“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
22.10.2009, 08:14
451

Əhməd Davudoğlu: “Biz Türkiyə və Azərbaycan bayrağı arasında heç vaxt fərq qoymamışıq”

A- A+

“Bizim də bayraq qanunumuz var. Amma biz Azərbaycan bayrağını o qanunun xaricində tuturuq”

Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak üçün oktyabrın 22-də Bakıya gələn Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşüb. 

Xarici İşlər Nazirliyinin sözçüsü Elxan Poluxov “Media forum” saytına deyib ki, görüşdə iki ölkənin münasibətləri və regional məsələlər müzakirə olunub.

Türkiyənin xarici işlər naziri Azərbaycan prezidenti İlham Əliyev tərəfindən də qəbul edilib.

Türkiyə XİN rəhbəri Bakıdakı görüşləri barədə jurnalistlərə açıqlama verib.

  * * *

“Qarabağ məsələsi hər zaman Türkiyənin gündəliyində olacaq”

“Azərbaycanın ərazi bütövlüyü bizə Türkiyənin ərazi bütövlüyü qədər əzizdir. Heç bir şey Azərbaycanın ərazi bütövlüyündən, sabitliyindən, rifahından, Türkiyə-Azərbaycan münasibətlərindən önəmli deyil. Bölgədəki mövcud status-kvo nə Türkiyənin, nə Azərbaycanın, nə də Ermənistanın mənafeyinə cavab verir. Ancaq bu status-kvonu dəyişdirmək istəyiriksə, 17 illik işğalı sülh yolu ilə necə ortadan qaldıra biləcəyimizə baxmalıyıq”.

“Media forum” saytı xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu oktyabrın 22-də Bakıda jurnalistlərə açıqlamasında deyib.

O bir daha Türkiyənin Ermənistanla protokolları imzalamazdan öncə və sonra rəsmi Ankaranın verdiyi bəyanatları xatırladıb: “Türkiyə ilə Ermənistan arasında münasibətlər ancaq regionda əhatəli sülh olduğu təqdirdə normallaşa bilər. Bunun üçün eyni zamanda Azərbaycan və Ermənistan arasında münaqişənin də həll olunması lazımdır”.

Ə.Davudoğlu Türkiyənin normallaşma prosesini başlatmasından sonra Minsk qrupunun hərəkətə gəldiyini, ilk dəfə Laçında texniki araşdırmalar aparmaq üçün beynəlxalq heyətin bölgəyə getdiyini deyib və qeyd edib ki, bu intensivləşməni təmin edən Türkiyənin aktiv Qafqaz siyasətidir: “Türkiyə bu gün xarici işlər naziri aparatı rəhbərinin müavini Ünal Çeviközün təmsilçiliyində Minsk qrupunun Vyanadakı toplantısında iştirak edir. Dağlıq Qarabağdakı işğalın bitməsinin lazımlılığını orda da vurğulayacağıq. Qarabağ Azərbaycanın gündəliyində olmasa belə, hər zaman Türkiyənin gündəliyində olacaq”.

Türkiyənin xarici işlər naziri azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşünün qardaşlıq şəraitində keçdiyini söyləyib: “İki qardaş arasında bəzən ixtilaflar yaşana bilər. Türkiyə ilə Azərbaycan masa arxasında oturduqları zaman iki ayrı tərəf olaraq deyil, bir heyət kimi otururlar. Mən sizin prezidentinizə də “Sayın cümhurbaşqanım” deyirəm. Çünki biz elə görürük”.

“Göy yerə ensə də Türkiyədə Azərbaycan bayraqları dalğalanmağa davam edəcək. Biz də burada Türkiyə bayrağına xarici ölkə bayrağı kimi baxılmamasını istəyirik”

Davudoğlu bayraq məsələsinə də toxunub və etirazını ifadə edib: “Mən vəzifəyə gəldikdən sonra 120-dən çox səfirliyimizə və 180-dən çox baş konsulluğumuza yazılı təlimat göndərmişəm ki, Azərbaycanın xarici təmsilçiliyi olmadığı yerlərdə bütün Azərbaycan vətəndaşları ilə Türkiyə vətəndaşı kimi davranın, onların problemləri ilə məşğul olun.

Bu gün bayraq məsələsini müzakirə etdik. Biz Türkiyə və Azərbaycan bayrağı araslnda heç vaxt fərq qoymamışıq. Bizim üçün Türkiyə bayrağı nədirsə, Azərbaycan bayrağı da odur. Bizim də bayraq qanunumuz var. Amma biz Azərbaycan bayrağını o qanunun xaricində tuturuq, o qanunu Azərbaycan bayrağına aid etmirik. Azərbaycan bayrağını xarici ölkənin bayrağı kimi qəbul etmirik, etmərik.

Baxın, Bakıdakı şəhidlikdə mənim atamın kəndindən olan şəhidlər yatır. O gün Bursada evlər, mağazalar Azərbaycan bayrağı ilə bəzədilmişdi. Stadionda 50-yə yaxın Azərbaycan bayrağı vardı. Biz FİFA-dan bir şey tələb etməmişik, FİFA tələb etdi və sadəcə müəyyən sayda bayrağa izin verdi. Zibil qutusunda Azərbaycan bayrağının görüntüləri məni də narahat etdi. Amma baxın, Türkiyədə heç bir qutunun üzərində WC sözləri yazılmır. O görüntü, o rəsm bir təxribatdır. Hətta bir məmurun yanlış addımı olubsa da, bununla bağlı lazımi hüquqi prosedur başlayıb. Əgər məmurun yanlış addımıdırsa, ən şiddətli cəzanı verəcəyik. Bu, qətiyyən dövlət siyasəti deyil”.

Ə.Davudoğlu Anadolunun hər kəndində, qəsəbəsində Azərbaycanın mərhum dövlət başçısı Heydər Əliyevin adına yollar, küçələr, büstlər olduğunu, onların üzərində Azərbaycan bayraqlarının dalğalandığını və əbədiyyətə qədər də dalğalanacağını deyib: “Göy yerə ensə də Türkiyədə Azərbaycan bayraqları dalğalanmağa davam edəcək. Biz də burda Türkiyə bayrağına xarici ölkə bayrağı kimi baxılmamasını istəyirik. Şəhidliklər bizim üçün müqəddəsdir. Anadolu təhdid altındaykən onlar bura gəlib şəhid oldular. Onlar artıq sizin şəhidlərinizdir və sizə əmanətdir”.

Nazir bu məsələnin Türkiyədə ciddi həssaslıq yaratdığını bildirib və “azərbaycanlı qardaşlarımızın da bunu anlaması lazımdır” deyə əlavə edib: “Şəhidliyə, bayrağa düşmən arasında belə sayğı, hörmət göstərilir. Azərbaycan isə bizə qardaşdır. Azərbaycanın addımlarını azərbaycanlı qardaşlarımızın təqdirinə buraxırıq”.

Jurnalistlərə açıqlamasında Ə.Davudoğlu enerji məsələlərindən də danışıb: “Biz Azərbaycanın bütün nəqliyat yolları ilə Avropaya çıxmasını, Avropa ilə əməkdaşlıq etməsini istəyirik. Bu əməkdaşlığın enerji xətti üzərindən olması starteji baxımdan Azərbaycanın faydasınadır. Biz Azərbaycanın mənafeyinə uyğun hər cür enerji layihəsinə dəstək verəcəyik”.

Ə.Davudoğlu Azərbaycanla Türkiyə arasında enerji müzakirələrinin davam etdiyini söyləyib: “İnşallah, bu müzakirələr də uğurla başa çatar və daha da irəliyə doğru addımlar atarıq. Ancaq yenə deyirəm, Azərbaycan necə seçim edəcəksə, Azərbaycanın gələcəyi üçün strateji baxımdan hansı layihə faydalı olacaqsa, Azərbaycan nəyi dəstəkləyəcəksə, biz onu dəstəkləyəcəyik. Türkiyənin Azərbaycanın mənafeyi xarcində nəsə düşünməsindən söhbət gedə bilməz”.

Xəbərlər
Redaktorun seçimi