“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
15.02.2010, 21:02
461

Azərbaycan “Madrid prinsipləri”nin yenilənmiş variantını ümumən qəbul edir

A- A+

Elmar Məmmədyarov: “Amma orada müəyyən elementlər var ki, bizi tam qane etmir”

“Madrid prinsiplərinin yenilənmiş variantı Azərbaycan tərəfindən ümumilikdə qəbul olunur. Amma orada müəyyən elementlər var ki, bizi tam qane etmir”.

APA-nın məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov fevralın 15-də Bakıda ATƏT-in fəaliyyətdə olan sədri Kanat Saudabayevlə birlikdə keçirdiyi mətbuat konfransında deyib.

"Madrid prinsipləri"nin razılaşdırılmamış məqamları ilə bağlı Azərbaycan və Ermənistanın öz təkliflərini təqdim edib-etmədiyi haqda sualı cavablandıran E. Məmmədyarov bildirib ki, keçən həftənin sonunda rusiyalı həmkarı Sergey Lavrovla telefon əlaqəsi saxlayıb və rusiyalı nazir Ermənistanın öz təkliflərini hələ göndərmədiyini söyləyib:

“Azərbaycana gəldikdə, sənəd bütövlükdə bizi qane edir, çünki münaqişənin mərhələli həllini nəzərdə tutur. Sənəddə Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılması, bütün kommunikasiyaların bərpası, məcburi köçkünlərin öz yerlərinə qaytarılması, Qarabağda yaşayan və oraya qayıdan əhalinin təhlükəsizliyinin təminatı, erməni icmasına müvəqqəti statusun verilməsi, sonradan azərbaycanlı icması ilə birlikdə yekun statusun müəyyənləşdirilməsi əksini tapıb”.

Xatırladaq ki, Qarabağ nizamlanmasının baza prinsiplərinə dair layihə 2007-ci il noyabrın 30-da ATƏT ölkələri Xarici İşlər Nazirləri Şurasının Madriddə keçirilən illik toplantısı zamanı beynəlxalq vasitəçilər tərəfindən Azərbaycan və Ermənistan tərəfinə təqdim olunub. "Madrid prinsipləri" son üç ildə Qarabağ danışıqlarının əsasını təşkil edir.

E. Məmmədyarov Azərbaycan tərəfinin mövqeyinin prezident İlham Əliyev tərəfindən dəfələrlə səsləndirildiyini xatırladıb və qeyd edib ki, Azərbaycan Dağlıq Qarabağın erməni və azərbaycanlı icmalarının bu gün dünyada mövcud olan ən yüksək muxtariyyət statusu çərçivəsində birgə yaşayışını istəyir.

* * *

Elmar Məmmədyarov: “Ermənistanla Fransanın hərbi əməkdaşlığı Azərbaycanın milli təhlükəsizliyini təhdid etsə, müvafiq addımlar atılacaq”

“Ermənistanla Fransanın hərbi əməkdaşlığı Azərbaycanın milli təhlükəsizliyini təhdid etsə və ərazilərimizin işğalının davamına şərait yaratsa, Azərbaycan bundan irəli gələn addımlar atacaq”.

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib. O bildirib ki, istənilən ölkə digəri ilə hər sahədə, o cümlədən hərbi sahədə əməkdaşlıq edə bilər: “Azərbaycan iki ölkə arasında olan münasibətlərə qarışmır. Amma bu münasibətlər Azərbaycanın milli maraqlarına zidd olmamalıdır”.

Xatırladaq ki, Ermənistanın müdafiə naziri Seyran Ohanyanın Fransaya səfəri zamanı iki ölkə arasında müdafiə sahəsində əməkdaşlıq sazişi imzalanıb.

Xəbərlər
Redaktorun seçimi