“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
01.08.2017, 19:47
3314

Redaktorluq missiyası

A- A+

Rusdilli mətbuatımızın tanınmış nümayəndəsi Xanlar Məmmədovun 60 illik yubileyinə söz önü...

⇔ ⇔ ⇔ 

Altmışa çatırıq... Günləri, ayları, illəri geridə qoyub gəlirik...

Zaman necə keçdi, yaş hara gəlib yetişdi?.. Deyəsən, heç fərqində deyilik...

Birinci o, çatdı altmışa...  Son illərdə birlikdə daha çox vaxt keçirdiyimiz dostlar arasında... Bilmirəm, bəlkə bunda bir hikmət də var. Əslində, heç yaşa baxmadan biz onu ağsaqqal sayır, onun rəyi ilə hesablaşır, onunla məsləhətləşirik...   

Xanlar Məmmədovu deyirəm... Azərbaycanın rusdilli mətbuatında öz yeri və xidmətləri olan tanınmış jurnalist-redaktor...

İndi “bərkgedən” bir çox jurnalistin bu təqdimata bəlkə də təəccüblənəcəyini düşünürəm. Təbii ki, tanımadıqları üçün... Amma əvəzində xeyli təcrübəli həmkarımın Xanların adını xoş duyğularla, böyük məmnunluqla xatırlayacağına,  onun haqqında istənilən qədər xoş söz söyləyəcəyinə də əminəm...

O, sovet dövrünün ən populyar mətbu nəşrlərində çalışıb, ötən əsrin səksəninci illərinin sonunda milli azadlıq hərəkatının güclənməsinə böyük təsir göstərmiş “Molodyoj Azerbaydjana” qəzetinin rəhbərlərindən olub. Müstəqillik illərində isə öz zəngin təcrübəsini “Panorama”, “Naş vek” kimi populyar mətbu nəşrlərin simasının müəyyənləşdirilməsinə və ictimai nüfuz qazanmasına yönəldib...

Azərbaycanın bugünkü rusdilli jurnalistikasının orta nəsli Xanların redaktorluq qabiliyyətinə yaxşı bələddir. O, redaksiya işini düzgün qurmaq, yaradıcı kollektivi qarşıya qoyulmuş məqsədlərə səfərbər etmək, hər bir jurnalistin potensialını və imkanlarını dəyərləndirmək kimi redaktor məziyyətləri ilə yanaşı, yüksək ziyalılığı və erudisiyası ilə də həmişə seçilib.

Xanlar Məmmədov Gədəbəydə doğulub. Gədəbəyin Slavyanka kəndində. Etnik rusların, daha doğrusu, molokanların yaşadığı kənddə. Orta məktəbə də o kənddə gedib. Sonradan orta təhsilini Gəncədə davam etdirib. Sonra Bakı həyatı...

...Bu günlərdə bir məclisdə uzaqdan xoş avazla oxunan mahnının sədalarını eşitdik:  “Anadır arzulara hər zaman Qarabağ...”

Xanlar bu sözlərə diqqət kəsilib,  gözlərini göyə zillədi, “dayan, dayan”, - dedi, - “mən bu mahnını Slavyankada zümzümə edirdim...”

Və mən təsəvvür eləməyə çalışdım. Slavyanka, rus-molokan kəndi... və Qarabağ mahnısı...

Bu bir Qarabağ sevgisinin təsdiqi deyildi. Və mən də o ağılnan bu ştrixi qabartmıram. Sadəcə, sazın-sözün tüğyan elədiyi Gədəbəyin bir rus kəndində rus dilində təhsil alan azərbaycanlı yeniyetmənin məhz niyə “Qarabağ” mahnısı zümzümə elədiyinə təəccüblənirəm. Və təəccübüm tez də keçir. Azərbaycanda doğulan hər bir körpənin qəlbinə bizim mahnılardan bir cığır gedib çıxır... Gədəbəydə doğulsun, Şəmkirdə, ya Astarada... fərq eləməz. Rus, yaxud ingilis dilində təhsil alsın, dəxli yoxdur. Ətrafdakı dağlar, meşələr, axar sular ona Azərbaycan melodiyalarını diktə edir. Bütün bunlar isə “Azərbaycanlı” deyilən şəxsiyyəti formalaşdırır. Xanlar Məmmədov məhz belə şəxsiyyətlərdəndir.

Gədəbəydən Gəncəyə, ordan da Bakıya təhsil dalınca gəlib. Və tale onu indiki Bakı Dövlət Universitetinin filologiya fakültəsinə yönəldib. Ali təhsilini başa vurandan sonra isə o dövrün nüfuzlu “Bakı” və “Baku” qəzetlərində işləməyə başlayıb. Bununla da taleyini jurnalistikaya bağlayıb. Sonralar “Molodyoj Azerbaydjana” qəzetində məsul katib, baş redaktorun müavini olub.

İndi məsul katiblik heç nə sayılır... Amma sovet dövründə qəzetin siması məsul katibdən, onun zövqündən asılı idi. Daha doğrusu, qəzetin simasını məsul katibin intellekti, dünyaya baxışı müəyyən edirdi. Bax, onda Xanlar Məmmədov özündən asılı olan hər şeyi edib ki, “Molodyojka”nın öz üzü, öz sifəti, öz siması olsun. Və olub! O sifət o vaxtın oxucularının hələ də yadındadır...

Xüsusən, 80-ci illərin sonunun “Molodyojka”sı... Azadlıq hərəkatının əsas tribunalarından biri. Nəcəf  Nəcəfovun “Molodyojka”sı. Həm də Xanlar Məmmədovun “Molodyojka”sı.

“Molodyojka”dan söz düşmüşkən, mən tələbə olanda, səksəninci illərin əvvəllərində “Azərbaycan gəncləri” və “Molodyoj Azerbaydjana” qəzetlərinin redaksiyası eyni mərtəbədə yerləşirdi. “Azərbaycan” nəşriyyatının səkkizinci mərtəbəsində. Mənim də günüm əsasən “Gənclər” qəzetində, o mərtəbədə keçirdi. O vaxtın “Molodyojka”sının erməni, yəhudi, rus... və azərbaycanlılardan ibarət qəribə milli kontingenti var idi. Və belə bir mühitdə Xanlar Məmmədov daha aydın seçilirdi, görünürdü, tanınırdı. Təkcə ona görə yox ki, ucaboylu, qəddi-qamətli idi. Xanlar bu qeyri-milli mühitdə milliliyi ilə seçilirdi. Və təsadüfi deyil ki, təpədən dırnağa milli olan “Gənclər” qəzetinin əməkdaşı, şair Şahmar Əkbərzadə hər hansı məsələni dəqiqləşdirmək üçün “Molodyojka” tərəfə keçəndə birinci Xanların qapısını açır, necə deyərlər, dərdini ona deyirdi...   

Sonralar Xanlar Məmmədov “Panorama” qəzetində baş redaktorun müavini oldu. Digər müavin isə rəhmətlik Adil Qaçayoğlu idi. Bir otaqda əyləşirdilər, səhərdən axşama kimi redaktə ilə məşğul olurdular. Xanlar rus dilində, Adil Azərbaycan dilində... Və hər ikisinin sözü-söhbəti, bütün fəaliyyəti qəzetin normal dildə və səliqə-sahmanla çıxmasına yönəlmişdi. Müasir jurnalistikanın problemləri, cavanların yazıya, ümumiyyətlə, jurnalistikaya qeyri-ciddi münasibəti daimi müzakirə mövzuları idi. Amma Adil arada Xanların redaktorluq keyfiyyətləri ilə yanaşı, əsl dost, həmkar keyfiyyətləri barədə elə səmimiyyətlə danışırdı ki, o vaxtdan aramızda redaktor-əməkdaş münasibətləri sadələşmişdi. Və lazım gələndə, yeri düşəndə qeyri-rəsmi görüş və söhbətlərdə, bir süfrə arxasında əyləşəndə bütün rəsmiyyətlər asanlıqla arxa plana keçirdi və...

Aradan bir müddət də keçdi və tale yenə hər ikimizi bir holdinqdə - “Media-Holdinq” şirkətində görüşdürdü. Xanları “Naş vek” qəzetinə redaktor təyin etdilər, mən “Bizim əsr” qəzetində işləməyə başladım. Bax, onda Xanların yeni insani keyfiyyətlərini kəşf elədim, onun redaktorluğu barədə dəfələrlə rəhbərliyin xoş təəssüratını eşitməli oldum və anladım ki, yaxşı redaktor olmaq üçün təkcə filoloji biliklər, zəngin təcrübə kifayət deyil. Yaxşı redaktor olmaq üçün həm də yaxşı insan olmaq vacibdir.

Xanlar Məmmədovun redaktorluq etdiyi “Naş vek”in də öz siması, öz sifəti var idi. Bu qəzet əsasən sosial problemləri qabardır, insanları düşündürən məsələlərə xüsusi diqqət ayırırdı. Qəzetin az qala hər nömrəsində hansısa problem, cəmiyyəti narahat edən hansısa çətinlik barədə araşdırma yazıları verilirdi. Əksər qəzetlərin sırf siyasət mövzusuna köhləndiyi dövrdə belə bir qəzetin nəşri vacib və maraqlı idi. Təbii ki, qəzetin mövzu spektrini də, siyasətini də redaktor müəyyən edir və sosial yönümlü bu xəttə daim əməl olunurdu. Bu gün belə bir qəzet varmı? Yoxdur. Çünki Xanlar Məmmədov kimi redaktorlar iş başında deyil...

Xanlar Məmmədov təpədən-dırnağa REDAKTORdur. Çox təəssüf ki, bu gün redaktor sənətini qiymətləndirənlər, bu işin nə demək olduğunu anlayanlar o qədər də çox deyil. Düzdür, redaktorlar çoxdur, BAŞ REDAKTORlar lap çoxdur. Amma əsl redaktorlar barmaqla sayılacaq qədərdir. Xanlar Məmmədov o sırada birincilərdəndir. Baxmayaraq ki, bu gün redaktədən, redaktorluqdan bir az aralıdır. Amma... indi bacardığı işə hamı yaxın deyil axı...

Bütün bunları niyə xatırladım?

Ona görə xatırladım ki, altmışa doğru gedirik. Və bu yaşa Xanlar hamımızdan tez çatıb. Hələ zahirən cavan görünsə də...

Altmışın zirvəsindən geri baxanda özü nələr görür, nə düşünür, bilmirəm. Amma mən elə bilirəm ki, arxaya qürurla baxa bilər. Jurnalistikada öz yolu, öz izi... Redaktorluq dövrünün xoş xatirələri... Bir də... gözəl ailə, iki istedadlı və ləyaqətli övlad, şirin-şəkər nəvələr...

Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət İşçisi fəxri adı. Prezidentin hədiyyə elədiyi üç otaqlı mənzil...

İrəliyə də inamla, qürurla baxa bilər. Peşəkar hüquqşünas olan oğlu Ziya nüfuzlu bir şirkətin hüquqlarını peşəkarlıqla müdafiə edə bilir.

Peşəkar həkim qızı Günel çalışdığı kollektivin hörmətini qazanıb.

Nəvələri “Xanlar baba” deyib üstünə yüyürəndə sanki dünyanı ona bağışlayırlar...

Belə bir “baqajla” altmışa çatmağın özü bir səadətdir...

Və deməli, altmışa gedirik. Əvvəl o çatdı... Bizi qabaqladı, həmişəki kimi... Ardınca biz gəlirik.

Ən yaxında mənəm...

 

Müsəllim Həsənov

“525-ci qəzet”, 31.07.2017

 

Xəbərlər
Redaktorun seçimi