“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
18.05.2015, 00:22
1792

Dünyanın dialoq yolları Bakıda qovuşur

A- A+

Azərbaycan paytaxtında III Dünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilir

Mayın 18-də Bakıda "Müştərək təhlükəsizlik üçün mədəniyyətləri paylaşaq" devizi altında III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi və UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub Mərkəzi, İSESCO, BMT-nin Ümumdünya Turizm Təşkilatının tərəfdaşlığı ilə gerçəkləşən Forum ölkəmizin qlobal sülh və anlaşmaya, mədəniyyətlər və sivilizasiyalar arasında dialoqa növbəti töhfəsi olacaq.

İki gün davam edəcək mötəbər tədbirə UNESCO-nun baş direktoru İrina Bokova və BMT-nin Sivilizasiyalar Alyansının rəhbəri, BMT baş katibinin ali nümayəndəsi Nassir Əbdüləziz əl-Nasser, 10-dək beynəlxalq təşkilatın təmsilçiləri, 50-dək ölkədən nazir, nazir müavini və digər rəsmilər gəlib. Ümumilikdə forumda 100-dək ölkə təmsil olunur.

Forum Azərbaycanın dünyaya nümunə göstərilən çoxəsrlik tolerant, mehriban birgəyaşama mədəniyyətinin təsdiqi, ölkəmizin mədəniyyətlərarası dialoq mərkəzinə çevrilməsinin göstəricisidir.

Mayın 17-də keçirilən mətbuat konfransında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, Forum Prezident İlham Əliyevin təşəbbüsü olmaqla, nüfuzlu beynəlxalq qurumları - UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub Mərkəzi, İSESCO, BMT-nin Ümumdünya Turizm Təşkilatını (ÜTT) tərəfdaş kimi cəlb edən yeganə platformadır. Bu mötəbər tədbir beynəlxalq münasibətlər sistemində mədəniyyətlərarası dialoq və multikulturalizm kimi dəyərlərin təbliğində Azərbaycanın əhəmiyyətli rolunu bir daha təsdiqləyir.

Azərbaycanın böyük tarixi keçmişə malik olduğunu söyləyən BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nassir Abdulaziz əl-Nasseri belə bir tədbirə himayədarlıq etdiyinə görə Azərbaycan Prezidentinə və hökumətinə minnətdarlığını bildirib. O qeyd edib ki, bu forumun ciddi mövzusu var və dünyanı sülhə, əmin-amanlığa səsləyən belə bir möhtəşəm tədbirin təşkili olduqca təqdirəlayiqdir: “Bu tədbirin mövzusu insanlar arasında təhlükəsizliyin, anlaşmanın yaranmasına xidmət edir. Biz belə təşəbbüsləri daha da genişləndirməliyik. Çalışmalıyıq ki, gənclər ekstremist və radikal məfkurənin qurbanına çevrilməsinlər”.

UNESCO-nun Baş direktorunun sosial və humanitar elmlər üzrə müavini xanım Nada-əl Naşif bildirib ki, Azərbaycana ilk dəfədir səfər edir və belə bir tədbirdə iştirakından olduqca məmnundur. O deyib: “İki il əvvəl UNESCO ilə Azərbaycan arasında Mədəniyyətlərarası Dialoq Forumu ilə bağlı əməkdaşlıq memorandumu imzalanıb. Bakı Forumu UNESCO üçün çox mühüm bir platformadır”.

BMT ÜTT-nin turizm və sülh üzrə baş katibinin müavini Əbdül Qafar isə qeyd edib ki, turizm sektorunun belə bir mühüm tədbirdə ayrıca təmsil olunması çox mühüm faktdır. İnsanlar arasında dialoqun formalaşmasında bu sektorun ayrıca payı var: “İl ərzində dünya üzrə 1,5 milyard insan səyahət edir. Təbii ki, yeni iş yerlərinin açılmasında, ölkələrin iqtisadiyyatının inkişafında bu səyahətlər çox böyük önəm daşıyır. İstəyirik ki, turizm insanların yaşam səviyyəsinə daha böyük töhfə versin”.

Builki Forumun kifayət qədər maraqlı və zəngin proqramı olduğunu söyləyən Birləşmiş Krallığın Coventri Universitetinin inam, sülh və sosial əlaqələr mərkəzinin icraçı direktoru Mike Hardy qeyd edib ki, forumda mədəniyyətlərarası dialoqun bütün sahələrdə inkişaf tendensiyaları, dünyada müasir qlobal çağırışlar, dini-ideoloji qarşıdurmalar, mədəni və sosial transformasiyalar fonunda bəşəri dəyərlərin qorunması üçün məşhur şəxsiyyətlər, siyasətçilər, dövlət xadimləri, elm adamları arasında müzakirələr təşkil olunacaq.

Qeyd edək ki, bu təşəbbüsün əsası 2008-ci ilin 2-3 dekabrında Bakıda keçirilən Avropa və islam ölkələri mədəniyyət nazirlərinin konfransında Prezident İlham Əliyev tərəfindən irəli sürülən "Bakı prosesi" ilə qoyulub. Bu prosesin davamlılığını təmin etmək məqsədilə 2009-cu ilin 13-15 oktyabrında Bakıda təşkil edilən islam ölkələri mədəniyyət nazirlərinin konfransına Azərbaycanın təşəbbüsü ilə 10-dan çox Avropa dövləti dəvət olundu.

7-9 aprel 2011-ci il tarixində Azərbaycan Prezidentinin himayəsi ilə Bakıda I Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsi ilə regional təşəbbüs qlobal hərəkata çevrildi. Ölkə başçısının fərmanı ilə Forumun iki ildən bir keçirilməsi qərara alındı, Mədəniyyət və Turizm Nazirliyi tədbirin əlaqələndirici qurumu müəyyən edildi. 2013-cü ilin 29 may - 1 iyun tarixlərində Bakı "Çoxmədəniyyətli dünyada sülh şəraitində birgə yaşamaq" şüarı altında II Foruma ev sahibliyi etdi.

III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun kifayət qədər maraqlı proqramı var. Tədbirdə mədəniyyətlərarası dialoqun bütün sahələrdə inkişaf tendensiyaları, dünyada müasir qlobal çağırışlar, dini-ideoloji qarşıdurmalar, mədəni və sosial transformasiyalar fonunda ümumbəşəri dəyərlərin qorunması üçün məşhur şəxsiyyətlər, siyasətçilər, dövlət xadimləri, elm adamları arasında müzakirələr təşkil olunacaq. Forum çərçivəsində "Müştərək təhlükəsizlik üçün mədəniyyətləri paylaşaq" - mədəni hüquqlar, ekstremizmə qarşı mübarizədə dini plüralizm və dəyərlərin qorunması, beynəlxalq təşkilatların mədəniyyətlərarası dialoqun qurulmasında rolu və əməkdaşlığı plenar sessiyaları, təhsilin, gənclərin, incəsənətin, turizmin mədəniyyətlərin yaxınlaşması və dialoqda roluna həsr ediləcək müxtəlif işçi sessiyalar nəzərdə tutulub. Həmçinin mədəniyyət paytaxtlarının dialoqu görüşü, mədəniyyət və turizm nazirlərinin 2-ci Dünya konfransı, həmçinin ilk dəfə UNESCO-nun mədəniyyət və dinlərarası dialoq üzrə kafedra rəhbərlərinin ilk ümumi toplantısı, mədəniyyətlərin yaxınlaşması sərgisi və digər tədbirlər keçiriləcək. 

 

Xəbərlər
Redaktorun seçimi