“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
11.03.2010, 20:04
480

Qarabağ problemi hərb və sülh arasında

A- A+

ATƏT rəsmiləri nikbindirlər, əcnəbi ekspertlər isə savaş təhlükəsindən danışırlar

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ətrafında müəmmalı proseslərin cərəyan etdiyi bir vaxtda problemin savaş, yoxsa barış cığırına çıxacağına dair çeşidli mənbələrdən açıqlamalar gəlməkdədir.

Xəbər verdiyimiz kimi, ötən həftə Qarabağ problemi Parisdə Fransa və Rusiya prezidentlərinin görüşündə, ardınca Azərbaycan XİN başçısının ATƏT Minsk Qrupu həmsədrləri və Fransa prezidentinin müşaviri ilə görüşlərində, sonra isə Moskvada Rusiya və Ermənistan XİN rəhbərlərinin görüşündə müzakirə olunub.

Dünən (10 mart) Yelisey sarayında keçirilən Fransa və Ermənistan prezidentlərinin görüşündə də Qarabağ əsas mövzulardan biri olub. Eləcə də Parisdə Minsk Qrupu həmsədrlərinin Ermənistan XİN başçısı ilə görüşü nəzərdə tutulub.

Bu müzakirələrin nəticəsi olaraq yaxın vaxtlarda həmsədrlərin regiona səfəri gözlənilir. Məqsəd Qarabağ nizamlanmasının baza prinsiplərinin («Madrid prinsipləri») yenilənmiş variantı əsasında Azərbaycan və Ermənistan prezidentlərinin yeni görüşünü təşkil etməkdir.

Bu arada ATƏT-in digər rəhbər strukturunun - Parlament Assambleyasının sədri Joao Suaresin (Portuqaliya) başçılığı ilə nümayəndə heyəti regiona səfərə gəlib. Heyətə ATƏT PA-nın Dağlıq Qarabağ münaqişəsi üzrə xüsusi nümayəndəsi Qoran Lenmarker (İsveç) də daxildir. 

Səfər turuna Gürcüstandan başlayan ATƏT rəsmiləri Tbilisidəki görüşlərdə Qarabağ sülh prosesi ilə də bağlı açıqlamalar veriblər. "Düşünürəm ki, artıq Dağlıq Qarabağ münaqişəsinin həlli yolunun tapılmasının vaxtı çatıb", - deyə Qoran Lenmarker bildirib. Onun sözlərinə görə, problemin həlli üçün artıq baza mövcuddur.

Qeyd edək ki, isveçli parlamentar Lenmarker 7-8 ildir ki, ATƏT PA-nın Qarabağ münaqişəsi üzrə məruzəçi-nümayəndəsi rolunda çıxış edir. Bir müddət (2006-2008-ci illər) ATƏT PA-nın sədri olub. İndiyədək onun Qarabağ nizamlanması ilə bağlı bütün açıqlamaları ifrat nikbin və nəticədə heç biri gerçəkləşməyən bəyanatlarla zəngin olub. Hələ bir neçə il öncə Qarabağ sülh prosesində «qızıl imkanlar»ın olmasından söz edən Lenramker yenə nikbin əhvaldadır.

“Biz burdakı görüşlərdən sonra Yerevana və Bakıya səfər edəcəyik, hər iki ölkənin prezidentləri də daxil olmaqla çox vacib görüşlər keçirəcəyik. Düşünürəm ki, artıq Qarabağ münaqişəsinin həlli yolunun tapılmasının vaxtı gəlib çatıb. Məncə, Minsk Qrupunun fəaliyyəti o deməkdir ki, bu problemin həlli üçün artıq baza mövcuddur. Amma burda hər iki ölkə başçılarını və dövləti razı salacaq həlli yolunun tapılması vacibdir", - deyə Lenmarker bildirib.

ATƏT nümayəndəsi onu da bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli Azərbaycan üçün daha önəmlidir: «Çünki Azərbaycanın çoxlu sayda qaçqınları və məcburi köçkünləri var və onların evlərinə qayıtmaq hüququ var. Bəli, Qarabağ problemi üzrə irəliləyiş var. Mən indiki vəziyyəti qərar qəbul etmək mərhələsi kmi dəyərləndirirəm. Hər iki prezident mövcud imkanları nəzərə alaraq problemin həlli istiqamətində razılığın əldə olununmasına çalışmalıdırlar».

Nikbin əhvallı ATƏT rəsmilərindən fərqli olaraq, Qarabağ münaqişəsi ətrafında prosesləri yaxından izləyən əcnəbi ekspertlər vəziyyəti bədbin qiymətləndirirlər.

«Qarabağ münaqişəsi ətrafındakı vəziyyət olduqca mürəkkəbdir və Ermənistanla Azərbaycan arasında yeni müharibənin başlanmasına real təhlükə var» - bu fikri «Azadlıq» radiosunun erməni xidmətinə müsahibəsində rusiyalı hərbi ekspert Pavel Felgenqauer bildirib.

«İndiyədək nə Bakıda, nə də Yerevanda vəziyyətin kəskinləşməsini istəmirdilər. Lakin artıq vəziyyət dəyişib. Azərbaycan hakimiyyəti qarşıya ciddi məqsəd qoyub və bunun üçün risqə gedə və hərbi əməliyyatlara başlaya bilər», - deyə rusiyalı ekspert vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycan tərəfi hətta hərbi əməliyyatın arzuoolunmaz nəticələrini də gözə alaraq buna gedə bilər. Rusiyalı ekspert hesab edir ki, Azərbaycanın başlayacağı hərbi əməliyyat Dağlıq Qarabağın qaytarılmasına gətirməsə də, regionda ciddi fəsadlar doğuracaq və hər şeydən əvvəl, Rusiya-Türkiyə dialoqu, iki ölkə arasında protokolların təsdiqi tamamilə iflasa uğrayacaq.

Felgenqauerin fikrincə, artıq Qarabağ münaqişəsini dondurulmuş adlandırmaq olmaz: «Situasiya çoxdan donmuş vəziyyətdən çıxıb və hər şey baş verə bilər».

Ermənistan-Azərbaycan münaqişəsinin yenidən alovlanması təhlükəsini Qarabağ problemi ilə dərindən tanış olan britaniyalı ekspert, tanınmış jurnalist Tomas de Vaal da ciddi hesab edir. Yerevanda «Qarabağ münaqişəsinin nizamlanması»: reallıq və qeyri-reallıqlar» adlı konfransda çıxış edən britaniyalı ekspert qeyd edib ki, erməni tərəf Azərbaycanın hərbi əməliyyatdan çəkinəcəyinə həmişəlik ümidvar olmamalıdır.

«Siz hesab edirsiniz ki, hərbi əməliyyatların bərpası ağılsızlıq olardı və Azərbaycan buna getməyəcək. Lakin Azərbaycan üçün önəmli olan təkcə Dağlıq Qarabağ deyil, həm də Dağlıq Qarabağ ətrafındakı ərazilərdir. O ərazilər ki, orada erməni əhalisi yaşamayıb. Azərbaycan bu əraziləri belə uzun müddət öz nəzarətindən kənarda qoya bilməz».

Tomas de Vaalın fikrincə, münaqişənin həlli hər iki tərəfin qarşılıqlı güzəştlərə getməsindən asılıdır: «Azərbaycan tərəfi qəbul etməlidir ki, ermənilər Dağlıq Qarabağda keçmişdə də yaşayıblar, indi də yaşayırlar. Ermənistan isə qəbul etməlidir ki, Qarabağda azərbaycanlılar yaşayıb və bundan sonra yaşamalıdır. İki ölkənin prezidentləri bu uzlaşmanı tapmalıdırlar».

Britaniyalı ekspert Dağlıq Qarabağ münaqişəsinin Ermənistan-Türkiyə münasibətlərinin normallaşması üçün ən böyük maneə olduğunu deyib. Türkiyənin «Hürriyət» qəzeti isə Azərbaycan-Ermənistan münaqişəsinin Avropanın ciddi önəm verdiyi «Nabucco» qaz kəməri üçün də əngəl olduğunu nəzərə çatdırır.

Ötən həftə Türkiyə parlamentinin «Nabucco» layihəsi ilə bağlı hökumətlərarası sazişi (2009-cu il iyulun 13-də Ankarada Türkiyə, Bolqarıstan, Rumıniya, Macarıstan və Avstriya tərəfindən imzalanıb - V.O.) ratifikasiya etdiyini xatırladan qəzet qeyd edir ki, layihənin gerçəkləşməsi xeyli dərəcədə məhz Qarabağ münaqişəsinin həllindən asılıdır.

Qəzet qeyd edir ki, Rumıniya və digər iştirakçı ölkələr də yaxın vaxtlarda «Nabucco» sazişini ratifikasiya etməyə hazırlaşır: «Lakin ratifikasiya prosesinin başa çatması hələ layihənin başlanması demək deyil. «Nabucco»nun həyata keçməsi üçün mühüm şərtlərdən biri Türkiyə ilə Azərbaycan arasında qaz tranziti ilə bağlı anlaşmanın əldə olunmasıdır».

Bu yöndə danışıqların uzun zamandan bəri getdiyini, lakin hələlik nəticənin olmadığın qeyd edən qəzet nəzərə çatdırır ki, Azərbaycan Qarabağ problemi çözülmədən Türkiyə-Ermənistan protokollarının təsdiqinin əleyhinədir.

«Bakı hələlik «Nabucco»da tammənalı iştirakdan çəkinir, Türkiyə ilə tranzit məsələsi də çözülməyib. Azərbaycan qəti əmin olmaq istəyir ki, Türkiyə Qarabağda çözüm olmadan bu protokolları təsdiqləməyəcək. Qarabağ məsələsində irəliləyiş yoxdur, digər yandan, Azərbaycanla Türkiyə arasında qaz tranziti sazişi ləngiyir, bu isə nəticə etibarilə «Nabucco»nun iflası deməkdir. Ankara ilə Bakı bu vəziyyəti nə qədər davam etdirəcəklər, - deyə qəzet sual edir.

Vüqar Orxan, “525-ci qəzet”, 11.03.2010.

Xəbərlər
Redaktorun seçimi