“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
13.07.2009, 10:50
471

Əlimiz çatmayan qədim türk yurdu - Şərqi Türküstan

A- A+

Bir vaxtlar dünyanın az qala yarısına hökm edən uyğurlar indi uca dağlar arasında tənha və köməksizdirlər

Çinin Sincan (Sintszyan, ingiliscə transkripsiyada Xinjiang) Uyğur muxtar rayonunda etnik türklər - uyğurlarla çinlilər (xanlar) arasında iyulun 5-7-də baş vermiş qanlı toqquşmalar qismən səngisə sə, bölgədə gərginlik qalmaqdadır. Muxtar rayonun mərkəzi Urumçidə Çin ordu hissələri yerləşdirilib, komendant saatı tətbiq olunub. 

Çin dövlətinin son rəsmi məlumatlarına görə, toqquşmalarda 180 nəfər ölüb. Ölənlərdən neçəsinin uyğur və çinli olduğu dəqiqləşdirilmir. Uyğurlara istinadən yayılan xəbərlərdə isə ölənlərin sayının 800-ə çatdığı və onların əksəriyyətinin uyğurlar olduğu vurğulanır.

Çinin rəsmi xəbərlərində toqquşmaların uyğurların çinli əhalinin (xanların) mağaza və iş yerlərinə basqınları ilə başladığını iddia edir. Gerçəkdə isə toqquşmalara səbəb ondan bir həftə öncə - iyunun 26-da Çinin cənubundakı Şao Guan şəhərindəki fabrikdə uğyur işçilərlə çinlilər arasında baş verən insident olub. Çinlilərin fabrikdə çalışan uyğur qadınlara zorakılıq etməsi lokal toqquşmaya səbəb olmuş və nəticədə, rəsmi məlumata görə, 2 uyğur gənc öldürülmüşdü. Hərçənd həmin insidentdə onlarla uyğurun qətlə yetirildiyi barədə xəbərlər də var.

Uyğurların muxtar vilayətdən 3 min km məsafədəki fabrikdə işləməsi Çin dövlətinin «yeni iş yerləri» siyasətinin - əslində isə uyğurlara qarşı illərdən bəri tətbiq edilən assimilyasiya və köçürmə kampaniyasının - nəticəsidir. Çin hökuməti Sincan Uyğur bölgəsində müvafiq infrastrukturun yetərsiz olduğunu önə çəkərək uyğur türklərini ölkənin müxtəlif bölgələrinə köçürərək «iş və yaşayışla təmin edir».

Şao Guan şəhərindəki fabrikdəki insidentin Urumçidə geniş rezonans doğurması və qanlı toqquşmalara yol açması da əslində Çin dövlətinin uyğurlara qarşı son 50 ildə həyata keçirdiyi repressiya və sıxışdırma siyasətinin qabarıq təzahürüdür. Bundan öncə 2008-ci ilin martında da xanlarla uyqurlar arasında lokal toqquşma baş vermişdi. Son olaylar isə rezonans etibarilə 1997-ci ildə bölgədə yaşanmış kütləvi iğtişaş və toqquşmalarla müqayisə oluna bilər.

Sözsüz ki, bu olaylarla dünya xəbər lentlərinin aparıcı mövzusuna çevrilən Çinin uyğurlar yaşayan bölgəsinə Azərbaycanda da maraq yaranmışdır. Hərçənd qədim türk yurdu olan bu bölgə barədə məlumat dairəmizin sözügedən olaylarsız da yetərincə olması arzuediləndir.

Amma nə yazıqlar ki, biz istər öz (Azərbaycan) tariximizin, istərsə də ümumtürk tarixinin bir çox səhifələrinə yalnız hansısa olaylar vəsiləsi ilə maraq göstərməli oluruq. Bizim üçün uzaq, bir anlamda yad və əlçatmaz olan uyğur bölgəsi də bu sıradadır və onun tarixinə, qısa da olsa, nəzər salmaq istərdik.

Çin Xalq Respublikasının ərazi-inzibati bölgüsünə görə, 25 əsas bölgədən biri olan uyğur muxtar rayonu ölkənin şimal-qərbində yerləşir. Ərazisi 1,64 milyon kv. km, əhalisi 20-22 milyon nəfərdir. Başqa sözlə, bölgə Çin ərazisinin (9,5 mln. kv km) təxminən 15 faizini, əhalisinin (1, 3 mlrd.) isə təxminən 2 faizini əhatə edir. Bölgə təbii ehtiyatlarla, o cümlədən neft və qazla zəngindir. Eyni zamanda, ərazinin böyük bir hissəsi səhralıqdır.

Qeyd edək ki, bölgənin Çin dilində adı müxtəlif dillərə transkripsiyada nisbətən fərqli səslənir, o cümlədən Türkiyə və Azərbaycan KİV-ində daha çox Sincan Uyğur vilayəti kimi qeyd olunur. Əslində bu adların hamısı formaldır, çünki bu bölgənin qədim və tarixi adı var - Şərqi Türküstan.

Zaman elə gətirib ki, tarixən vahid coğrafi məkan olmuş Türküstan indi müasir siyasi coğrafiyada parça-parça təqdim olunur. Necə ki, Qərbi Türküstanı da Mərkəzi Asiya (yaxud Orta Asiya) aldandırırıq.

Şərqi Türküstan şimaldan Altay, cənubdan Pamir dağlarının əhatəsində yerləşir. Qədim türk xalqlarının əsas qollarından birini təşkil edən uyğurlar bu yerlərdə hələ Miladdan öncə ilk dövlətlərini qurublar. Eramızdan əvvəl III əsrdə yaranan və 7 əsr dünyanın az qala yarısına hökm edən möhtəşəm türk imperatorluğu - Hun dövlətində uyğurlar aparıcı yer tutublar.

Yeri gəlmişkən, bəzi mənbələrə görə, «uyğur» sözü məhz Hun imperatorluğu dövründə, daha doğrusu, I əsrdə Makedoniyalı İsgəndərin Hun imperatorluğu ilə savaşından sonra meydana çıxıb. Qeyd olunur ki, imperator İsgəndər türk döyüşçüləri «xudxurand» («ovu gözündən yayındırmayan şahin» mənasını verir) adlandırmış, sonralar bu söz dəyişikliyə məruz qalaraq əvvəlcə «xudxur», sonra isə «uyğur» kimi işlənib.

17-ci əsrdə yaşamış tarixçi Əbülqazi isə «Türklərin şəcərəsi» əsərində «uyğur» termininin türk mənşəli olduğunu və «birləşdirmək» mənası verdiyini yazır. Elmi dairələrdə hələlik «uyğur» sözünün etimologiyası ilə bağlı birmənalı fikir yoxdur. Yazılı abidələrdə, o cümlədən Orxon-Yenisey daş kitabələrində «uyğur» sözünün işlənməsi III-IV əsrlərə təsadüf edir.

Uyğurların tarixinə gəldikdə isə, VIII əsrdə onların güclü dövləti - Uyğur Xaqanlığı meydana gəlib. Bu dövlətdə şamanizm və zərdüşdlüyə yaxın olan manilik dini hökmran idi. Sonra uyqurlar arasında buddizm və qismən xristianlıq yayılıb.

Uyğur Xaqanlığı yıxıldıqdan sonra onu Qaraxanlı dövləti (Qarahoca Uyğur xanlığı) əvəz edib. Bu dövlət 846-1218-ci illərdə mövcud olub. Qaraxanlı hökmdarı Saltuk Buğra xanın dövründə İslam dövlətin rəsmi dini elan edilib. X əsrdən başlayaraq uyğurlar arasında İslam dini geniş yayılmağa başlayır və tədricən bütün digər dinləri sıxışdırıb çıxarır. İslamın qəbulu ilə uyqurların qədim əlifbası da sıradan çıxır və onu ərəb əlifbası əvəzləyir ki, indi də bu əlifba uyğurlar tərəfindən istifadə olunur.

1218-ci ildə Qaraxanlı dövləti Çingizxan türk-monqol ordusu tərəfindən süquta uğradılır. XIV əsrdə Şərqi Türküstan digər böyük türk (özbək) hökmdarı Əmir Teymur tərəfindən istila olunur. Sonrakı əsrlərdə bölgədə uyğurların pərakəndə dövlətləri (xanlıqları) mövcud olub.

Uyğurların tarixində ən ağır dövr 1760-cı ildə bölgənin Çin (Mancuriya) ordusu tərəfindən işğal olunması ilə başlanır. Mancur istilasından qurtulmaq üçün Şərqi Türküstanda ayrı-ayrı zamanlarda qurtuluş hərəkatları olub. Bir əsrlik Mancuriya hökmranlığı dövründə uyğurların ümumilikdə 42 üsyanı baş verib.

1863-cü ildə Şərqi Türküstanda azadlıq hərəkatı uğurla nəticələnib və Çin qoşunları bölgədən qovulub. Hərəkata başçılıq edən Mehmet Yaqub bəy mərkəzi Kaşqar olmaqla Şərqi Türküstan dövlətini elan edib və Osmanlı sultanı Abduləzizdən kömək istəyib. Türkiyədən gələn əsgərlərin yardımı ilə Yaqub bəy 80 minlik ordu qurub. Britaniya və Rusiya Şərqi Türküstan dövlətini rəsmən tanıyıb. Şərqi Türküstan dövlətinin mövcudluğu və Osmanlının ona dəstəyi Qərbi Türküstan (Buxara, Xarəzm xanlıqları) üçün də Rusiya istilasından qorunmaq üçün müəyyən zəmanət idi.

Lakin 1875-ci ildə Yaqub bəyin ölməsi Şərqi Türküstan üçün zərbə olub. Bu arada Osmanlının Rusiya ilə növbəti müharibədə (1877-1878) müharibədə məğbuliyyəti və zəifləməsi Şərqi Türküstana yardımları kəsilməsi ilə nəticələnir. Yaranmış vəziyyətdə Çin 1876-cı ildə Şərqi Türküstanı yenidən işğal edir. Buna göz yuman Rusiya isə, öz növbəsində, Qərbi Türküstanı - Mərkəzi Asiyanı işğal etməkdə idi. Beləcə Türküstan ruslar və çinlilər tərəfindən bölüşdürülür.

1884-cü il noyabrın 18-də Çin imperatorunun əmri ilə bütün Şərqi Türküstan Çinə birləşdirilir. Çinin bir vilayətinə çevrilən bu türk yurduna Şin Çianq (Xinjiang - «Yeni torpaqlar») adı verilib. Bu dövrdən etibarən uyğurlara yönəlik soyqırımı başlayıb, türk memarlıq üslubunda tikilən bütün binalar sökülüb, Şərqi Türküstan şəhərlərinin adları dəyişdirilib.

Şərqi Türküstanda ikinci Çin hökmranlığı 1911-ci ilədək sürüb. Həmin ildə Çində Mancuriya imperatorluğu devrilib və yerində respublika (Homindan rejimi) qurulub. Lakin yeni çinli idarəçilər də uyğurlara qarşı əvvəlki siyasəti davam etdirirlər. Onlar da Şərqi Türküstanı talayıb, uyğurlara zülm ediblər.

1931-ci ildə Şərqi Türküstanda Xoca Niyaz Hacı və Saleh Dorganın liderliyində qiyam başlayıb. 1933-cü il noyabrın 12-də mərkəzi Kaşqar olmaqla Şərqi Türküstan İslam Türk Respublikası elan olunub. Xoca Niyaz Hacı ölkənin prezidenti seçilib. Lakin tezliklə rus (sovet) və Çin qüvvələrinin birgə səyi ilə dövlətin mövcudluğuna son qoyulur. Çünki Moskva Şərqi Türküstanda müstəqil türk dövlətinin mövcudluğunu Mərkəzi Asiya sovet respublikaları üçün təhlükə olaraq görürdü.

1944-cü il noyabrın 12-də Çində vətəndaş müharibəsindən (kommunistlərlə Çan Kayşi rejimi arasında) istifadə edən uyğurlar Şərqi Türküstan Respublikasını elan edirlər. Bu dövlət 5 il ömür sürür və 1949-cu ilin oktyabrında Çində kommunist idarəçiliyi tam bərqərar olandan uyğurların bu müstəqilliyinə də son qoyulur. Həmin ilin dekabrında bölgəyə Çin ordusu daxil olur və bölgə Çin Xalq Respublikasının tərkib hissəsi elan edilir.

Çinin kommunist rejimi bu anneksiyaya hüquqi don geyindirmək üçün bölgədə muxtar idarəçilik - Szintsyan Uyğur muxtar rayonu yaradır. Özgürlük mübarizəsini davam etdirən minlərlə uyğur isə həbsxanalara salınır, sürgün edilir.

Son 50 ildə Şərqi Türküstanın problemini dünyaya çatdırmağa çalışan ən məşhur isimlərdən biri İsa Yusif Alptəkin olub. O, 1949-cu ildə Çin istilasından sonra Hindistana - Kəşmirə, 1954-cü ildə Türkiyəyə köçüb və orada Şərqi Türküstan Mühacirlər Cəmiyyətini qurub və Şərqi Türküstanın səsini dünyaya duyurmağa çalışıb. 1995-ci ildə dünyasını dəyişib.

Ondan sonra uyğurların özgürlük mücadiləsinə Çində tanınmış iş adamı olan Rabiyə Kadir başçılıq edib. 1990-cı illərin əvvəlində Çin Kommunist Partiyasının rəhbər qurumlarına və parlamentə üzv seçilən Kadir 1997-ci ildə bölgədə uyğurların kütləvi etiraz çıxışlarına rəhbərlik etdiyi üçün həbsə atılıb. Həyat yoldaşı ölkəni tərk etməyə məcbur olub. 8 il həbsdə qalan Kadir bu müddətdə insan haqlarının müdafiəsi üzrə bir çox beynəlxalq mükafatlara layiq görülüb.

Beynəxalq təşkilatların təzyiqi ilə Çin hökuməti 2005-ci ildə onu azadlığa buraxmağa məcbur olub. 2006-cı ildə Nobel sülh mükafatına layiq görülən Kadir ABŞ-da məskunlaşıb. Çin hökuməti Urumçidə son olayların baş verməsində mühacirətdəki uyğur liderləri sırasında ilk növbədə onu ittiham edir.

Uyğurların dini, iqtisadi və mədəni sahədə fəaliyyəti Çin dövləti tərəfindən davamlı olaraq məhdudlaşdırılır. Son illərdə bir sıra görkəmli uyğur fəalı terrorçuluq ittihamı ilə həbsə atılıb. Çoxları ölkəni tərk etməli olublar. Çin regionda təzyiqlərə bəraət qazandırmaq məqsədi ilə "uyğur təhlükəsini" şişirdir. Xüsusilə Amerikadakı 2001-ci il 11 sentyabr terrorundan sonra Pekin uyğur separatçılarına qarşı güclü təqiblərə başlayıb, Şərqi Türküstan İslam Hərəkatını terror təşkilatı elan edib.

Eyni zamanda, Pekin bölgədə assimilyasiya siyasətini yürüdür. Belə ki, ötən illər ərzində bölgəyə göndərilən etnik çinlilərin (xanlar) sayı tədricən artırılaraq 40 faizə çatıb. Rəsmi statistikaya görə, bölgə əhalisinin 45-47 faizi (təxminən 10 mln. nəfər) uyğurlardır.

Qeyd edək ki, 56 fərqli etnik qrupun yaşadığı Çində uyğur türklərinin rəsmi sayı 10 milyon göstərilir. Qeyri-rəsmi məlumatlara görə isə onların sayı 30-40 milyon arasındadır. Bu fərq muxtar rayonun mərkəzi Urumçidə əhali sayında da özünü göstərir. Rəsmi məlumatlara görə, Urumçinin 2,2 milyon əhalisi var və onların yalnız 14 faizi uyğurlardır. Qeyri-rəsmi məlumatlara görə isə Urumçidə 10 milyon əhali yaşayır və onun 5,5 milyon uyğurdur.

Lakin real saylarının çox olmasına rəğmən bu gün dünyada uyğurların səsi, üzləşdikləri mərhumiyyətlərə görə etiraz çıxışları zəif eşidilir. Çünki dünyadakı mövcud reallıqlar bir çox dövlətləri Çinin güc və qüdrəti ilə hesablaşmağa, bu ölkədəki türk-müsəlman əhalisinin problemlərini görməzdən gəlməyə vadar edir.

Necə ki, biz də Qarabağ problemini göz önünə alaraq Çinin ərazi bütövlüyünü dəstəkləməyə, bu ölkədəki separatçılığı isə (istər cənubdakı Tayvan məsələsi olsun, istər də şimaldakı uyğur problemi) pisləməyə məcburuq.

Vüqar Orxan, «525-ci qəzet», 11.07.2009.

Xəbərlər
Redaktorun seçimi