“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
27.07.2009, 10:45
457

Cozef Bayden: “İqtisadi çətinlik Rusiyanın postsovet məkanına təsirini azaldacaq”

A- A+

ABŞ vitse-prezidenti Rusiya ilə əməkdaşlığın davam etdəcəyini, lakin Amerikanın Rusiyaya "kiçik tərəfdaş" kimi baxacağını deyib

ABŞ-ın vitse-prezidenti Cozef Bayden “The Wall Street” qəzetinə müsahibəsində Rusiya ilə bağlı gözlənilməz açıqlamalar verib. 
APA-nın xəbərinə görə, C. Bayden bildirib ki, artan iqtisadi çətinliklər Moskvanı əvvəlki geosiyasi rolunun zəifləməsi ilə barışmağa məcbur edəcək və bu da Rusiyanın postsovet məkanına təsirinin azalmasına və nüvə arsenalının ciddi şəkildə ixtisarına gətirib çıxaracaq: “Onların əhalisi azalır, iqtisadiyyatları zəifləyir və bank sektorları qarşıdakı 15 il ərzində çətin ki, davam gətirə bilsin. Dünya dəyişir və irəli gedir, onlar isə keçmişdə qalmış və qüvvəsini itirmiş nələrdənsə yapışmağa çalışırlar”. 


Baydenin fikrincə, Rusiyanın nüvə silahlarının ixtisarı mövzusunda ABŞ-la danışıqlara başlamasının səbəbi bu ölkənin öz nüvə potensialını saxlamaqda çətinlik çəkməsidir. O, Obama hökumətinin Rusiya ilə əməkdaşlığı davam etdirəcəyini, lakin bu əməkdaşlıqda “zəifləyən Rusiyanın böyük tərəfdaşı” rolunu qoruyacaqlarını deyib. 

Baydenin müsahibəsi Moskvada anlaşılmazlığa səbəb olub. Rusiya prezidentinin köməkçisi Sergey Prixodko bu bəyanatların prezident Obamanın Moskvaya son səfərinin yekunları ilə ziddiyyət təşkil etdiyini söyləyib: “Sual yaranır ki, ABŞ-ın xarici siyasətini kim müəyyən edir – prezident, yoxsa onun komandasının üzvləri?” S. Prixodko xatırladıb ki, təkcə Rusiyada deyil, bir çox ölkədə iqtisadi çətinliklər məhz ABŞ-ın iqtisadi institutlarının düşüncəsiz, bəzən isə avantürist fəaliyyətindən qaynaqlanıb.

Vitse-prezidentin müsahibəsi ilə bağlı Ağ Ev də açıqlama verərək vəziyyəti düzəltməyə çalışıb. Ağ Evin rəsmi nümayəndəsi Tomas Gibbs xatırladıb ki, prezident Obama Moskvada olarkən Rusiyanı güclü, inkişaf etmiş və əmin-amanlığın hökm sürdüyü dövlət kimi görmək istədiyini bəyan edib: “Prezident və vitse-prezident inanırlar ki, Rusiya zəifliyindən deyil, öz milli maraqlarından çıxış edərək bizimlə əməkdaşlıq edəcək”.

Xəbərlər
Redaktorun seçimi