“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
05.03.2010, 20:13
428

Bakı konqresmenlərin qərarına etiraz edir

A- A+

Milli Məclis Nümayəndələr Palatasına müraciət qəbul edib

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası ABŞ Konqresinin Xarici Əlaqələr Komitəsinin martın 4-də qondarma “erməni soyqırımı” ilə bağlı qəbul etdiyi qərarı qəti şəkildə pisləmişdir.

Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bununla bağlı mətbuata verdiyi açıqlamasında bildirmişdir ki, ABŞ konqresmenlərinin bu qərarı sözün həqiqi mənasında səhv və ədalətsiz addımdır.

“1915-ci ildə I Dünya müharibəsinin cəbhələrindən birində baş vermiş hadisələrdə müharibədə iştirak edən bütün xalqlar və dövlətlər bu və ya digər itkilərə məruz qalmışlar. O dövrün hadisələrində kimin daha az və ya çox itki verməsini və hansı nəticə ilə müharibədən çıxmasını dünyada fövqəldövlət adını daşımağa iddialı olan bir ölkənin Konqres üzvləri deyil, müstəqil tarixçilər və tədqiqatçılar həll etməlidirlər.

Azərbaycan hökuməti ABŞ konqresmenlərinin atdığı bu addımı birmənalı şəkildə pisləyir, onun birtərəfli, ədalətsiz və ermənipərəst qərar olduğunu və antitürk mahiyyəti daşıdığını diqqətə çatdırır. Hesab edirik ki, bu qərar həm də ABŞ-ın və Amerika xalqının maraqları ilə qətiyyən uzlaşmır, bu ölkənin beynəlxalq imicinə ciddi zərbə vuracaqdır”, - deyə Əli Həsənov bildirib.

Əli Həsənov, eyni zamanda, inandığını bildirmişdir ki, Komitənin qəbul etdiyi həmin qərar Amerika Birləşmiş Ştatlarının Nümayəndələr Palatasında lazımi qiymətini alaraq, geri qaytarılacaq və ABŞ hökumətinin üzərindən bu ədalətsiz məsuliyyət götürüləcəkdir.

 * * *

Milli Məclis etiraz müraciəti qəbul edib 

Martın 5-də Azərbaycan Respublikasının Milli Məclisi qondarma “erməni soyqırımı” layihəsinin ABŞ Konqresi Nümayəndələr Palatasının xarici əlaqələr komitəsindən keçməsini pisləyən etiraz müraciəti qəbul edib.

“Media forum” saytı xəbər verir ki, müraciətdə Azərbaycan parlamentinin bu layihənin qəbulunu təəssüf və hiddət hissi ilə qarşıladığı qeyd olunub.

Sənəddə tarixdə heç bir erməni soyqırımı olmadığı, qondarma ideyanın xəstə təfəkkürün məhsulu olaraq ortaya atıldığı vurğulanıb, qəbul olunan layihənin regionda sülh və sabitliyin qorunmasına xidmət etmədiyi qeyd edilib.

Yekdilliklə (108 səs lehihə) qəbul olunmuş müraciətdə layihənin ABŞ Konresində rədd ediləcəyinə əminlik yer alıb.

Xəbərlər
Redaktorun seçimi