyişdirilməsini nəzərdə tutur

A- A+

Hazırda Azərbaycan tərəfdə 11 erməni, ermənilərdə isə üç azərbaycanlı əsir var

Xəbər verildiyi kimi, Azərbaycan, Ermənistan və Rusiya prezidentləri İlham Əliyev, Serj Sərkisyan və Dmitri Medvedevin oktyabrın 27-də Rusiyanın Həştərxan şəhərində görüşüblər.

Rusiya prezidentinin təşəbbüsü ilə keçiriləın görüşdə dövlət başçıları Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin gedişini müzakirə edərək sonra  birgə bəyanat imzalayıblar.

Bəyanat mətnini AzərTAc oktyabrın 28-də yayıb.

Həmin bəyanatı təqdim edirik.

  

* * *

Azərbaycan Respublikasının, Ermənistan Respublikasının və
Rusiya Federasiyasının prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin
tənzimlənməsinə dair 2010-cu il 27 oktyabr tarixli
birgə bəyanatı

2010-cu il oktyabrın 27-də Rusiya Federasiyası Prezidentinin dəvəti ilə Azərbaycan Respublikasının, Ermənistan Respublikasının və Rusiya Federasiyasının prezidentləri Həştərxanda görüşmüş və Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin gedişini və perspektivlərini hərtərəfli müzakirə etmişlər.

Prezidentlər 2008-ci il noyabrın 2-də Moskvada imzalanmış birgə bəyannamənin müddəalarını təsdiqləyərək vurğulamışlar ki, münaqişənin siyasi-diplomatik vasitələrlə tənzimlənməsi atəşkəs rejiminin və hərbi sahədə etimad tədbirlərinin möhkəmlənməsi üçün səylərin davam etdirilməsini tələb edir.

Bu məqsədlə Azərbaycan Respublikasının və Ermənistan Respublikasının prezidentləri birinci addım kimi ATƏT-in Minsk qrupunun həmsədrlərinin və Beynəlxalq Qızıl Xaç Komitəsinin dəstəyi ilə hərbi əsirlərin dərhal dəyişdirilməsi və həlak olanların cəsədlərinin qaytarılması, eləcə də bu cür məsələlərin müstəsna humanitar xarakterini nəzərə alaraq gələcəkdə bu yanaşmaları rəhbər tutmaq barədə razılığa gəldilər.

* * *

Azərbaycanda 11 əsir, 1 meyit, ermənilərdə 3 əsir, 2 meyit var
 

Oktyabrın 27-si Rusiya prezidenti Dmitri Medvedyevin vasitəçiliyi ilə Həştərxanda keçirilən görüşdə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sərkisyan hərbi əsirlərin dəyişdirilməsini, həlak olanların meyitlərinin qaytarılmasını nəzərdə tutan birgə bəyanat qəbul ediblər. Prosesin ATƏT-in Minsk qrupu həmsədrlərinin və Beynəlxalq Qızıl Xaç Komitəsinin iştirakı ilə reallaşdırılması nəzərdə tutulub.

Hazırda Azərbaycanın ermənilərdə 2 hərbi, 1 mülki əsiri və 2 meyiti var. Hərbi əsirlər əsgər Anar Hacıyev və kiçik çavuş Roman Hüseynov, mülki əsir Tovuz rayonunun Əlibəyli kənd sakini Eldar Tağıyevdir. İndiyədək meyitləri qaytarılmayan azərbaycanlı hərbçilər isə iyunun 18-də şəhid olan Mübariz İbrahimov və sentyabrın 4-də şəhid olan Fərid Əhmədovdur.

Azərbaycanda 6 erməni hərbi əsiri var: Qrant Markosyan, Alik Tevosyan, Artur Sərkisyan, Ohan Arutunyan, Gevork Tovmasyan, Karen Arutunyan. Yeğişe, Ruzanna, Alfred, Qayane və Petros Gevorkyanlardan ibarət 5 nəfərlik erməni ailəsi bu ilin əvvəlində Ermənistandan qaçaraq Azərbaycan tərəfə keçib. Sentyabrın 11-də cəbhə xəttini keçərkən tutulan, oktyabrın 5-də intihar edən erməni kəşfiyyatçısı Manvel Sarıbekyanın meyiti də Azərbaycandadır.

27 oktyabr bəyanatında hərbi əsirlərin dəyişdirilməsi, həlak olanların meyitlərinin qaytarılması prosesinin ATƏT-in Minsk qrupu həmsədrlərinin və Beynəlxalq Qızıl Xaç Komitəsinin iştirakı ilə reallaşdırılmasının nəzərdə tutulduğu bildirilir.

Oktyabrın 28-də “Media forum” saytı Beynəlxalq Qızıl Xaç Komitəsinin Bakı ofisinə müraciət edib. Ofisin şöbə müdiri İlahə Hüseynova sayta bildirib ki, beynəlxalq humanitar hüquqa əsasən, heç kim məcburən öz ölkəsinə qaytarıla bilməz: “Hər iki ölkədə olan şəxslərin öz ölkələrinə qaytarılması üçün həmin şəxslər arzusunu bildirməlidir. Həmin şəxslərin öz ölkələrinə onların istəyinə zidd olaraq qaytarılması beynəlxalq humanitar hüquqa ziddir”.

“Media forum” Azərbaycanın Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyasının işçi qrupunun sədr müavini Eldar Səmədovun da fikrini öyrənib. O bildirib ki, erməni əsir və girovlar Ermənistana qayıtmaq istəməsələr, məsələ beynəlxalq konvensiyalar çərçivəsində həll olunacaq: “Çıxış yolu kimi onlara sahiblənəcək üçüncü ölkə tapılmalıdır. İnsanlar qayıtmaq istəmirlərsə, onları qaytarmaq beynəlxalq hüquqa ziddir”.

 

 

 

Xəbərlər
Redaktorun seçimi