“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
07.07.2009, 11:06
439

Türkiyə və ABŞ prezidentləri Qarabağ və “Nabucco”nu müzakirə ediblər

A- A+

Türkiyə XİN: “Nabucco” layihəsinə dair saziş iyulun 13-də imzalanacaq

Türkiyənin “Anadolu” agentliyinin verdiyi xəbərə görə, prezident Abdullah Gül ABŞ prezidenti Barak Obama ilə telefon danışığında Dağlıq Qarabağ münaqişəsi, Cənubi Qafqazdakı vəziyyət, Türkiyə-Ermənistan münasibətləri və “Nabucco” qaz kəməri layihəsi ətrafında fikir mübadiləsi aparmışlar. 

Ağ evin məlumatında bildirilir ki, həmçinin ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ probleminin həlli ilə bağlı işləri də müzakirə olunmuşdur.

Prezidentlər Türkiyə-ABŞ əlaqələrinin yüksək səviyyədə olduğunu, iki ölkənin dünyada təhlükəsizliyin bərqərar olması yolundakı maneələrə qarşı birlikdə mübarizə aparmaq səylərini davam etdirəcəyini vurğulamışlar.

Bu müzakirələrlə bağlı CNN-Türk televiziya kanalının siyasi şərhçiləri onu da əlavə etmişlər ki, prezidentlər iqtisadi böhran dövründə iqtisadiyyatı 15 faiz azalan və dərin böhran yaşayan Ermənistandakı vəziyyətin bölgədə sülhün bərqərar olunmasından sonra normallaşacağını bildirmişlər.

 

         Türkiyə XİN: “Nabucco” layihəsinə dair saziş iyulun 13-də imzalanacaq

Türkiyə Xarici İşlər Nazirliyinin mətbuat üçün açıqlamasında bildirilir ki, Avropanın və Türkiyənin enerji təhlükəsizliyi baxımından mühüm layihə olan “Nabucco” qaz kəmərinə dair saziş iyulun 13-də Ankarada keçiriləcək mərasimdə imzalanacaqdır.

Açıqlamada qeyd olunur ki, həmin gün təbii qaz hasilatçısı, istehlakçı və tranzit ölkələrin iştirakı ilə zirvə görüşü də təşkil olunacaqdır. Bu görüşdə “Nabucco” layihəsinin həyata keçirlməsi məsələləri ətrafında geniş fikir mübadiləsi aparılacaqdır.

Nazirliyin açıqlamasında vurğulanır ki, Türkiyənin enerji strategiyasının mühüm hədəfi Avropanın enerji təhlükəsizliyinə dəstək vermək və bununla əlaqədar təbii qaz təchizatında qitənin dördüncü ana arteriyası olmaqdır. Bu hədəfə çatmaq istiqamətində ilk addım 2007-ci ildə Türkiyə-Yunanıstan təbii qaz xəttinin fəaliyyətə başlaması ilə atılmışdır.

“Nabucco” layihəsi istər hədəfimizin daha da güclənməsində, istərsə də enerji marşrutlarının şaxələndirilməsində, xüsusilə Şərqi Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm mərhələ olacaqdır.

Bundan əlavə, bu layihə rəsmi Ankaranın Avropa İttifaqı ilə mövcud olan münasibətlərinə, qarşılıqlı etimad və əməkdaşlığa yeni təkan verəcəkdir.

AzərTAc.

Xəbərlər
Redaktorun seçimi