“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
03.10.2009, 08:52
351

Naxçıvanda türk dövlət başçılarının IX sammiti keçirilib

A- A+

Sammitdə Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının yaradılması haqqında saziş imzalanıb

Oktyabrın 3-də Naxçıvanda türkdilli ölkələrin dövlət başçılarının IX zirvə görüşü keçirilib.  

AzərTAc-ın məlumatına görə, “Duzdağ” mehmanxanasının konfrans zalında keçirilən zirvə görüşünə Azərbaycan prezidenti İlham Əliyev, Türkiyə prezidenti Abdullah Gül, Qazaxıstan prezidenti Nursultan Nazarbayev, Qırğızıstan prezidenti Kurmanbek Bakiyevi və Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Xıdır Saparlıyev qatılıblar.

Öncəki zirvə toplantısında (noyabr 2006, Antalya) olduğu kimi, Özbəkistan bu sammitdə də təmsil olunmayıb.

Sammit iştirakçıları xatirə şəkli çəkdirdikdən sonra dövlət başçısı mərasimdə açılış nitqi söyləyib.

Tədbiri açıq elan edən Azərbaycan prezidenti İlham Əliyev türkdilli ölkələrin liderlərini və nümayəndə heyətlərini salamlayıb. Dövlət başçısı 1992-ci ildəki ilk zirvə görüşündən keçən 17 il ərzində türkdilli ölkələr arasında ikitərəfli və çoxtərəfli münasibətlərin, işbirliyinin möhkəmləndirilməsində əsaslı dəyişikliklərin baş verdiyini söyləyib, ötən toplantılarda regional və beynəlxalq məsələlər haqqında faydalı fikir mübadiləsi aparıldığını, bərabərlik prinsipinə əsaslanan əlaqələrin gücləndirilməsi, iqtisadi və sosial inkişafın sürətləndirilməsi baxımından böyük irəliləyişlər olduğunu bildirib.

Daha sonra isə tədbirdə Türkiyə prezidenti Abdulla Gül çıxış edib. “Azərbaycan və Ermənistan arasında mövcud olan münaqişə də daxil olmaqla Cənubi Qafqaz regionunda bütün münaqişələrin dövlətlərin ərazi bütövlüyü çərçivəsində həllinin vaxtı çatıb”- deyən Türkiyə prezidenti ölkəsinin Azərbaycanın ərazi bütövlüyünə xüsusilə əhəmiyyət verdiyini bildirib: “Azərbaycanın işğal altında olan torpaqlarında işğal faktorunun dərhal aradan qalxmasının zəruri olduğuna inanırıq. Artıq bunun vaxtı gəlib çatıb. Arzu edirik ki, Dağlıq Qarabağ münaqişəsi dialoq yolu ilə, diplomatik vasitələrlə həllini tapsın və bütün Cənubi Qafqaz bölgəsində sülh və əmin-amanlıq bərqərar olsun. Amma sözsüz ki, bu istək yalnız işğal faktoru aradan qalxdıqdan sonra gerçəkləşə bilər”.

Sonra Qazaxıstan prezidenti Nursultan Nazarbayev, Qırğızıstan prezidenti Kurmanbek Bakiyev, Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Xıdır Saparlıyev çıxış ediblər.

Çıxış edənlər ötən illər ərzində türkdilli ölkələr arasında ikitərəfli və çoxtərəfli münasibətlərin möhkəmləndirilməsində əsaslı dəyişikliklərin baş verdiyini bildiriblər.

Sammitdə regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb, əlaqələrin daha da möhkəmlənməsi məqsədi ilə təkliflər səsləndirilib.

Azərbaycan prezidenti İlham Əliyev zirvə görüşünə yekun vurub. Prezident deyib ki, növbəti görüş 2010-cu ildə Bişkekdə keçiriləcək.

Görüşdə Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının yaradılması haqqında saziş və Naxçıvan Bəyannaməsi imzalanıb.

Türkdilli ölkələrin dövlət başçılarının IX zirvə görüşü başa çatıb.

Qeyd edək ki, Türkdilli ölkələrin dövlət başçılarının ilk zirvə görüşü 1992-ci ildə Ankarada, sonrakı toplantılar 1994-cü ildə İstanbulda, 1995-ci ildə Bişkekdə, 1996-cı ildə Daşkənddə, 1998-ci ildə Astanada, 2000-ci ildə Bakıda, 2001-ci ildə İstanbulda və 2006-cı ildə Antalyada keçirilib.

Xəbərlər
Redaktorun seçimi