“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
03.07.2009, 11:15
401

Milli Məclis Amerika Konqresinə müraciət edib

A- A+

Müraciətdə ABŞ-ın Dağlıq Qarabağa ayırdığı yardımların Azərbaycan hökuməti vasitəsilə çatdırılması təklif olunur

Xəbər verildiyi kimi, iyunun 30-da Azərbaycan Respublikasının Milli Məclis adından ABŞ Konqresinə müraciət qəbul olunub. 

Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi ilə iqtisadi siyasət komitəsinin birgə keçirilən iclasında qəbul edilən müraciətdə ABŞ Konqresinin Dağlıq Qarabağa birbaşa yardım ayırmasının Azərbaycanın suverenliyinə zidd olduğu nəzərə çatdırılır və təklif olunur ki, ABŞ-ın Dağlıq Qarabağa ayırdığı yardımlar Azərbaycan hökuməti vasitəsilə çatdırılsın.

Xatırladaq ki, ABŞ Konqresi Nüməyəndələr Palatasının Dövlət və Xarici Əməliyyatlar üzrə Alt Komitəsi iyunun 17-də 2010-cu maliyyə ili üçün büdcəni təsdiqləyib. Alt Komitə Azərbaycana və Ermənistana ayrılan hərbi yardımı bərabərləşdirib, Dağlıq Qarabağın separatçı rejiminə isə 10 milyon dollar ayırmaq haqda qərar verib.

Müraciətdə ABŞ Konqresinin sovet dövründə qəbul etdiyi “Cekson-Venik” düzəlişinin və 1992-ci ildə Azərbaycana humanitar yardımları yasaqlamaq məqsədilə qəbul olunan, 2002-ci ildən isə yalnız illik əsasda qüvvəsi dayandırılan “Azadlığa dəstək Aktı”na 907-ci düzəlişin aradan qaldırılmamasına da etiraz bildirilib.

Milli Məclisin Amerika qanunvericilərinə ünvanladığı müraciətin mətnini təqdim edirik:

 

ABŞ Konqresi Nümayəndələr Palatasının
Təxsisatlar Komitəsinin Dövlət əməliyyatları,
xarici əməliyyatlar və əlaqədar proqramlar Alt Komitəsinə

Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr və İqtisadi siyasət komitələri ABŞ Konqresi Nümayəndələr Palatasının Təxsisatlar Komitəsinin Dövlət əməliyyatları, xarici əməliyyatlar və əlaqədar proqramlar alt komitəsinin 2009-cu il iyunun 17-də qəbul etdiyi və baxılmaq üçün yuxarı instansiyalara göndərdiyi qərardan narahat olduqlarını bildirirlər.

Qərarda 2010-cu maliyyə ili üçün Dövlət əməliyyatlarına və xarici əməliyyatlara maliyyə vəsaitlərinin ayrılmasına dair qərar çərçivəsində qeyri-qanuni Dağlıq Qarabağ qurumuna 10 milyon ABŞ dolları məbləğində yardım ayrılmasının və 1992-ci ildə qəbul olunmuş Azadlığa Dəstək Aktına 907-ci əlavənin qüvvəsinin ABŞ Prezidenti tərəfindən illik dayandırılması səlahiyyətlərinin həyata keçirilməsi üçün şərtlər qoyulmasının nəzərdə tutulması separatizmin dəstəklənməsi kimi qiymətləndirilə bilər.

Azərbaycan parlamentinin komitələri hesab edirlər ki, separatçı rejimə yardım göstərilməsinə dair bu qərar yuxarı instansiyalar tərəfindən də bəyəniləcəyi təqdirdə Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində Minsk qrupunun həmsədri kimi ABŞ-ın obyektivliyini və tərəfsizliyini şübhə altına ala bilər və heç də Azərbaycan–ABŞ strateji tərəfdaşlıq münasibətlərinin inkişafına xidmət etmir.

Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsinin əhalisi təkcə erməni icmasından ibarət deyildir, etnik təmizləmə nəticəsində öz yaşayış yerlərini tərk etməyə məcbur olmuş 65 minlik azərbaycanlı icması bu gün ölkəmizin digər ərazilərində daha çətin vəziyyətdə yaşamaqdadır və ABŞ-ın hər hansı humanitar yardımından istifadə etmək imkanından məhrumdur.

Belə bir vəziyyətdə separatçı Dağlıq Qarabağ qurumuna göstərilən yardımlar, Azərbaycanın işğal olunmuş ərazisi barəsində birtərəfli addımlar Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında qarşılıqlı etimad mühitinin və birgə yaşayış şəraitinin formalaşmasına mane olur. Qətiyyətlə bildiririk ki, ABŞ-ın Dağlıq Qarabağa göstərə biləcəyi hər hansı humanitar yardım Azərbaycan hökuməti ilə razılaşdırılmalı və bu məsələdə Dağlıq Qarabağın Azərbaycan ərazisi olması faktı unudulmamalıdır.

Dağlıq Qarabağa humanitar yardımların ABŞ-ın dövlət agentlikləri vasitəsilə göstərilməsi nəzərə alınarsa, həmin yardımların Azərbaycan ərazisində fəaliyyət göstərən müvafiq agentliklər tərəfindən çatdırılması düzgün olardı. Bu həm ABŞ-ın humanitar narahatlıqlarına cavab verər, həm də Azərbaycanın ərazi bütövlüyünün tanınması barədə ABŞ-ın mövqeyini bir daha əks etdirərdi.

Biz bu müraciətdə ifadə edilən narahatlığımızın anlayışla qarşılanacağına ümidvar olduğumuzu bildiririk. Əminik ki, ABŞ–Azərbaycan münasibətlərinə, ölkələrimizin strateji tərəfdaşlığına kölgə salan addımların atılmaması, əksinə, bu münasibətlərə və tərəfdaşlığa kömək göstərən tədbirlərin görülməsi, o cümlədən Azadlığa Dəstək Aktına 907-ci əlavənin ləğv edilməsi zərurəti ABŞ-ın bütün dövlət qurumları, xüsusən Konqresin müvafiq strukturları tərəfindən tezliklə qəbul ediləcəkdir.

Hörmətlə,

Azərbaycan Respublikası Milli Məclisinin
Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr
və İqtisadi siyasət komitələri

(Müraciət Milli Məclisin Beynəlxalq münasibətlər və
parlamentlərarası əlaqələr və İqtisadi siyasət komitələrinin
2009-cu il iyunun 30-da keçirilmiş birgə iclasında qəbul edilmişdir)

Bu müraciət ABŞ Konqresi Senatının sədri cənab Robert Bördə, ABŞ Konqresi Nümayəndələr Palatasının sədri xanım Nensi Pelosiyə və ABŞ Konqresinin Azərbaycanla əlaqələr üzrə qrupunun üzvlərinə də göndərilmişdir.

Xəbərlər
Redaktorun seçimi