“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
03.03.2010, 20:07
428

Avropa Birliyi Azərbaycanla assosiativ saziş imzalayacaq

A- A+

“Avropa qonşuluq siyasəti” proqramı çərçivəsində ölkəmizə 122,5 milyon avro ayrılıb

“Ümid edirəm ki, Şərq Tərəfdaşlığı proqramı çərçivəsində Avropa İttifaqının Azərbaycanla assosiativ sazişi martın sonunda imzalanacaq".
 
Bu sözləri Avropa Birliyinə sədrlik edən İspaniyanın xarici işlər naziri Migel Anhel Moratinos martın 2-də Bakıda XİN rəhbəri Elmar Məmmədyarovla görüşdən sonra keçirilən mətbuat konfransında deyib.


Xatırladaq ki, Azərbaycan, Gürcüstan, Ukrayna, Moldova, Belarus və Ermənistan “Şərq Tərəfdaşlığı” proqramının üzvüdür. Bu proqram həmin ölkələrin Avropa Birliyinə  üzvlüyünü nəzərdə tutmur, siyasi və iqtisadi yaxınlaşma, viza rejiminin sadələşdirilməsi və enerji sahəsində əməkdaşlığı nəzərdə tutur.

Assosiasiya sazişi isə Azərbaycanla Avropa Birliyi arasında yeni ticarət imkanları açılması, viza prosedurunun sadələşdirilməsi barədə danışıqların başlanmasına təkan verəcək.

Qonağın Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla birgə mətbuat konfransında Dağlıq Qarabağ münaqişəsindən də söz açılıb.

E.Məmmədyarov deyib ki, görüşdə münaqişənin yalnız beynəlxalq hüququn prinsipləri, xüsusilə də Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin mümkünlüyü vurğulanıb. Moratinos Dağlıq Qarabağ münaqişəsinin tezliklə sülh yolu ilə həllinin vacibliyini qeyd edib.

"Azadlıq" radiosunun məlumatına görə, nazir bildirib ki, Avropa Birliyi Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olması üçün zəruri tədbirləri görmək niyyətindədir: "Bu münaqişəni bəziləri dondurulmuş, uzadılmış adlandırır, biz bunu həlli tapılmış münaqişə kimi dəyərləndiririk.

Martın 2-də prezident İlham Əliyevlə də görüşən Moratinos Avropa Birliyinin xarici əlaqələrində Azərbaycanın prioritet məsələ olduğunu deyib. O, Azərbaycanla münasibətlərin ənənəvi ikitərəfli əlaqələrdən artıq olduğunu və strateji əhəmiyyət daşıdığını qeyd edib.

Dövlət başçısı İlham Əliyev ölkənin Avropa Birliyi ilə əməkdaşlığı bütün istiqamətlər üzrə konstruktiv və qarşılıqlı maraq əsasında daha sürətlə inkişaf etdirməyə hazır olduğunu bildirib. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizama salınması məsələləri ətrafında da fikir mübadiləsi aparılıb.

Nümayəndə heyəti müxalifət liderləri ilə də bir araya gəlib. Azərbaycan Liberal Partiyasının yaydığı məlumata görə, görüşdə bu partiyanın qurucusu Lalə Şövkət, Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli və Azərbaycan Naminə İctimai Forumunun prezidenti Eldar Namazov iştirak edib. 2010-cu ilin parlament seçkisi, Avropa Birliyi-Azərbaycan münasibətləri və siyasi məhbuslar probleminin müzakirə mövzusu olduğu bildirilir.

 * * *

Avropa Birliyi Azərbaycana 122,5 milyon avro ayırdı

Ermənistana 157,3, Gürcüstana isə 180,3 milyon avro ayrılıb

Avropa Birliyi “Avropa qonşuluq siyasəti” proqramı çərçivəsində Azərbaycana 122,5 milyon avro ayırıb. Lent.az-ın “RBK” agentliyinə istinadən verdiyi məlumata görə, maliyyə ayrılması AB və onun qonşuları arasında siyasi əməkdaşlığın və iqtisadi inteqrasiyanın inkişafının gücləndirilməsinə xidmət edəcək.

AB-nin qonşuları 2013-cü ildə 2 milyard avrodan çox vəsait alacaqlar. Qeyd edək ki, bu il həmin məbləğ 1,6 milyard civarında olub.

Plana görə, Ukrayna 470,1 milyon avro, Mərakeş 580,5 milyon avro, Misir milyon avro, Moldova 273,1 milyon avro, Tunis 240 milyon avro, İordaniya 223 milyon avro, Gürcüstan 180,3 milyon avro, Əlcəzair 172 milyon avro, Ermənistan 157,3 milyon avro, Livan 150 milyon avro, Suriya 129 milyon avro, Azərbaycan 122,5 milyon avro, Liviya 60 milyon avro, İsrail 6 milyon avro alacaq. Regional proqramlara 262,3 milyon avro, regionlararası proqrama 757,7 milyon avro ayrılıb.

Xəbərlər
Redaktorun seçimi