“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
05.03.2010, 20:12
453

Kapitolidə növbəti erməni tamaşası

A- A+

ABŞ Konqresi Nümayəndələr Palatasının komitəsi “erməni soyqırımı” barədə qətnamə qəbul edib

Martın 4-də ABŞ Konqresi Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində 1915-ci ildə Osmanlı Türkiyəsində ermənilərə qarşı aparılan siyasətin dəyərləndirilməsi ilə bağlı dinləmələr keçirilmişdir.

252 nömrəli qətnamə layihəsi Konqresin Nümayəndələr Palatasının gündəminə erməni məsələləri üzrə işçi qrupunun başçıları tərəfindən təqdim edilmişdir.

Qətnamə Konqres tərəfindən qəbul olunarsa, ABŞ Prezidenti 1915-ci ildə Osmanlı Türkiyəsində baş verənləri rəsmi olaraq “erməni soyqırımı” kimi səciyyələndirməli və hər il apreldə ölkənin erməni mənşəli vətəndaşlarına müraciətdə məhz bu termindən istifadə etməlidir.

Ötən illər ərzində də eyni qətnamə layihəsi Konqresin Nümayəndələr Palatası və Senatına təqdim olunsa da, ABŞ qanunverici orqanının tam dəstəyini qazanmamışdır. Lakin məsələ illərdən bəri güclü erməni lobbiçi qruplarının səyləri nəticəsində Konqresin diqqət mərkəzində qalmaqdadır.

Dinləmələr ərəfəsində dövlət katibi Hillari Klinton Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin sədri Hovard Bermana telefon açaraq Obama hakimiyyətinin məsələyə münasibətini ifadə etmiş, qətnamə layihəsinin müzakirəsinin Türkiyə-Ermənistan arasında münasibətlərin normallaşması prosesinə xələl gətirəcəyini diqqətə çatdırmışdır. Lakin Konqresmen Berman təmsil etdiyi Kaliforniya ştatındakı erməni mənşəli seçicilərinin arzusu ilə layihəni səsverməyə qoymaq qərarından dönməmişdir.

İki fasilə ilə beş saata yaxın davam edən müzakirələri zaldan izləyən iştirkaçılar arasında Ermənistan və Türkiyənin millət vəkilləri, diplomatları, eləcə də komitə sədri tərəfindən “erməni soyqırımı”nın sağ qalan qurbanları kimi təqdim edilən üç nəfər erməni mənşəli amerikalı qadın da var idi.

Müzakirələri açan Xairici Əlaqələr Komitəsinin sədri Hovard Berman Türkiyəni ABŞ-ın mühüm və etibarlı tərəfdaşı adlandırmışdır. Lakin onun fikrincə, bu, Türkiyəyə “erməni soyqırımı” reallığından boyun qaçırmağa əsas verməməlidir.

Kaliforniyalı konqresmen bildirmişdir ki, dünyada insan haqlarının müdafiəçisi olan ABŞ Kanada, Rusiya, Fransa kimi ölkələrə qoşularaq “erməni soyqırımı”nı tanımalı, mənəvi məsuliyyətini yerinə yetirməlidir. Bu, türklər üçün çətin və ağrılı proses olsa da, nəticə etibarı ilə Türkiyə demokratiyasını və ABŞ-Türkiyə münsaibətlərini möhkəmlədəcəkdir. Komitə sədri həmkarlarını qətnamə layihəsini dəstəkləməyə çağırmışdır.

Hovard Bermanın mövqeyini bölüşərək çoxsaylı erməni mənşəli seçicilərin yaşadığı Kaliforniya ştatının digər təmsilçiləri konqremsenlər Edvard Roys, Dana Rorabaker, Lin Vulsli, Cim Kosta, Barbara Li, Bred Şerman, Diana Vatson, Nyu-York ştatının təmsilçiləri Geri Akerman, Cozef Krouli, nyu-cersili Kristofer Smit, Donald Peys və floridalı konqresmen Qas Bilirakis bəyanatlarında vurğulamışlar ki, ABŞ-ın 42 ştatı, NATO müttəfiq ölkələrdən 11-i, eləcə də Avropa Şurası Parlamenti 1915-ci ildə Osmanlı İmperiyasında baş verənləri “erməni soyqırımı” adlandırmışdır.

Konqresmen Bred Şerman isə qətnaməyə cavab olaraq Türkiyənin sərt reaksiyası barədə “təhriklər”ə aldanmamağı tövsiyə etmişdir. O xatırlatmışdır ki, hər dəfə hansısa ölkə “erməni soyqırmı”nı tanıyanda Türkiyənin buna münasibəti sərt olsa da, uzun çəkmir. Belə ki, Fransa ilə ticarət əlaqələrinin pozulacağını deyən türklər, əksinə, həmin ölkə ilə ticarət dövriyyəsini dörd dəfə artırmışlar.

Qətnamə layihəsinin əleyhinə çıxanlar isə bu fikirdə idilər ki, Türkiyə Ermənistanla tarixi hadisələri birgə araşdırmağa dair razılığa gəldiyi təqdirdə, ABŞ Konqresində qəbul edilən qətnamə bu prosesə maneə olacaqdır.

Xarici Əlaqələr Komitəsində respublikaçı azlığın başçısı xanım İleana Ros-Letinen qeyd etmişdir ki, ötən illər bu layihə səs verməyə çıxarılanda Ağ Ev məsələyə münasibətini Konqres üzvlərinə mütləq çatdırırdısa, bu dəfə Obama hakimiyyətindən qətnaməyə güclü müxaliflik hiss olunmurdu. Xanım Ros-Letinen bildirmişdir ki, Konqres üzvlərinin Pentaqon və kəşfiyyat qurumları mütəxəssisləri ilə apardığı məsləhətləşmələr onu göstərir ki, bu qətnamənin Konqresdə tanınması, NATO müttəfiqi kimi Türkiyənin ABŞ-a münasibətini dəyişdirər və nəticə etibarı ilə, ABŞ-ın İraq və Əfqanıstanda silahlı qüvvələrinin təhlükəsizliyini azalda bilər. Konqres üzvü ABŞ hərbi və iqtisadi maraqlarına birbaşa zərbə olacaq qətnamə layihəsini dəstəkləməməyə çağırmışdır.

Xanım Ros-Letinenin çağırışına Xarici Əlaqələr Komitəsinin Avropa üzrə altkomitəsi, Beynəlxalq Təşkilatlar və İnsan Haqları üzrə altkomitəsinin başçıları Bill Delahant və Ras Karnahan da qoşulmuşlar. Onların fikrincə, Türkiyə ilə Ermənistan arasında imzalanan protokollar bütün bölgədə sabitlik yaratmaq potensialına malikdir.

Cənab Delahant xatırlatmışdır ki, bu protokollara Ermənistan prezidentinin özü imza atmışdır. Daha sonra isə o, ölkə-ölkə gəzərək erməni diasporu üzvlərinə bu protokollardan Ermənistanın bəhrələnəcəyini izah etmişdir. Konqresdə bu qətnamənin qəbul edilməsi nə Türkiyə, nə Ermənistan, nə də ABŞ-a xeyir gətirir.

Qətnamə layihəsinə müxalifliklərini, həmçinin İndiana ştatının təmsilçiləri Mayk Pens, Dən Barton, Texasdan Ted Po, Ron Pol, Virciniyadan Cerald Konnoli, Nyu-York konqresmeni Maykl Makmahon və digərləri ifadə etmişlər.

Müzakirələr başa çatdıqdan sonra komitə sədri Hovard Berman yarım saatlıq səsvermə elan etmişdir. İlkin nəticələrin qətnamə layihəsinin əleyhinə olduğunu görən kaliforniyalı konqresmen səsvermə vaxtını uzatmışdır. Bir saata yaxın davam edən səsvermə nəticələri 23 lehinə, 22 əleyhinə çatanda bitmiş elan edilmişdir.

Nəticələri AzərTAc-a şərh edən Konqres təhlilçisi bildirmişdir ki, bu dəfə Ağ Evdən erməni qətnaməsinə müxalifliyin olmadığını nəzərə alsaq, səslərin bu şəkildə paylaşması, əslində Türkiyənin mövqeyinə böyük dəstəkdən xəbər verir. Təhlilçi bildirmişdir ki, komitə sədri Bermanın səsvermə prosesini süni şəkildə uzatması hüquqi baxımdan səhv olmasa da, etik baxımdan sual altına alına bilər.

AzərTAc.

 

 

Xəbərlər
Redaktorun seçimi