“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
08.12.2009, 22:01
494

Qarabağ məsələsi Obama-Ərdoğan görüşündə müzakirə olunub

A- A+

Ərdoğan: Türkiyə-Ermənistan yaxınlaşması Qarabağ probleminin həllindən çox asılıdır

Amerika Birləşmiş Ştatlarında səfərdə olan Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğanın dekabrın 7-də Ağ Evdə prezident Barak Obama ilə görüşüb.

Görüşdə Türkiyənin bölgədəki rolu, Əfqanıstana əsgər göndərilməsi, Türkiyə-Ermənistan münasibətləri və Yaxın Şərqdəki son vəziyyət müzakirə olunub.

Türkiyə tərəfdən görüşdə dövlət nazirləri Əli Babacan, Egemen Bağış, xarici işlər naziri Əhməd Davudoğlu, nazir Mustafa Dəmir, millət vəkillərinin təmsilçisi olaraq keçmiş nazir Gürşad Tüzmən və Türkiyənin ABŞ-dakı səfiri Nabi Şənsoy iştirak ediblər.

Danışıqlardan sonra jurnalistlər qarşısında brifinqlə çıxış edən liderlər müzakirə olunan məsələlər üzərində ətraflı dayanmışlar.

Tərəflər bildirmişlər ki, bölgədə sülhün və sabitliyin bərqərar olması istiqamətində NATO müttəfiqləri birgə addımlar atacaqlar. Türkiyə və Birləşmiş Ştatlar Əfqanıstan və İraqda vəziyyətin stabilləşməsi, İranın nüvə proqramının beynəlxalq hüquqla müəyyənləşən hüdudlar çərçivəsində inkişaf etməsi, İsrail-Fələstin, İsrail-Suriya münasibətlərinin yaxşılaşdırılması, terrorla mübarizə üzrə əməkdaşlığı davam etdirəcəklər.

Barak Obama ümid etdiyini bildirmişdir ki, ABŞ-Türkiyə əməkdaşlığı təkcə NATO çərçivəsindəki hərbi-strateji səpkidə qalmayıb, artan iqtisadi münasibətlərə də arxalanacaqdır. ABŞ Prezidenti bu məsələyə böyük nikbinliklə baxdığını demişdir.

Türkiyənin baş naziri Ərdoğan bu fikrə əlavə etmişdir ki, tərəflər arasında digər mühüm əməkdaşlıq məsələsi enerji sahəsidir. Türkiyənin tranzit ölkə olduğunu bildirən Ərdoğan “Nabukko” layihəsi üzrə razılaşmanın imzalandığını və Azərbaycanla bu məsələ üzrə danışıqların davam etdiyini söyləmişdir. O, layihə üzrə müsbət irəliləyişin əldə olunacağına inamını ifadə etmişdir.

Baş nazir jurnalistlərə onu da demişdir ki, tərəflər “olduqca böyük əhəmiyyət daşıyan Azərbaycan ilə Ermənistan arasında münasibətləri” müzakirə etmişlər. Bu, Türkiyə-Ermənistan münasibətləri kontekstində çox vacibdir.

Baş nazir bildirib ki, görüşdə ATƏT-in Minsk qrupunun həmsədri olaraq ABŞ-ın, həmçinin Rusiya və Fransanın Dağlıq Qarabağ problemi ilə bağlı danışıqları daha da sürətləndirmələrinin vacibliyi və bunun prosesləri daha yaxşı yönə aparacağı barədə fikir mübadiləsi ediblər.

Baş nazir deyib ki, Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması prosesi Dağlıq Qarabağ danışıqları ilə çox bağlıdır: “Türkiyə rəhbərliyi olaraq bizlər bu məsələdə qərarlıyıq”.

Ərdoğanın sözlərinə görə, Barak Obama ilə Minsk qrupu həmsədr ölkələrinin prosesə necə təkan verə biləcəyi barədə fikir mübadiləsi aparılmışdır. Bildirilmişdir ki, Minsk prosesinə təkan ümumi proseslərin gedişinə müsbət təsir göstərəcəkdir. Çünki Türkiyə və Ermənistan münasibətlərinin normallaşması bu məsələdən çox asılıdır.

Ərdoğan bölgədəki vəziyyəti Obama ilə geniş müzakirə etdiklərini vurğulayıb. O deyib ki, bölgədə və dünyada sülhün və sabitliyin bərpa olunmasında ABŞ-ın önəmli rolu olduğuna inanır.

Prezident Obama isə baş nazir Ərdoğanı Türkiyə ilə Ermənistan arasında münasibətlərin qurulmasına cəhddən dolayı təbrik etdiyni deyib. ABŞ prezidenti bildirib ki,Ərdoğanı bu istiqamətdə səyləri davam etdirməyə həvəsləndirib.

Barak Obama Türkiyənin baş naziri ilə regional məsələləri, İranın nüvə proqramı ilə bağlı problemin diplomatik yolla həllini, NATO çərçivəsində Ankaranın raket müdafiə sistemindəki rolunu müzakirə etdiyini demişdir. O, Türkiyəni bölgədə və dünyada mühüm rola malik olan böyük ölkə adlandırmış, Yaxın Şərq, Əfqanıstan, İraq və digər beynəlxalq məsələlərdə tərəfdaşlığın daha da güclənəcəyini söyləmişdir.

* * *

Rəcəb Tayyip Ərdoğan: “Azərbaycanın “Nabucco” layihəsində payı 10 faizdən 25 faizədək artırıla bilər”

“Türkiyə əsas tranzit xətti üzərində yerləşir və biz “Nabucco” layihəsinə dəstək verməyə hazırıq”.

APA-nın Vaşinqtondakı müxbirinin verdiyi məlumata görə, bu sözləri ABŞ prezidenti Barak Obama ilə görüşdən sonra keçirdiyi mətbuat konfransında Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan söyləyib.

Ərdoğan Azərbaycan və Türkiyə arasında layihə çərçivəsində qazın ixracı və tranziti üzrə aparılan danışıqlara da münasibət bildirib: “Azərbaycan bu məsələlərdə bizim mövqeyimizi başa düşməlidir. Hazırda Azərbaycanın layihədəki iştirak payı 10 faizdir. Biz öz tərəddüdlərimizi izah etmişik. Azərbaycan bu problemləri həll etməyə hazırdır? Bunu nəzərdən qaçırmamaq lazımdır. Bəziləri Azərbaycanın mavi yanacağıdır deyə, sanki qazın sahibinin Azərbaycan olduğunu düşünürlər. Halbuki elə deyil.

Hazırda Azərbaycanın bu layihədə payı 10 faizdir, amma təbii ki bu rəqəm 25 faizə qədər qalxacaq. Burada “Statoil”, “Total”, “bp” kimi ortaqlar var. Onlar da lazım gələndə öz sözlərini deməlidir. “Nabucco” ilə bağlı xüsusi həssaslıq nümayiş etdiririk, çünki tranzit xəttinin 1400 kilometri bizim ərazimizdən keçir və bu məsələdə lazım olan dəstəyi verməyə hazırıq”.

APA-nın Vaşinqtondakı müxbirinə açıqlama verən AKP sədrinin xarici əlaqələr üzrə müavini, keçmiş dövlət naziri Gürşad Tüzmən isə “Nabucco” kəməri üzrə Azərbaycan və Türkiyə arasında aparılan danışıqların uğurlu olacağına əminliyini ifadə edib. Onun sözlərinə görə, Azərbaycanın layihədə iştirak payının 10%-dən 25%-ə artırılması hazırda müzakirə mövzusudur.

Xəbərlər
Redaktorun seçimi