“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
07.12.2009, 22:00
472

Azərbaycan diplomatı Kosovo üzrə beynəlxalq məhkəmədə çıxış edib

A- A+

Səfir Aqşin Mehdiyev beynəlxalq hüquqda müstəqil dövlətdən birtərəfli ayrılmanın mümkün olmadığını diqqətə çatdırıb

Haaqada yerləşən Beynəlxalq Ədalət Məhkəməsində (BƏM) Kosovonun müvəqqəti özünüidarəetmə institutları tərəfindən müstəqilliyinin birtərəfli elan edilməsinin beynəlxalq hüquqa uyğun olub-olmaması məsələsi üzrə dinləmələr davam etdirilir. 

Həmin məsələ ilə bağlı BƏM-in məşvərətçi rəyi barədə BMT-nin Baş Məclisinin 2008-ci il 8 oktyabr tarixli qətnaməsində sorğu edilmişdir.

Dinləmələrdə Azərbaycan da daxil olmaqla 28 dövlət, eləcə də Kosovonun müvəqqəti özünüidarəetmə institutları tərəfindən müstəqilliyin birtərəfli elan edilməsinin müəllifləri çıxış etmək niyyətində olduqlarını bildirmişlər.

BMT-nin əsas orqanı kimi BƏM 15 hakimdən ibarətdir və dövlətlər tərəfindən baxılması üçün bu quruma təqdim olunan hüquqi mübahisələrin beynəlxalq hüquqa uyğun həlli və BMT-nin səlahiyyətli orqanları və ixtisaslaşdırılmış təşkilatların hüquqi məsələlər ilə bağlı sorğularına dair məşvərətçi rəyin verilməsi kimi iki əsas funksiyanı həyata keçirir.

Məhkəmə tərəfindən baxılan məsələyə böyük marağın olması dinləmələrdə ilk dəfə, BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü də daxil olmaqla, rekord sayda dövlətlərin iştirak etməsi ilə səciyyələnir.

Dinləmələrin ilk günündə Serbiya və Kosovonun nümayəndələri çıxış etmiş, növbəti gündə isə Albaniya, Argentina, Almaniya və Səudiyyə Ərəbistanının nümayəndələri öz mövqelərini bildirmişlər.

Dekabrın 3-də Məhkəmə Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəsi, səfir Aqşin Mehdiyevin, eləcə də Avstriyanın və Belarusun nümayəndələrinin çıxışlarını dinləmişdir.

Səfir A.Mehdiyev məsələ ilə bağlı rəsmi mövqeyini məhkəməyə təqdim etmiş, eləcə də beynəlxalq hüququn müvafiq norma və prinsiplərinin tətbiq edilməsi məsələlərinə ətraflı şəkildə toxunmuşdur.

A.Mehdiyev bir sıra sənədlərə, dövlətlərin təcrübəsinə və Beynəlxalq Ədalət Məhkəməsinin öz qərarlarına istinad edərək, dövlətlərin ərazi bütövlüyü prinsipinin əhəmiyyətini, xalqların öz müqəddəratını təyinetmə hüququnun dəqiq çərçivədə tətbiq olunmasını, beynəlxalq hüquqda müstəqil dövlətdən birtərəfli ayrılmanın mümkün olmadığını və belə problemlərlə bağlı silahlı münaqişələrdə BMT Təhlükəsizlik Şurasının rolunu vurğulamışdır.

A.Mehdiyev qeyd etmişdir ki, xüsusilə də dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət etmək, onların beynəlxal səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı və onların daxili işlərinə qarışmamaq kimi beynəlxalq hüququn norma və prinsiplərinə əsasən bütün dövlətlərin üzərinə məsuliyyət düşür.

Səfir A.Mehdiyev BMT Baş Məclisi tərəfindən sorğu edilmiş məsələ ilə bağlı məhkəmənin çıxaracağı məşvərətçi rəyin beynəlxalq səviyyədə qanunun aliliyinin möhkəmləndirilməsinə və beynəlxalq münasibətlərdə rolunun və səmərəliliyinin artırılmasına xidmət edəcəyinə ümidvar olduğunu bildirmişdir.

Beynəlxalq Ədalət Məhkəməsində dinləmələr dekabrın 11-dək davam edəcək və bundan sonra məhkəmə bir neçə ay müddətində öz məşvərətçi rəyini ictimaiyyətə açıqlayacaqdır.

AzərTAc.

 

 

Xəbərlər
Redaktorun seçimi