“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
06.07.2011, 17:18
453

50 yaşın mübarək, qardaş!

A- A+

Araz Zeynalovun yubileyinə söz deməyin asanlığı və çətinliyi

Biz onunla həmyaşıq… Bizimlə eyni yaşda olanlar ölkələri idarə edir, dünyanın siyasi elitasında yer tuturlar. Görünür, istedadlı nəsilmişik, ancaq hərəmizin öz taleyi var… Kimi rəsmi məqamlarda əyləşib dövrana hökm edir, kimi də dövranın hökmünə tabe olub özünün sadə ömrünü yaşayır. Bizim kimi…

Əslində, bunu elə-belə, sözgəlişi yazdım. Məqsədim 61-cilər nəslinin xüsusi bir təbəqə olduğunu vurğulamaq deyil. Sadəcə, bu il biz əllini yola salırıq… Növbə ilə…

İyulun 7-də Araz Zeynavloun 50 yaşı tamam olur.

Ötən əsrin sonlarında adını ölkənin ən populyar qəzetləri sırasına yazaraq, tarixə çevrilən «Panorama» qəzetinə onun baş redaktor təyin edildiyi günləri xatırlayıram. Mən o vaxtacan Araz Zeynalovu şəxsən tanımırdım. Amma «Kommunist» qəzetində qısa müddətdə onun atası, əsl ziyalı, əməkdar jurnalist Hidayət müəllimlə birlikdə işləmək nəsib olmuşdu mənə… Bilirdim ki, Zeynalovlar ailəliklə jurnalistdirlər… Hidayət müəllimin həyat yoldaşı, «Kommunist»in veteranlarından olan Məryəm xanım, onların iki oğlu, gəlinləri… Və mütləq qeyd olunmalıdır ki, bu ailənin üzvlərinin Azərbaycan jurnalistikasında özünəməxsus xidmətləri olub və indi də var.

…«Panorama» qəzeti altı ay idi, işıq üzü görürdü. Bu qısa müddətdə iki baş redaktor dəyişmişdi təsisçi... Hər ikisi tanınmış jurnalist idi. Amma qəzetin məram və məqsədini gözlənilən və istənilən formada gerçəkləşdirə bilməmişdilər. Hər halda belə güman olunurdu…

Məni ikinci baş redaktor - rəhmətlik Aqşin Kazımzadə götürmüşdü işə… Çox istedadlı jurnalist Faiq Novruzla (hazırda AzTV-də işləyir) eyni gündə gəlmişdik və iki ay olardı, redaksiyada başımızı girləyirdik… Nədən ki, redaksiya üçün prioritet rus variantı idi və bizdən də elə ciddi yaradıcılıq tələbi olunmurdu. Hərçənd, Azərbaycan variantı üzrə baş redaktorun müavini, dünyasını vaxtsız dəyişmiş istedadlı jurnalist Adil Qaçayoğlu hər vəchlə çalışırdı ki, bizi də bu prosesə qoşsun. Öz tərəfimdən deyirəm, alınmırdı…

Araz Zeynalovun baş redaktor təyinatı mənim redaksiyada olmadığım günlərdə baş vermişdi. 1996-cı ilin may ayının əvvəlləri idi… Yeni iş həftəsi yeni baş redaktorla başlanırdı və əslində, mən özümə iş axtarmalı olacağımı düşünürdüm… Amma qəzet onun üçün ayrılmış «ömür müddəti»ni başa çatdırana qədər - dörd ilə yaxın burada işlədim. Bu müddətdə redaksiya daxilində «irəli çəkilən», bəlkə də yeganə əməkdaş oldum: şöbə müdiri, baş redaktorun müavini, hətta baş redaktor əvəzi…

Hə, elə bir məqam oldu ki, mən müvəqqəti Arazı da əvəz etməli oldum…

Üstündən on iki il keçir. «Panorama»da bu gün də çox böyük məmnunluqla yada düşən xoş anlar yaşadığıma, ürəyimcə jurnalist fəaliyyəti göstərdiyimə, o redaksiyada etibarlı dostlar qazandığıma görə heç vaxt ona təşəkkür eləməmişəm.

İndi edirəm…

Əslində, Arazın tək mənə yox, bizimlə birlikdə işləyənlərin hamısına ilk gündən eyni hörmət, eyni səmimiyyət, eyni etibarla yanaşdığını görmüşəm. Əməkdaşlarının sayı az qala yüz nəfərə çatan, hər gün iki dildə nəşr olunan, cəmiyyətdə böyük nüfuz qazanmış bir qəzetin baş redaktorunun bu qədər əlçatan olmasını təsəvvür etmək çətindi. Onun kabinetinə daxil olmaq üçün köməkçisinə müraciət etmək və ya qapısını döymək heç kimin ağlına gəlmirdi… O qapı hamımız üçün, Arazın həssas qəlbi kimi, daim açıq idi… Mən onun əməkdaşlardan kiməsə qəzəbləndiyini, hirslə irad tutduğunu, bəzi redaktorlar kimi, yazısını başına çırpdığını heç görmədim. Arazın yüksək əxlaqlı davranışı, ziyalılığı, təmkinliliyi və ədalətliliyi qarşısında onu təkcə rəhbər deyil, həm də əsl dost və qayğıkeş həmkar kimi saymaq, hörmətini saxlamaq bizim hər birimizin borcu idi… Əksərən də o borcu layiqincə yerinə yetirirdi… 

Araz redaksiyada yaşlı və təcrübəli işçilərlə gənc və yeni yazmağa başlayanlar arasında elə dəqiq tənasüb yaratmağa nail olmuşdu ki, bu, «Panorama»nın yetkin bir qəzet olaraq, indi də vicdanlı həmkarlarımızın etiraf etdiyi, uğurlarının, bəlkə də ən mühüm şərti idi…

… Araz «Panorama»ya yenicə baş redaktor təyin edildiyi vaxtdı. Müxtəlif dostlar ona öz tanışlarını işə götürmək üçün xahişlər edirlər. Hər gün belələri gəlir, Araz onlarla söhbət edir, kimisini işə götürür, kimisini yola verir…

«Panorama»nın «şinel»i çox böyük idi, burdan bir-iki təsadüfi adamın çıxması da təbiidir. İsdedadlı və indinin özündə də mətbuatda söz sahibi olan tanınmış şəxslərin isə sayı onlarladır.

Eləsi var, qəzetə özünün zəngin təcrübəsi ilə gəlmişdi və burada qələmini daha da «itiləşdirdi», nüfuzunu daha da artırdı.

Eləsi var, «Panorama» onun ilk iş yeri, ya da ilk sanballı iş yeri idi və burada o, jurnalist kimi özünü təsdiqləyib, sonrakı yaradıcılıq karyerası üçün təcrübə, peşəkarlıq qazandı.

«Panorama»da Arazın baş redaktorluğu dövründə işləyənlərdən bəzilərinin adlarını çəkəcəyəm: böyük jurnalist-publisist, ikiqat əməkdar mədəniyyət işçisi Şakir Yaqubov, əməkdar mədəniyyət işçisi Xanlar Məmmədov, əməkdar jurnalistlər İlqar Hüseynov, Ağasəf Babayev, tanınmış qələm sahibləri Müsəllim Həsənov, Rövşən Binnətli, Faiq Novruzov, Süleyman Qaradağlı, Şərif Ağayar, Seymur Elsevər, Mətin Yaşaroğlu, İlhamə Novruzova, Aida Eyvazlı…

O vaxt bizimlə birgə işləyənlərdən indi Rüfət Gülməmmədov, Ayaz Qocayev kimi dövlət qulluğunda çalışanlar da var… 

Əminəm ki, onların da hər biri Araz Zeynalovla birgə işlədikləri dövrü könül xoşluğu və minnətdarlıq hissi ilə xatırlayırlar.

Deyəsən, «Panorama» ilə bağlı nostalji hisslərə qapılıram və Araz Zeynalovun ondan əvvəl və sonra da böyük jurnalistikada öz sözünü dediyini yaddan çıxarıram.

«Azərbaycan gəncləri» qəzetində onun müxbirlikdən baş redaktorluğa qədər yaradıcılıq yolu keçdiyini mütləq deməliyəm. Araz bizim gəncliyimizin qəzeti olan o unudulmaz nəşrdə özünün peşəkarlığını təsdiqləmişdi…

İndi uzun illərin işsizliyindən sonra çalışdığı internet-qəzeti - «vesti.az»ı da necə populyarlaşdırdığını görürük. Araz bununla bir daha sübut elədi ki, istedadlı adam işsiz qala bilər, amma izsiz qala bilməz!

…Mən bu qeydləri darmacalda yazdım. Yazılmalı, xatırlanmalı o qədər unudulmaz məqamlar vardı ki, onlara toxuna bilmədim.

...Bəlkə də Arazı yüksək dəyərləndirən dostlarımın iradlarını eşidəcəyəm.

...Əslində, onlar da bu yubileyə söz deməliydilər.

...Qalsın gələn yubileyə!

Mən onların da adından deyirəm: 50 yaşın mübarək, qardaş!

Elşən Əliyev,

«Azərbaycan işıqları” qəzetinin baş redaktoru

 

 

Xəbərlər
Redaktorun seçimi