“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
13.07.2009, 10:53
406

“Nabucco” yalnız Azərbaycan və Türkmənistanın layihədə iştirak edəcəyi təqdirdə reallaşa bilər”

A- A+

Sönər Çaqaptay: “Əgər Rusiya “Nabucco” üçün nəzərdə tutulan Azərbaycan qazının idxalına başlayacaqsa, bu layihə heç vaxt reallaşmayacaq”


“Nabucco” layihəsi ilə bağlı hökumətlərarası müqaviləni imzalayacaq ölkələrdən heç birinin qaz ixrac edən ölkə olmaması doğrudan da qəribədir”.

Bu eksklüziv açıqlamanı APA-ya Vaşinqton Universitetinin Türkiyə Araşdırmaları Proqramının direktoru Sönər Çaqaptay verib.

O, Azərbaycanla Türkiyənin qazın satış qiyməti və həcmi barədə razılığa gəlməsi barədə məlumatları belə şərh edib: “Uzun illər Türkiyə nəql edəcəyi Azərbaycan qazının 15 faizini özündə saxlamaq hüququnu tələb edirdi. İndi isə onlar bu tələbdən vaz keçiblər. Türkiyənin mavi yanacağın 15 faizinə iddialı olması onunla bağlı idi ki, bu ölkə təkcə tranzit ölkə yox, həmçinin enerji mərkəzi olmaq istəyirdi. Bu səbəbdən Azərbaycanda nəql olunacaq qazın 15 faizin ya daxili istifadə üçün saxlamaq, ya da xaricə satmaq niyyətində idilər. Bu ideya özünü doğrultmadığı üçün Türkiyə yalnız tranzit ölkə olmağa razılaşdı”.

Sönər Çaqaptayın fikrincə, “Nabucco” layihəsi yalnız Azərbaycan və Türkmənistanın bu layihədə iştirak edəcəyi təqdirdə reallaşa bilər: “Türkiyə İraqın şimalından da qaz nəql edə bilər. Amma bu addım “Nabucco” layihəsini daha da qəlizləşdirəcək. Məndə olan məlumatlara görə, Azərbaycanda “Nabucco” kəmərini səmərəli edəcək qədər qaz yoxdur. Amma biz anlamalıyıq ki, “Nabucco”ya ehtiyac var. Bakı-Tiflis-Ərzurum qaz kəməri Türkiyənin tələbatını ödəməyə yönəlib. İkinci layihə isə Azərbaycan qazını Avropaya çıxartmalıdır”.

Ekspertin sözlərinə görə, “Nabucco” layihəsinin reallaşmasını əngəlləyən amillərdən biri bu layihədə iştirak üçün çoxlu sayda ölkənin razılığa gəlməsinin zəruriliyidir: “Nabucco” ilə bağlı ən azı 6-7 ölkə arasında razılaşma əldə olunmalıdır. Eyni zamanda Rusiya da bu layihəyə etiraz etməməlidir. Hazırda qeyd etdiyim məqamların heç biri reallaşmayıb. Yəni Avropa ölkələri öz aralarında razılığa gələ bilmir, Rusiya da yaranmış ziddiyyətdən faydalanır. Həmçinin rəsmi Moskva Azərbaycandan müəyyən miqdarda qaz idxal etməyə müvəffəq olub. Əgər ruslar “Nabucco” üçün nəzərdə tutulan Azərbaycan qazının idxalına başlayacaqlarsa, onda layihə heç vaxt reallaşmayacaq. Bu baxımdan indi ən uduşlu vəziyyətdə olan tərəf Rusiyadır”.

Sönər Çaqaptayın fikrincə, Azərbaycanla Rusiya arasında qaz satışına dair imzalanan müqavilə “Nabucco” üzrə tərəflərin əməkdaşlıq etməməsinin rəmzidir: “Bu müqavilə Azərbaycanla Türkiyə arasında münasibətlərin hansısa məqamda çətinliklərlə üzləşməsinin göstəricisidir. Ortada etibarsızlıq, əməkdaşsızlıq problemləri var. İki ölkə arasında 90-cı illərdə gördüyümüz əməkdaşlıq artıq tarixə çevrilib”.

 

          Türkmənistan Rusiyanın razılığı olmadan “Nabucco”ya qaz verəcəkmi?

Ankarada layihənin imzalanma mərasimi keçirilsə də, bir çox suallara hələ də aydınlıq gətirilməyib

Ankarada «Nabukko» layihəsi imzalansa da, bir çox suallara hələ də aydınlıq gətirilməyib. Belə ki, «Nabukko» boru xətti üçün nəzərdə tutulan qazın mənbələri ilə bağlı qaranlıq məqamlar qalmaqdadır. Söhbət ilk növbədə Türkmənistandan gedir. Bu ölkənin zəngin qaz ehtiyatlarına malik olması heç kəsə sirr deyil. Lakin Rusiyanın postsovet məkanına, xüsusi ilə də Orta Asiya respublikalarına necə təsir göstərdiyini və yaxud göstərə biləcəyini nəzərə alsaq, Türkmənistanın bu layihədə müstəqil şəkildə iştirakı böyük şübhələr doğurur.

Şübhəsiz ki, bu fikirlə razılaşmayanlar da olar. Arqument kimi isə Türkmənistan prezidenti Qurbanqulu Berdımuhəmmədovun ötən həftə verdiyi bəynat gətirilə bilər. 

Berdımuhəmmədov dövlət televiziyasının efirində bəyan edib ki, ölkəsi "Nabucco" layihəsinə qoşulmağa hazırdır və bunun üçün Türkmənistanın yetərli qaz imkanları var. Lakin Türkmənistan prezidentinin bəyanatında bir kiçik, lakin maraqlı məqam da yer alıb. Berdımuhəmmədov Türkmənistanın qazı potensial alıcılara ölkə sərhəddində sata biləcəyini vurğulayıb.

Dolayısı ilə Berdımuhəmmədov ölkəsinin qazı satmaq istədiyinə, ancaq, eyni zamanda, "qadağa" qoyulmuş beynəlxalq layihələrdə bilavasitə iştirak etmək niyyətində olmadığına işarə edib. Onun bəyanatını bu cür improvizasiya etmək olar: "İmkanınız varsa, Rusiya ilə özünüz razılığa gəlin. Bundan sonra kəməri inşa edin və biz sərhəddimizdə sizə qaz sataq".

Diqqət çəkən məqamlardan biri də Türkmənistanın qaz ehtiyatlarının həcmi ilə bağlıdır. Bu amil prinsip etibarilə "Nabukko" layihəsinin taleyini həll edə bilər. Beynəlxalq audit şirkətlərinin hesablamalarına görə, təkcə Türkmənistanın cənub-şərqində yerləşən Cənubi İolotan və Osman yataqlarının qaz ehtiyatları 7 trilyon kubmetrə bərabərdir. Bəzi məlumatlarda isə müvafiq rəqəm 14 milyon kubmetr təşkil edir. Yəni, bu kifayət qədər böyük bir rəqəmdir.

Türkmənistanın sabiq prezidenti Saparmurad Niyazovun ölkəsinin 250 il ərzində hər il 150 milyard kubmetr qaz satmaq imkanına malik olmasına dair bəyanatları rəsmi Aşqabadın qitələrarası "qaz oyunları"nın potensial iştirakçısına çevrilə biləcəyinə işarə edir.

Xatırlatmaq yerinə düşər ki, ötən ay Cənubi İolotan yatağının istismarı üçün Çin Türkmənistana 3 milyard dollar kredit təklif edib. Hazırda Türkmənistandan Çinə qaz boru xətti çəkilir. Layihənin iki ilə həyata keçməsi planlaşdırılır. Boru kəmərinin uzunluğu 7 min kilometr təşkil edir. Kəmərin illik ötürücülük imkanı 40 milyard kubmetr olacaq.

Lakin ən önəmli və əsas amil yenə də siyasətə söykənir. Türkmənistanın nə qədər böyük qaz ehtiyatlarına malik olmasına baxmayaraq, Moskvanın razılığı olmadan bu ölkənin "Nabucco"da iştirakı röya kimi görünür. Doğrudur, Aşqabad Qərbin dəstəyinə və vədlərinə arxalanaraq bu məsələdə müstəqil siyasət yürüdə bilər.

Lakin bu halda hökmən Rusiyanın təzyiqləri ilə üzləşməli olacaq. Görəsən Türkmənistan buna hazırdırmı? Çox güman ki, yox. Ən azı bu "oyunlarda" iştirak etmək üçün ölkənin zəngin siyasi təcrübəyə malik liderə ehtiyacı var. Türkmənistanın prezidenti Qurbanqulu Berdımuhəmmədovun isə bu kimi keyfiyyətlərə malik olduğunu söyləmək çətindir.

"Nabucco"nun digər potensial iştirakçı qismində İranın adı hallanır. Qonşu ölkənin prinsip etibari ilə bu layihədə iştirakı mümkündür. Hər halda bunu rəsmi Tehran da, Avropa Birliyi ölkələri də arzulayır. Əgər Avropa Birliyi üçün İranın bu layihəyə qoşulmasına qitənin enerji təhlükəsizliyinin bir elementinə kimi baxırsa, Tehran üçün "Nabucco" layihəsi beynəlxalq arenadakı mövqelərinin möhkəmləndirilməsi və təbii ki, iqtisadi mənfəət deməkdir.

İranın Ankaradakı səfirinin iqtisadi məsələlər üzrə müşaviri bəyan edib ki, İran “Nabucco” üçün 10 milyard qaz verməyə hazırdır. Lakin burada ABŞ amili da var. Bəlli olduğu kimi, Birləşmiş Ştatlar İranın nüvə proqramını və bu ölkənin Yaxın Şərqdəki siyasətini əsas gətirərək Tehranın "Nabucco"dakı iştirakına mənfi yanaşır. Bu isə öz növbəsində İranın bu layihədə iştirakına ciddi maneələr yarada bilər.  

Nəhayət, "Nabucco"nun daha bir potensial iştirakçısı - İraq. Bu ölkənin adı layihənin perspektiv qaz mənbələrinin sırasında yer alsa da, rəsmi imzalanma mərasiminə bir gün qalmış Bağdaddan gələn xəbər İraqın bu işdən geri çəkildiyini göstərdi. Belə ki, İraq hökumətinin rəsmisi Əli əd-Dabax ölkəsində "Nabucco" üçün yetərli qaz həcmlərinin olmadığını bəyan edib. "İraqda hasil edilən qaz daxili tələbat üçün lazımdır. Ola bilsin ki, gələcəkdə İraq qaz ixracatçılarından birinə çevriləcək. Lakin indi bizim yetərli ehtiyatlarımız yoxdur", - deyə o vurğulayıb.

Bu isə o deməkdir ki, "Nabbuco" layihəsi işə düşsə belə, İraq ilkin mərhələdə iştirak etməyəcək. Bütün bunlardan belə nəticəyə gəlmək olar ki, layihənin əsas fiquru rolunda Azərbaycan çıxış edəcək. Ən azı ilkin mərhələdə. 

 

Xəbərlər
Redaktorun seçimi