“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
03.12.2010, 18:27
353

Astana sammitində Dağlıq Qarabağa dair birgə bəyanat yayılıb

A- A+

“Münaqişənin həlli üçün daha qətiyyətli tədbirlər görmək vaxtı çatmışdır”

Dekabrın 1-də Astanada keçirilən ATƏT sammiti çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk Qrupuna həmsədrlik edən ölkələrin nümayəndə heyətlərinin rəhbərləri – Rusiya prezidenti Dmitri Medvedev, Fransanın baş naziri Fransua Fiyon, ABŞ-ın dövlət katibi Hillari Klinton, həmçinin Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sərkisyan birgə bəyanatla çıxış ediblər. 

Bəyanatda deyilir ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün daha ciddi səylər göstərməyin vaxtı çatıb:

“Sülh yolu ilə nizamlanma bölgəyə stabillik və təhlükəsizlik gətirəcək və region xalqlarının real barışmasını təmin edəcək yeganə üsuldur. Azərbaycan və Ermənistan prezidentləri bir daha Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları, BMT Nizamnaməsi, Helsinki Yekun Aktı, həmçinin prezidentlər Dmitri Medvedyev, Nikola Sarkozi və Barak Obamanın 10 iyul 2009-cu ildə Akvilldə, 26 iyun 2010-cu ildə Muskokada verdikləri bəyanat əsasında birdəfəlik nizamlanmasına nail olmaq barədə öhdəliklərini təsdiqləyiblər.

ATƏT-ə həmsədrlik edən ölkələr Azərbaycan və Ermənistan prezidentlərinə münaqişənin sülh yolu ilə nizamlanmasında dəstək verəcəklərini bəyan edirlər. Onlar Azərbaycan və Ermənistan liderlərini diqqətlərini ikiqat enerji ilə qeyd olunan əsas prinsiplərdə əks olunan məsələlər üzərində cəmləşdirməyə çağırıb, həmsədrlərə isə danışıqlar üçün ən yaxşı atmosfer formalaşdırmağa kömək etmək üçün münaqişə tərəfləri ilə işi davam etdirməyi tapşırıb, tərəfləri atəşkəs rejiminin möhkəmləndirilməsi, bütün sahələrdə etimad mühitinin gücləndirilməsi üçün tədbirlər görməyə çağırırlar”.

* * *

ATƏT-in Astana (Qazaxıstan) sammitində
ATƏT-in həmsədrləri olan ölkələrin nümayəndə heyətlərinin başçılarının,
Azərbaycan və Ermənistan prezidentlərinin
Birgə Bəyanatı

ATƏT-in Astanada (Qazaxıstan) keçirilən sammiti ilə əlaqədar ATƏT-in Minsk qrupunun həmsədrləri olan ölkələrin nümayəndə heyətlərinin başçıları (Rusiya Federasiyasının Prezidenti D.Medvedev, Fransanın Baş naziri F.Fiyon və Amerika Birləşmiş Ştatlarının dövlət katibi H.Klinton), Azərbaycan Prezidenti İ.Əliyev və Ermənistan Prezidenti S.Sarkisyan razılığa gəldilər ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə yönəlmiş daha qətiyyətli tədbirlər görmək vaxtı çatmışdır.

Bununla əlaqədar onlar Azərbaycan, Ermənistan və Rusiya Federasiyası prezidentlərinin 2 noyabr 2008-ci il tarixli (Moskva) və 27 oktyabr 2010-cu il tarixli (Həştərxan) bəyanatlarına istinad etdilər. Onlar razılaşdılar ki, danışıqlar yolu ilə dinc tənzimləmə regionda sabitliyi və xalqların təhlükəsizliyini təmin edər və onların arasında barışığa nail olmaq üçün yeganə imkan olar.

Ermənistan və Azərbaycan prezidentləri Dağlıq Qarabağ münaqişəsini beynəlxalq hüququn prinsipləri və normaları, BMT-nin Nizamnaməsi, Helsinki Yekun Aktı, eləcə də prezidentlər D.Medvedev, N.Sarkozi və B.Obamanın 2009-cu il iyulun 10-da Akvilldə və 2010-cu il iyunun 26-da Muskokada verdikləri bəyanatlar əsasında qəti tənzimləməyə çalışmaq öhdəliklərini təsdiq etdilər.

Üç həmsədr ölkə dinc tənzimləməyə nail olmaq üçün zəruri qərarlar qəbul edən Azərbaycan və Ermənistan prezidentlərini dəstəklədiklərini bildirdilər. Onlar Ermənistan və Azərbaycan rəhbərlərini səylərini Əsas Prinsiplərdə hələ qalan mübahisəli məsələlərin həlli üzərində yeni qüvvə ilə cəmləşdirməyə çağırdılar və öz həmsədrlərinə münaqişə tərəflərinin bu səylərini həyata keçirmələrinə kömək etmək üçün onlarla işi davam etdirməyi tapşırdılar. Onlar danışıqların keçdiyi atmosferi yaxşılaşdırmaq üçün tərəflərə müraciətlə onları atəşkəs rejiminin möhkəmlənməsinə və bütün sahələrdə etimad tədbirlərinin həyata keçirilməsinə yönəlmiş əlavə addımlar atmağa çağırdılar.

1 dekabr 2010-cu il.

Xəbərlər
Redaktorun seçimi