“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
15.05.2009, 12:49
100

Almaniya Qarabağ münaqişəsinin ərazi bütövlüyü əsasında həllinə tərəfdardır

A- A+

Bu fikir Almaniya Bundestaqında Cənubi Qafqaza dair qəbul olunmuş qətnamədə əksini tapıb

Mayın 14-də Almaniya Federativ Respublikasının Bundestaqında ölkənin parlament tarixində ilk dəfə olaraq Cənubi Qafqaza dair qətnamə qəbul edilib. 

Azərbaycanın Almaniyadakı səfirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qətnamə “Cənubi Qafqazda təhlükəsizlik, stabillik və demokratiyanın gücləndirilməsi” adlanır. Sənədə əsasən parlament respublikası olan AFR-in ən ali orqanı - Bundestaq hər üç Cənubi Qafqaz dövlətinin ərazi bütövlüyünü tanıyır, regiondakı münaqişələrin məhz bu dövlətlərin ərazi bütövlüyü və suverenliyi prinsipləri əsasında həllini dəstəkləyir.

Qətnamədə münaqişələrin həlli məsələsində dövlətlərin razılığı olmadan sərhədlərin dəyişdirilməsinin yolverilməzliyi kimi beynəlxalq hüququn əsas prinsipi üstün tutulur: “Bütün dövlətlər - Ermənistan, Azərbaycan və Gürcüstanın ATƏT-in Paris Xartiyası ilə müəyyən edilmiş öz tərəfdaşlarını və müttəfiqlərini azad seçmək hüququnu tanımalıdır. ATƏT Xartiyasının prinsipləri ərazi bütövlüyü və suverenlik hüquqlarını təmin edir. Sərhədlər yalnız tərəflər arasında razılaşma əsasında dəyişdirilə bilər. Bu prinsiplər Cənubi Qafqazda və Avropanın digər regionlarında münaqişələrin həlli üçün bütün səylərin əsasını təşkil edir”.

Qətnamədə Bundestaq Almaniya hökumətini “Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT tərəfindən qəbul edilmiş qətnamələrin, eləcə də Avropa Şurası və ATƏT-in qərar və qətnamələrinin yerinə yetirilməsi üçün bütün səylərini səfərbər etməyə” çağırır. Bundestaq həmçinin hökumətdən Cənubi Qafqazdakı münaqişələrin həlli üçün göstərilən səylər çərçivəsində bütün qaçqın və məcburi köçkünlərin yurd-yuvalarına qayıtması da daxil olmaqla, bu məsələnin həlli istiqamətində fəallığını artırmasını tələb edir.

Sənəddə bildirilir ki, həll olunmamış münaqişələr hər zaman gərginliyin artması və silahlı qarşıdurmalara gətirib çıxara bilər, bu da həm bölgənin özü, həm də qonşuluqda yerləşən dövlətlər, o cümlədən Avropa üçün arzuolunmaz nəticələrə səbəb olar.

Qətnamədə münaqişələrlə yanaşı, Cənubi Qafqazda stabilliyin gücləndirilməsi, demokratiyanın inkişafı, infrastrukturun bərpası, enerji sahəsində əməkdaşlıq, viza rejiminin asanlaşdırılması məsələlərinə də yer ayrılıb. Hər üç Cənubi Qafqaz ölkəsinin Avropanın Mərkəzi və Cənub-Qərbi Asiya ilə əlaqəsini təmin edən region olaraq neft-qaz ehtiyatlarının istehsalçısı və tranzit ərazi kimi Almaniya və Avropanın enerji təchizatında mühüm rol oynadığı vurğulanıb.

Avropa Birliyinin “Şərq tərəfdaşlığı” çərçivəsində bölgə ilə əlaqələrinin daha da gücləndirilməsi, Çexiyanın AB-də sədrliyi müddətində “Nabucco” layihəsinin reallaşdırılması ilə bağlı niyyətinə dəstək verilməsi, eləcə də region ölkələrində infrastrukturun inkişafına yardım göstərilməsinin zəruriliyi ifadə olunub.

Almaniya Bundestaqı gələcəkdə bölgə ölkələri ilə Ukrayna nümunəsinə uyğun olaraq assosiativ müqavilələrin və regionla fəal sosial əlaqələrin təmin edilməsi məqsədilə viza rejimini asanlaşdıran sazişlərin bağlanması niyyətini də bəyan edib.

Qətnamə ilə bağlı keçirilmiş birinci parlament dinləmələrində Almaniya Bundestaqında təmsil olunan bütün fraksiyalar - xristian demokrat və xristian sosialist ittifaqları, azad demokratlar, sosial demokratlar, solçular və yaşıllar birmənalı şəkildə Azərbaycan ərazisinin 20%-nin işğal olunmasını pisləyərək Ermənistanın Azərbaycan ərazilərindən geri çəkilməsinin və Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsində həll edilməsinin vacibliyini vurğulayıblar.

Dinləmələrdə işğal olunmuş ərazilərdə etnik təmizləmə aparılaraq əhalinin öz yurd-yuvalarından qovulması pislənilib, qaçqın düşmüş insanların geri qaytarılmasının zəruriliyi qeyd edilib. İkinci parlament dinləmələrində isə qətnamə müzakirələr keçirilmədən qəbul olunub.

APA, 15.05.2009.

Xəbərlər
Redaktorun seçimi