“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
19.05.2010, 19:27
428

Laçınlar oylağı qədim yurdumuz

A- A+

Laçın rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalından 18 il ötdü

Ölkəmizin cənub-qərbində, dağlıq ərazidə (işğalçı Ermənistanla sərhəddə) yerləşən Laçın rayonu səfalı təbiəti, zəngin tarixi-mədəni abidələri ilə məşhur idi.

Dünyada nadir ağac sayılan qırmızı dəmirağac meşələri bu rayonun ərazisində yerləşir. Laçın mineral suları, kobalt, uran, civə, qızıl, dəmir, müxtəlif rəngli mərmər yataqları, dərman bitkiləri ilə zəngin bölgədir.

1992-ci ilin mayında Laçını işğal edən erməni silahlı qüvvələri bölgənin təbii ehtiyatlarını, maddi-mədəni sərvətlərini də talan ediblər.

İşğaldan əvvəl Laçın rayonunda 217 mədəniyyət müəssisəsi, 142 səhiyyə obyekti, 133 idarə və müəssisə, 100 ümumtəhsil məktəbi, 5 məktəbəqədər müəssisə, 5 musiqi məktəbi, 1 internat məktəbi, 1 texniki-peşə məktəbi vardı.

Rayonun ərazisi vaxtilə (XVIII əsr) Qarabağ xanlığının tərkibində, XIX əsrdə Şimali Azərbaycanın çar Rusiyasına birləşdirilməsindən sonra isə Yelizavetpol (Gəncə) quberniyasının tərkibində olub. 1918-1920-ci illərdə rayon Azərbaycan Xalq Cümhuriyyətnin Qarabağ general-qubernatorluğunun tərkbinə, sovetləşmədən sonra isə Şuşa qəzasının tərkibinə verilib.

1923-cü ildə Respublika Mərkəzi İcraiyyə Komitəsinin qərarı ilə Qubadlı, Kəlbəcər və Laçın torpaqları ərazi-inzibati vahid olaraq Kürdüstan qəzasında birləşdirilib. Qəzanın inzibati mərkəzi əvvəlcə Pircahan, sonra Minkənd, daha sonra isə Laçın olub. Laçın şəhəri (kəndi) əvvəllər Abdallar adlanıb. Laçın adı bölgəyə əslən bu torpaqdan olan yazıçı Tağı Şahbazi Simurğun təşəbbüsü ilə 1923-cü ildə verilib.

Laçın rayonu ayrıca ərazi-inzibati vahid olaraq 1930-cu ildə yaradılıb. Rayonun ərazisi 1883 kv km-dir. Heydər Əliyevin sovet Azərbaycanına rəhbərlik etdiyi dövrdə respublikamızın bütün bölgələri kimi, Laçın rayonunun da sosial-iqtisadi, mədəni həyatının inkişafı ilə bağlı mühüm qərarlar qəbul edilib.

Azərbaycan KP MK-nın və Nazirlər Sovetinin "Laçın rayonu zəhmətkeşlərinə mədəni-məişət xidmətlərini daha da yaxşılaşdırmaq tədbirləri haqqında" 16 noyabr 1971-ci il və Azərbaycan KP MK-nın bürosunun "Laçın şəhərinin 50 illiyi barədə" 6 avqust 1974-cü il tarixlərdə qəbul olunmuş qərarlar rayonun sosial-iqtisadi və mədəni həyatının, əhalinin maddi rifah halının yaxşılaşdırılmasına güclü təkan vermişdi. Sonrakı illərdə rayonun yaşayış məntəqələri abadlaşdırılmış, televiziya ötürücüsü stansiyaları qurulmuş, bütün kəndlər başdan-başa elektrikləşdirilmiş, telefon, radio, o cümlədən, Laçın şəhərinə və rayonun 53 kəndinə təbii qaz çəkilmişdi.

Laçın rayonu 120 kənddən, 1 şəhərdən və 1 qəsəbədən ibarət idi. Hazırda respublikamızın müxtəlif bölgələrində məskunlaşmış Laçın əhalisinin sayı (2008-ci il) 66 min nəfərdir.
   
Laçının işğal altında qalan tarixi-mədəni abidələri
 

1992-ci ilin 18 may işğalından öncə Laçın rayonunun ərazisində 200-ə yaxın tarixi, mədəniyyət və memarlıq abidələri, onlarla kurqan, qala tipli arxeologiya baxımından faydalı olan abidələr, çoxlu sayda qəbirüstü abidələr, stellalar, at, qoç fiqurları, süjetli daşlar qeydə alınmışdı.

Ərazidə olan abidələrin əksəriyyəti Qafqaz Albaniyası dövrünün yadigarlarıdır. Mütəxəssislərin tədqiqatlarına görə, həmin abidələrinin çoxu eramızdan əvvələ aiddir.

Bu yerlərin mürəkkəb relyefi, sərt iqlimi olduğundan tarixən bir çox çay keçidlərində, yolların keçilməz hissələrində körpülər inşa edilib. Onlar əsasən birtağlı və yaxud ikitağlı körpülərdir.

Aşağıda adları çəkilən abidələr rayon ərazisində olan abidələrin təxminən üçdə ikisini təşkil edir.

1. Abdallar (Bəylik) kəndi ərazisində Həkəri çayı üzərində körpü (XVIII əsr), daş qutu-dəmir dövrü, qəbiristanlıq.
2. Zabux kəndi ərazisində Sümüklü qəbiristanlığı, XVI əsrə aid Xallanlı qəbiristanlığı.
3. Malıbəy kəndi ərazisində qədim qəbiristanlıq.
4. Kosalar kəndi ərazisində IX əsrə aid Ağoğlan qəsri, qədim qəbiristanlıq.
5. Soltanlar (Hüsülü) kəndi ərazisində 1761-ci ilə aid Soltan Əhməd sarayı, XIV əsrə aid qədim qəbiristanlıq.
6. Zeyvə kəndi ərazisində Soltanbaba türbəsi, Şeyx Əhməd türbəsi, Türbə, qədim qəbiristanlıq.
7. Qaraqışlaq kəndi ərazisində XI əsrə aid məscid, Dəmirovlu Pir-Məbəd.
8. Sadınlar kəndinin mərkəzində XVII əsrə aid məbəd.
9. Hacılar kəndi ərazisində qədim qəbiristanlıq, bulaq (abidə).
10. Vağazin kəndi ərazisində məbəd.
11. Quşçu kəndi ərazisində XV əsrə aid Uşaq qalası, böyük Bulaq, Korca bulaq, Sadınlar qalacığı.
12. Mirik kəndi ərazisində XV əsrə aid qala, məbəd.
13. Bozlu kəndi ərazisində qəbiristanlıq, Xaçın yalı ərazisində XV əsrə aid Xaçın daşı.
14. Əhmədli kəndi ərazisində XVII əsrə aid məbəd, "Vəng" qəbiristanlığı.
15. Minkənd kəndi ərazisində XV əsrə aid Minkənd çayı üzərində ikitağlı, Abaxeyir ərazisində birtağlı körpü, məbəd.
16. Şeytanlı kəndi ərazisində birtağlı körpü.
17. Qaragöl ərazisində məscid, qəbiristanlıq.
18. Hoçaz kəndi ərazisində mağara, məbəd.
19. Soyuqbulaq kəndi ərazisində bulaq (abidə), məbəd.
20. Zabux kəndi ərazisində körpü (1988-ci ildə dağıdılıb).
21. Güləbird kəndi ərazisində XV əsrə aid Qız qəbri abidəsi, dəmir dövrünə aid Kurqan, orta əsrə aid qədim qəbiristanlıq, bayatı ustadı Sarı Aşığın qəbri.
22. Cicimli kəndi ərazisində XVI əsrə aid Məlik Əjdər türbəsi, XVII-XVIII əsrlərə aid türbə, orta əsrlərə aid Çoban daşı və qədim qəbiristanlıq.
23. Malxələf kəndi ərazisində XVII əsrə aid Xəlifə türbəsi, qədim qəbiristanlıq. Sınıq körpü.
24. Aşağı Fərəcan kəndi ərazisində X əsrə aid məbəd, Fərəcan-Güləbird yolunda körpü, qədim qəbiristanlıq.
25. Sus kəndi ərazisində XVII əsrə aid bulaq.
26. Seyidlər kəndi ərazisində XVII əsrə aid bulaq, qədim qəbiristanlıq, Pircançay üzərində qədim körpü.
27. Pircahan kəndi ərazisində XVII əsrə aid bulaq, XI əsrə aid Gavur qalası.
28. Korcabulaq kəndi ərazisində məbəd.
29. Ziyrik kəndi ərazisində dəmir dövrünə aid Rizvan meşəsində kurqan.
30. Ərikli kəndi ərazisində XVI əsrə aid Qarasaqqal türbəsi.
31. Piçəniş kəndi ərazisində məbəd.
32. Şəlvə kəndi ərazisində məbəd.
33. Qorçu kəndi ərazisində məbəd.
34. Laçın şəhərində (1941-1945-ci illər) Böyük Vətən müharibəsində həlak olanların xatirə kompleksi.

1992-ci ilin 18 may işğalından sonra bu tarixi, mədəni və dini abidələr erməni qüvvələri tərəfindən dağıdılıb və talan edilib.

Xəbərlər
Redaktorun seçimi