“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
04.08.2014, 10:16
1919

Yaranmış təhlükəli vəziyyətin məsuliyyəti Yerevanın üzərinə düşür

A- A+

Xarici İşlər Nazirliyi Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini pozması və Azərbaycanın ordusunun mövqelərinə hücumları ilə bağlı bəyanat yayıb...

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Ermənistan silahlı qüvvələrinin son günlər Ermənistan-Azərbaycan dövlət sərhədinin və qoşunların təmas xəttinin müxtəlif istiqamətlərində atəşkəs rejimini pozaraq Silahlı Qüvvələrimizin mövqelərinə basqın etmələri ilə bağlı bəyanat yayıb. 

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, bəyanatda işğalçı Ermənistan Respublikasının silahlı qüvvələrinin son günlər ərzində Ermənistan-Azərbaycan dövlət sərhəddinin və qoşunların təmas xəttinin müxtəlif istiqamətlərində atəşkəs rejimini pozaraq Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin mövqelərinə bir neçə dəfə basqın etdikləri qeyd olunub. Bildirilib ki, Ermənistanın silahlı qüvvələrinin kəşfiyyat-təxribat qrupları cəbhə xətti boyunca qoşunların təmas xəttini bir neçə dəfə keçməyə cəhd göstəriblər. Ermənistan tərəfinin bu təxribatçı addımları cəbhə xətti boyunca gərginliyin xeyli artmasına və çoxlu sayda insan tələfatına səbəb olub. Yaranmış təhlükəli vəziyyətin bütün məsuliyyəti bu cür təxribatçı addımların atılmasına göstəriş verən rəsmi Yerevanın üzərinə düşür. 

Bəyanatda qeyd olunub ki, danışıqlarda qeyri-konstruktiv mövqe nümayiş etdirən, status-kvonun qorunub saxlanmasında maraqlı olan və həmçinin Madrid sülh planından boyun qaçıran işğalçı Ermənistanın BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə əməl etməməsi, qanlı etnik təmizləmə siyasəti həyata keçirməsi, 1 milyondan artıq insanı öz yurdundan qovması və sonunda sülh prosesinə xələl gətirən bu cür təxribatçı addımlar atması bu ölkəyə qarşı beynəlxalq ictimaiyyət tərəfindən ciddi sanksiyaların tətbiq edilməsi üçün əsas verir. Sülh prosesinə ən böyük təhlükə Ermənistanın silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərində olmasıdır. Buna görə ilk növbədə, Ermənistanın silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərini tərk etməlidir. Ermənistan tərəfi bunu nə qədər tez dərk etsə, bir o qədər də tez zamanda regionda sülh, sabitlik və müəyyənlik bərpa oluna bilər.
Ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən Vətən oğullarımızın ailə üzvlərinə və yaxınlarına başsağlığı verir və səbr diləyirik. Allah rəhmət eləsin.

* * *

Mövzuya dair:

Amerika mediası Ermənistan-Azərbaycan cəbhəsində vəziyyət barədə

ABŞ-ın nüfuzlu “The New York Times” qəzetində “Associated Press” informasiya agentliyinə istinadla “Dağlıq Qarabağda hərbi əməliyyatlar nəticəsində 15 nəfər öldürülüb” sərlövhəli məqalə dərc edilib.

Məqalədə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın işğal edilmiş ərazilərində qoşunların təmas xəttində vəziyyətin gərginləşməsindən bəhs olunur.
Müəlliflər Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə istinadla qeyd edirlər ki, son iki gündə Azərbaycanın 12 hərbi qulluqçusu öldürülüb.
Məqalədə deyilir ki, Azərbaycanın Dağlıq Qarabağ regionu və ona bitişik əraziləri 1994-cü ildə separatçı müharibənin sonundan erməni hərbçilərinin (Ermənistan ordusu nəzərdə tutulur) və yerli etnik erməni qoşunlarının nəzarəti altındadır”.
Müəlliflər vurğulayırlar ki, atəşkəsin daim pozulmasına baxmayaraq, budəfəki hərbi əməliyyatlar uzun illər ərzində ən böyük itkilərlə nəticələnmiş əməliyyatlardan biri olub.

* * *

“Washington Post” qəzetinin 3 avqust tarixli daycestində Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ regionunda Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində gərginliyin artması haqqında məqalə dərc edilib (http://www.washingtonpost.com/world/world-digest-aug-2-2014/2014/08/02/ddb1db9a-1a54-11e4-9e3b-7f2f110c6265_story.html ).

Məqalədə həlak olmuş hərbi qulluqçuların sayı bildirilir və vurğulanır ki, Azərbaycanın Dağlıq Qarabağ regionu və ona bitişik ərazilər 1994-cü ildə altıillik separatizm müharibəsinin sonundan erməni hərbçilərinin nəzarəti altındadır”. 

Materialda, həmçinin qeyd edilir ki, Rusiya tərəfləri atəşkəs rejiminə riayət etməyə çağırıb.

 

Xəbərlər
Redaktorun seçimi