“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
18.04.2010, 19:48
336

Azərbaycan-Amerika münasibətləri niyə soyuyub?

A- A+

Rəsmi Bakı ABŞ-ı Ermənistana dəstək verməkdə ittiham edir

Rəsmi Bakı Qarabağ danışıqları üçün həlledici məqamın yetişdiyi bir vaxtda ABŞ-ı Ermənistanın mövqelərini möhkəmləndirməkdə ittiham edir.
 
Ötən həftə Vaşinqtonda keçirilən ABŞ-Ermənistan və ABŞ-Türkiyə görüşləri, habelə Amerikanın təşviqi ilə düzənlənən Ermənistan-Türkiyə danışıqları ilə bir vaxtda Azərbaycan prezidenti İlham Əliyev Bakıda hökumətin geniş müşavirəsini keçirdi (13 aprel) və bəzi mühüm bəyanatlar veridi.

Bu bəyanatlardan belə nəticəyə gəlmək olar ki, Azərbaycan hakimiyyəti ABŞ-ın təzyiqlərini üzərində hiss edir və həmin təzyiqlərin Bakını Qarabağ məsələsində zəiflədib güzəştə məcbur etmək məqsədinə hesablandığını düşünür.

Eyni zamanda, məlum olur ki, yenilənmiş Madrid prinsiplərini qəbul etmək istəməyən Yerevan yeni əlavələr irəli sürərək danışıqlar prosesini 6 il əvvəlki mərhələyə qaytarmağa çalışır.

* * *

Belə görünür ki, prezident Əliyev müşavirənin vaxtını təsadüfü seçməyib. Aprelin 13-dən başlayaraq Vaşinqtonda təşkil olunan nüvə təhlükəsizliyi sammitində ABŞ-ın diqtəsilə Ermənistan-Türkiyə danışıqları gedirdi. Danışıqlar kifayət qədər intensiv xarakter daşıyır.

Azərbaycanın kənarda saxlanıldığı bu sammitdə prezident Barak Obama və dövlət katibi Hillari Klinton xeyli vaxt sərf edərək, ayrı-ayrılıqda Ermənistan prezidenti və Türkiyənin baş naziri ilə görüşlər keçiriblər. Həmçinin nazirlər arasında bir neçə dəfə ikitərəfli formatda görüşlər olub. Dövlət Departamenti bəyan edir ki, Vaşinqton tərəflərin Sürix protokollarının ratifikasiyasına dair konkret formul tapacaqlarına inanır.

Vaşinqtonu bir qədər tez tərk edən baş nazir Rəcəb Tayyib Ərdoğan isə inandırır ki, onun bağlı qapılar arxasında nümayiş etdirdiyi mövqe ilə ictimaiyyətə bəyan etdikləri arasında ziddiyyət yoxdur. Yəni Türkiyə əvvəlki kimi protokolların ratifikasiyasının Qarabağ məsələsində əldə edilən irəliləyişlərə bağlı olduğunu təsdiqləyir.

Türkiyə baş naziri Ankaraya dönərkən jurnalistlərə onu da bildirib ki, Azərbaycan sərhədlərin açılması üçün ermənilərin iki rayonu - Ağdam və Füzulini boşaltmasını təklif edir. Yəni Bakı sərhədlərin açılması üçün Qarabağ münaqişəsinin hərtərəfli nizamlanmasını gözləməməyə razıdır və erməni tərəfindən müəyyən güzəştin əvəzində ABŞ-ın indiki administrasiyasının böyük önəm verdiyi regional layihəyə - Ankara-İrəvan barışına yaşıl işıq yandırmağa hazırdır.

Proseslərin bu cür gərgin xarakter aldığı bir vaxtda Əliyev həm Türkiyəyə, həm Qərbə və Azərbaycan ictimai rəyinə hesablanmış bəyanatlarla çıxış edərək deyib ki, Qarabağ məsələsindəki mövqeyinin əsas prinsipləri dəyişməyib. Belə ki, Dağlıq Qarabağ ancaq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində status ala bilər: “Biz razılıq vermədiyimiz təqdirdə heç kim qanunsuz qurum olan Dağlıq Qarabağı müstəqil qurum kimi tanımayacaq”.

Əliyev bəyan edib ki, Azərbaycan tərəfi Minsk Qrupunun həmsədrləri tərəfindən hazırlanmış Madrid prinsiplərini böyük sülh sazişi üçün əsas kimi qəbul edir. İndi isə söz Ermənistanındır. Lakin Ermənistan bu təkliflərə konkret cavab vermir, vaxtı uzadır və təklif olunan sülh planına əlavələr irəli sürərək, danışıqlar prosesini 6 il əvvəlki mərhələyə geri qaytarmağa çalışır: “Hesab edirlər ki, vaxt keçdikcə bu status-kvo vəziyyəti daha da möhkəmlənəcək və on ildən, iyirmi ildən sonra artıq qeyri-qanuni qurum olan Dağlıq Qarabağın elə bil ki, legitimləşdirilməsi üçün daha da əlverişli imkanlar olacaq”.

Dövlət başçısı təsdiq edib ki, 6 il əvvəl Praqa prosesi adlanan danışıqlar başlayanda sonradan Madrid prinsipləri adlanan təkliflərdə Azərbaycan üçün “çox böyük təhlükəli məqamlar” yer alırdı. Belə ki, həmin təkliflərdə nə vaxtsa Dağlıq Qarabağı Azərbaycandan ayıra biləcək müəyyən mexanizmlər olub: “Əlbəttə ki, biz onu heç vaxt qəbul edə bilməzdik”.

İlham Əliyev Madrid prinsiplərində Dağlıq Qarabağın yekun statusunu müəyyən etmək üçün referendum prinsipinə yer verildiyini xatırladır: “Müxtəlif dövrlərdə Ermənistan tərəfi bu prosesdən müxtəlif yollarla çıxmaq istəyirdi. Bəzən danışıqları tərk etməklə, bəzən çox müəmmalı səbəblər gətirərək danışıqlardan uzaqlaşmaqla özlərini bir növ gülünc vəziyyətə salırdılar. Ancaq biz görürük ki, onlar hər şeyə razıdırlar. Özlərini gülünc vəziyyətə salmağa razıdırlar. Özlərini qeyri-konstruktiv mövqeyin sahibi olan ölkə kimi təqdim etməyə hazırdırlar, təki bu proses əbədi proses olsun, danışıqlar getsin və dünya da sanki arxayınlaşsın ki, burada hər şey sakit olacaq, müharibə olmayacaq, onlar danışırlar, qoy danışsınlar”.

Azərbaycan dövlət başçısı deyib ki, vasitəçi ölkələr Ermənistan tərəfi ilə çox ciddi iş aparılacağına və onları bu təklifi qəbul etməyə inandırmağa çalışacaqlarına dair vəd verib. Lakin Ermənistanla yenilənmiş Madrid prinsiplərinin qəbulu üçün iş aparmağı vəd edənlər, deyəsən, heç də hər üç həmsədr ölkə deyil. Bu işlə intensiv şəkildə Rusiya, son vaxtlar isə Fransa məşğul olur. ABŞ-ın başı isə başqa məsələyə-Ermənistanı bu kritik məqamda gücləndirərək, onun Türkiyə ilə sərhədlərini açmağa nail olmağa qarışıb. Əgər bu planlar reallaşsa, o zaman Ermənistanın Qarabağ məsələsində hansısa konstruktiv yanaşma nümayiş etdirməyə heç bir həvəsi qalmayacaq və nəticədə danışıqlar pozulacaq.

İlham Əliyev üstüörtülü şəkildə ABŞ-ı günahlandıraraq deyib: “Biz görürük ki, bu gün, həlledici məqamda Ermənistana elə bir siyasi dəstək verilir ki, bundan sonra onlar danışıqlardan ümumiyyətlə imtina edə bilər. Bu gün Dağlıq Qarabağı kənarda qoyub bölgədə başqa məsələləri həll etmək nə dərəcədə düzgündür?! Tamamilə yanlışdır, tamamilə səhvdir və Azərbaycanın milli maraqlarına zidd olan mövqedir. Milli maraqlarımıza zidd olan mövqe nümayiş etdirənə biz hansı mövqeni nümayiş etdirə bilərik?!

Əgər bizim maraqlarımız pozulursa, maraqlarımızı pozanın maraqlarını necə müdafiə edə bilərik, necə dəstəkləyə bilərik?! Əlbəttə ki, əgər bizim maraqlarımız kənara qoyulursa, əgər torpaqlarımızın işğalına göz yumulursa və işğalçı dövləti çətin, ağır iqtisadi vəziyyətdən çıxarmaq üçün min bir səy göstərilirsə, Azərbaycan ictimaiyyəti bunu necə qəbul edə bilər?! Nə üçün işğalçı ölkəyə təzyiqlər göstərilmir?! Nə üçün Azərbaycan bugünkü danışıqlarda demək olar ki, ən böyük konstruktivlik nümayiş etdirir, Ermənistan danışıqları pozur?! Ermənistanı bu ağır vəziyyətdən çıxarmaq cəhdlərini biz görürük. Nə üçün məhz Türkiyə-Ermənistan sərhədləri açılsın və Ermənistana elə bil ki, nəfəs gəlsin?!”

Tamamilə aydındır ki, bu narazılıq mesajları ABŞ-a və onun rəhbərlərinə yönəlib. Çünki uzun illərdir aparılan danışıqların həlledici fazasında Ermənistanı gücləndirmək istəyən, öz regional siyasətini bunun üzərində quran ABŞ-dır. İstər - istəməz bu siyasətin məkrli olduğu barədə qənaət formalaşır. Elə məkrli siyasət ki, Dağlıq Qarabağı Azərbaycandan qoparmağa və onu təslimçi sülhə məcbur edən de-fakto situasiya yaratmağa hesablanıb. Bəs niyə Azərbaycanın ABŞ-la münasibətləri Vaşinqtonun bu dərəcədə Ermənistanyönlü siyasət aparmasına gətirib çıxaracaq dərəcədə korlanıb? Bu, bir qədər fərqli mövzudur, ancaq onu qeyd etmək lazımdır ki, vəziyyətin indiki duruma gəlib çıxmasına Bakının apardığı yanlış siyasətin də rolu var.

Prezident Əliyevin bəyanatlarından o da məlum olur ki, onun başçılıq etdiyi hakimiyyət Ermənistanı gücləndirmək istəyənlərin təzyiqləri, hətta “şantajları və qarayaxmaları” ilə üz-üzədir.

Azərbaycan prezidenti deyib ki, Türkiyə-Ermənistan sərhədlərinin açılması Türkiyə və Ermənistanın işidir. Buna heç kim qarışmamalıdır: “Nə biz qarışmalıyıq, nə də ki, başqaları. Baxmayaraq ki, ölkələrin bəziləri hesab edir ki, hər işə qarışmalıdır. Bu, iki ölkə arasında olan münasibətlərdir. Qoy bu iki ölkə münasibətləri həll etsin. Əlbəttə ki, bu ölkələr münasibətləri həll edəndə regionda gedən prosesləri nəzərə alacaqlar, tarixi nəzərə alacaqlar, tarixi münasibətləri nəzərə alacaqlar. Heç şeydən xəbəri olmayan, bölgədə gedən proseslərdən xəbəri olmayan tərəflər təzyiqlə, şantajla, qara yaxmaqla nəyə nail olmaq istəyirlər?! Biz bunu belə qəbul edirik. Bu açıq şəkildə Azərbaycanın maraqlarına zidd olan bir siyasətdir. Azərbaycan dövləti öz siyasətində adekvat addımlar atır və atacaq”.

Belə görünür ki, Azərbaycan prezidenti Vaşinqtonda gedən intensiv müzakirələrdə Türkiyə tərəfinə edilən təzyiqlər haqda xəbərdardır. Mətbuata sızan informasiyalara görə, bu dəfə ABŞ Türkiyə və Ermənistan arasında protokolların ratifikasiyasının qrafikini müəyyən edən formulun razılaşdırılmasına səy göstərir.

“Yeni Müsavat”

* * *

Prezident Administrasiyasının rəsmisi Ağ Evin siyasətini sərt tənqid etdi

Əli Həsənov: “Bizə dost olmayan ölkəyə niyə dost münasibəti bəsləməliyik?”

 “Azərbaycanda antiamerika çıxışları real mühitdən yaranır. Biz dəfələrlə ABŞ-ın müxtəlif qurumlarına çağırışlar etmişik ki, siz ATƏT-in üç həmsədrindən birisiniz, Dağlıq Qarabağ münaqişəsində də həlledici mövqeyə maliksiniz. Ermənistanla məsələlərdə, yardımlarda, Ermənistanı çətin vəziyyətdən çıxarma missiyasında bir qədər ehtiyatlı olsunlar. Digər tərəfdən, sülh yaratma missiyasını üzərinə götürmüş bir ölkəsiniz". APA-nın məlumatına görə, bu sözləri Azərbaycan Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib.

ABŞ-ın son zamanlar atdığı addımların sözün həqiqi mənasında Azərbaycan ictimaiyyətini narahat etdiyini bildirən Ə.Həsənov qeyd edib ki, ABŞ Azərbaycanı özünün strateji müttəfiq hesab edir, dünyadakı sülhyaratma prosesində Azərbaycan əsgəri onlarla çiyin-çiyinə iştirak edir:

«Beynəlxalq terrorizmə qarşı mübarizədə Amerika ilk müsəlman dövləti olaraq Azərbaycanı yanında gördü. Azərbaycan buna görə az qala digər müsəlman ölkələri ilə münasibətləri korlamışdı. Enerji siyasətində Azərbaycan hər zaman Amerikanın maraqlarını nəzərə alıb. Digər məsələlər də var. ABŞ isə Dağlıq Qarabağ probleminin həllinə ciddi səy göstərmədən Ermənistanı vəziyyətdən çıxarmaq istəyir. Niyə? Çünki Ermənistan Azərbaycan torpaqlarını işğal etdiyinə görə bölgədəki transmilli layihələrdən kənarda qalıb, Ermənistanın vəziyyəti getdikcə pisləşir, əhali ölkəni tərk edir. Ermənistanın vəziyyətinin düzəlməsi bizim fikrimizcə işğalçılıq siyasətinə son verilməsi ilə olmalıdır. Yoxsa kiminləsə sərhədi açmaq, dilənərək ona əlavə pul göndərmək və s.-lə yox.

Bunlar haqlı olaraq Azərbaycan ictimaiyyətinin narazılığına səbəb olur. Ona görə də antiamerika çıxışlarına görə heç kimi günahlandırmasınlar. Günahı ilk növbədə Vaşinqtonun siyasətini müəyyən edən Konqresdə, erməni lobbisinin təsiri ilə qərar qəbul edən Amerika hakimiyyətində görsünlər».

Ə. Həsənov bildirib ki, Azərbaycan ABŞ-ın bu siyasətinə qarşı artıq adekvat addımlar atır: “Mən hesab edirəm ki, Azərbaycan artıq adekvat addımlar atıb. Bu görünür. Biz birtərəfli qaydada Azərbaycana normal, dost, tərəfdaş münasibət bəsləməyən ölkəyə nə üçün dost, tərəfdaş münasibəti bəsləməliyik?

Bu anlamda Azərbaycan hakimiyyəti və ictimaiyyəti adekvat addımlar atmaqdadır, Dağlıq Qarabağ probleminin həlli ilə bağlı alternativ yollar axtarmaqdadır. ABŞ-ın Minsk Qrupunda təmsilçiliyinə qarşı artıq ictimai rəy formalaşır. Bu təmsilçilik Azərbaycana heç nə vermədi”.

 

Xəbərlər
Redaktorun seçimi