“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
30.10.2011, 16:53
324

BMT Təhlükəsizlik Şurasına üzvlük Azərbaycana nə verəcək?

A- A+

Ölkəmiz qarşıdakı iki ildə Qarabağ məsələsini daha fəal şəkildə dünyanın diqqətinə gətirə bilər...

Xəbər verildiyi kimi, oktyabrın 25-də BMT Baş Assambleyasında təşkilatın ali siyasi orqanına - Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlərin seçkisi üzrə səsvermədə böyük uğur qazanaraq tarixində ilk dəfə dünyanın ən mötəbər siyasi formatında təmsil hüqüqu qazanıb.  

Ölkəmiz Şərqi Avropa qrupundan BMT TŞ-nin qeyri-daimi üzvü seçilib. Bu qrupdan (1 yer) Azərbaycanla yanaşı, Sloveniya və Macarıstan da namizədliyini irəli sürmüşdü. Oktyabrın 21-də - seçkilərin ilk günü Macarıstan ilk turda az sayda səs toplayaraq mübarizəni davam etdirə bilməyib. Növbəti raundlarda Azərbaycan hər dəfə Sloveniyanı üstələsə də, zəruri olan 128 ölkənin dəstəyini qazana bilməmişdi.

Bundan sonra Sloveniya da namizədliyini geri götürməli olub və Azərbaycan son səsvermədə BMT üzvü olan 193 ölkədən 155-nin səsini toplayaraq iki illiyinə BMT TŞ-nin qeyri-daimi üzvü seçilib. 24 ölkə bitərəf qalıb, 13 ölkə yenə də namizədliyini geri götürən Sloveniyaya səs verib, bir ölkə yarışmanı daha öncə tərk edən Macarıstana səs verib. Yeri gəlmişkən, Sloveniya artıq bir dəfə - 1998-1999-cu illərdə BMT TŞ-nin qeyri-daimi üzvü olub və bu məqam da həmin ölkə ilə yarışmada Azərbaycana müəyyən üstünlük verib.

Qeyd edək ki, BMT-nin yüksək siyasi qurumu kimi beynəlxalq sülh və təhlükəsizlik üçün taleyüklü olan qərarları qəbul edən TŞ-nin 5 daimi (ABŞ, Rusiya, Çin, Britaniya, Fransa) və 10 müvəqqəti (2 il müddətinə regional kvota üzrə seçilirlər) üzvü var. Hər il BMT Baş Assambleyasının sessiyasında TŞ-nin müvəqqəti üzvlərinin yarısı (5 ölkə) qaydasında təzələnir.

Müvəqqəti üzvlərin regional qruplar üzrə kvotası belədir: Afrika (53 ölkə) - 3 yer, Asiya (54 ölkə) - 2 yer, Latın Amerikası və Karib hövzəsi (33 ölkə) - 2 yer, Şərqi Avropa - (23 ölkə) - 1 yer, Qərbi Avropa və digərləri (28 ölkə) - 2 yer. Afrikaya 3 yer ayrılması «qara qitədən» TŞ-də daimi üzvün olmaması ilə bağlıdır.

Bu sırada beynəlxalq siyasətə təsir imkanları baxımdan ən güclü regional qrup olaraq Qərbi Avropa və digər ölkələr qrupu (Kanada, Avstraliya, Yeni Zelandiya və İsrail də buraya daxildir) sayılır. TŞ-nin beş daimi üzvündən ikisi (Britaniya və Fransa) bu qrupda yer alıb. Bundan əlavə, ABŞ rəsmi olaraq heç bir regional qrupun üzvü olmasa da, Qərbi Avropa və digər ölkələr qrupunda müşahidəçi qismində təmsil olunur və səsvermədə iştirak edir. Buradan iki qeyri-daimi üzvün seçilməsini də nəzərə alsaq, onda sözügedən qrup faktiki olaraq TŞ-nin üçdə birinə (5 yer) nəzarət edir.

Azərbaycan keçmiş SSRİ-nin əksər ölkələri ilə birlikdə Şərqi Avropa qrupunda yer alıb, Mərkəzi Asiyadakı beş postsovet respublikası isə Asiya qrupundadır. Məlumat üçün qeyd edək ki, keçmiş sovet respublikalarından indiyədək yalnız Ukrayna (2000-2001-ci illərdə) BMT TŞ-nin üzvü olub. Ümumilikdə isə BMT-nin üzvü olan 192 ölkədən indiyədək 110-dan çoxu ayrı-ayrı vaxtlarda BMT TŞ-nin qeyri-daimi üzvü seçilib. O cümlədən qardaş Türkiyə 4 dəfə (sonuncu dəfə 2009-2010-cu illərdə) qurumda təmsil olunub.

Eyni zamanda, onu da qeyd etmək lazımdır ki, bu və digər ölkənin TŞ-yə üzv seçilməsində dünyadakı böyük güc mərkəzlərinin mövqeyi mühüm rol oynayır. Məsələn, İran 1979-cu ildəki rejim dəyişikliyindən sonra bir neçə dəfə TŞ-yə seçilmək istəsə də, ABŞ və aparıcı Qərb dövlətlərinin mənfi mövqeyi üzündən bu cəhdlər uğursuz olub. Halbuki İran vaxtilə (1955-1956-cı illər) Amerikanın da dəstəyi ilə TŞ-yə üzv seçilmişdi.

Sözsüz ki, BMT TŞ-yə üzvlük Azərbaycan üçün böyük önəm kəsb edir. Çünki BMT TŞ-nin müvəqqəti üzvləri, veto hüquqlu daimi üzvlər qədər geniş imkanlara malik olmasalar da, qərar qəbulunda müəyyən rol oynayırlar. TŞ-də qərarların qəbulu üçün 5 daimi üzvlə yanaşı, ən azı 4 müvəqqəti üzvün də lehinə səsi zəruridir. Bundan əlavə, TŞ-yə sədrlik hər ay dəyişir və bütün üzvlər əlifba sırası üzrə sədrlik edirlər.

Odur ki, ölkəmiz BMT Təhlükəsizlik Şurasına müvəqqəti üzv olduğu 2 il müddətində dünyanın ən əhəmiyyətli siyasi problemlərinin müzakirəsində aktiv şəkildə iştirak edəcək. Azərbaycanın BMT Baş Assambleyadakı səsvermədə 155 ölkənin səsini qazanması göstərir ki, biz dünya dövlətlərin diqqətini cəlb etməyi bacarmışıq. Ölkəmiz qarşıdakı iki ildə Qarabağ məsələsini daha fəal şəkildə dünyanın diqqətinə gətirə bilər.

Beləliklə, 2012-ci il yanvarın birindən Azərbaycan BMT TŞ-nin qeyri-daimi üzvləri sırasında Şərqi Avropa qrupundan Bosniya-Herseqovinanı əvəz edərək iki il müddətinə (2012-2013) qurumda təmsil olunacaq. Azərbaycanla yanaşı daha 4 ölkə - Qvatemala, Mərakeş, Pakistan və Toqo (müvafiq olaraq Braziliya, Qabon, Livan və Nigeriyanı əvəz edəcəklər) BMT TŞ-nin qeyri-daimi üzvü kimi fəaliyyətə başlayacaqlar. Bu beşlikdən savayı, 2012-ci ildə BMT TŞ-nin qeyri-daimi üzvləri sıraslnda Hindistan, Almaniya, Portuqaliya, Kolumbiya, Cənubi Afrika da yer alacaq.

Vüqar Orxan,

azerbaycanlı.org

* * *

►Mövzuya dair:  

Prezident İlham Əliyevin Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi münasibətilə bəyanatı

- Əziz dostlar, hörmətli xanımlar və cənablar!

Bir neçə saat bundan əvvəl ölkəmizin həyatında çox əlamətdar və tarixi hadisə baş vermişdir. BMT Təhlükəsizlik Şurasına seçkilərdə Azərbaycan bu mötəbər təşkilatın üzvü seçilmişdir. Bu böyük qələbə münasibətilə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bu, həqiqətən də böyük qələbədir. BMT Təhlükəsizlik Şurası dünyanın ən mötəbər qurumudur və Azərbaycan müstəqil dövlət kimi artıq bu qurumun üzvüdür.

Bildiyiniz kimi, iki gün ərzində keçirilən seçkilərdə Azərbaycan bütün turlarda, bütün mərhələlərdə üstünlük əldə etmişdir. Birinci turda 3 namizədin arasında 1-ci yeri Azərbaycan tutmuşdur. Ondan sonra keçirilən səsvermələrdə həmişə bizim ölkəmizə çox böyük dəstək verilmişdir. Nəticədə 155 ölkə Azərbaycanın namizədliyini dəstəkləyərək, etimad göstərərək bizi bu mötəbər təşkilata üzv seçdi. Mən fürsətdən istifadə edərək bizə inanan, bizə güvənən, bizə böyük hörmət göstərmiş bütün ölkələrə minnətdarlığımı bildirmək istəyirəm. Demək istəyirəm ki, Azərbaycan bu təşkilatda sadiq olduğu ideallara, sülhə, təhlükəsizliyə, demokratiyaya, ədalətə xidmət edəcəkdir.

Uğurlarımız kifayət qədər çoxdur. Bu il biz müstəqilliyimizin 20 illiyini qeyd edirik. Biz bu böyük yubileyi böyük təntənə ilə və böyük uğurlarla qeyd edirik. Yubiley ərəfəsində keçirilmiş tədbirlər, verilmiş bəyanatlar ölkənin dinamik və uğurlu inkişafını əks etdirir. Yəni, ölkəmiz bütün sahələrdə inkişaf edir. Ölkə daxilində proseslər müsbət istiqamətdə gedir. Ölkəmizdə dünyada analoqu olmayan inkişaf yaşanır. Bu inkişaf bütün sahələrdə özünü göstərir. Azərbaycan həm sosial məsələlərin həllində, iqtisadi inkişafda, infrastruktur layihələrinin icrasında uğurla irəliyə gedir. Bütün bu uğurlarla, ölkə daxilində aparılan islahatlarla bərabər bizim xarici siyasətimiz də çox çevik və uğurludur. Bizim xarici siyasətimizin əsas mahiyyəti ondan ibarətdir ki, Azərbaycan müstəqil siyasət aparır. Bu siyasət Azərbaycan xalqının maraqlarını təmin edir. Bu siyasət əməkdaşlığı genişləndirmək, artırmaq üçün aparılan siyasətdir.

Bizim dünyadakı dostlarımızın sayı artmaqdadır. Mən dəfələrlə bu məsələ ilə bağlı Azərbaycan ictimaiyyətinə fikirlərimi bildirmişdim. Bu gün də demək istəyirəm ki, dünyada dostlarımız kifayət qədər çoxdur. Əgər əvvəlki dövrlərdə belə bəyanatlar konkret nəticələrlə təsdiqlənmirdisə, bu səsvermə verilən bütün bu bəyanatların əyani sübutudur. Dünya miqyasında 155 ölkə Azərbaycana inanır, Azərbaycana hörmət edir, Azərbaycana rəğbətlə yanaşır və Azərbaycanı dəstəkləyir.

Müstəqilliyimiz dövründə - 20 il ərzində belə böyük uğurun əldə edilməsi doğrudan da tarixi nailiyyətdir. Biz 20 il ərzində müstəqil ölkə kimi özümüzü dünyada təsdiq edə bilmişik. Biz sübut edə bilmişik ki, Azərbaycan etibarlı tərəfdaşdır, Azərbaycan dost ölkədir və dostların sayının artması bizim siyasətimizin təntənəsidir. Bu səsvermə müstəqilliyimizin 20 illiyinə təsadüf edir. Bu, çox rəmzi məna daşıyan bir hadisədir. Bu, göstərir ki, 20 il ərzində Azərbaycan müstəqil dövlət, dünyada böyük şöhrətə malik olan ölkə kimi özünü göstərib.

Bu qələbə Azərbaycan xalqının qələbəsidir. Bu qələbə Azərbaycan dövlətinin qələbəsidir, siyasətimizin təntənəsidir. Bu böyük qələbə münasibətilə mən öz sevincimi Azərbaycan vətəndaşları ilə bölüşmək istəyirəm. Bir daha bütün Azərbaycan xalqını əmin etmək istəyirəm ki, bundan sonra da ölkəmiz uğurla inkişaf edəcək, bundan sonra da qələbələrimizin sayı çox olacaqdır. Əziz dostlar, bu tarixi hadisə münasibətilə sizi bir daha ürəkdən təbrik edirəm, bütün Azərbaycan xalqına cansağlığı və xoşbəxtlik arzulayıram.

AzərTAc, 25.10.2011

Xəbərlər
Redaktorun seçimi