“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
07.09.2014, 16:32
1740

NATO-dan Azərbaycanın ərazi bütövlüyünə dəstək

A- A+

Sammit çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev, Ermənistan prezidenti Serj Sarkisyan və ABŞ-ın dövlət katibi Con Kerrinin birgə görüşü olub...

Xəbər verildiyi kimi, sentyabrın 4-5-də Uelsdə NATO-nun sammiti keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sammitin açılışında iştirak edib.

Tədbirdə Alyansa üzv olan və İSAF proqramında iştirak edən tərəfdaş ölkələrdən, BMT və digər beynəlxalq təşkilatlardan nümayəndələr iştirak ediblər. Həmçinin BMT-nin və Avropa İttifaqının ali nümayəndələri də sammitə qatılıblar. 

Sammitin gündəliyinə Ukrayna hadisələri, Əfqanıstanın gələcəyi, yeni təhdidlərə qarşı mübarizə, təhlükəsizliyin təmininə töhfə verən silahlı qüvvələrə dəstəyin artırılması, əməkdaşlığın möhkəmləndirilməsi, İraq və Suriya böhranı ilə bağlı məsələlər daxil edilib.

NATO-nun Zirvə toplantısının Əfqanıstan üzrə görüşündə Azərbaycan Prezidenti İlham Əliyev çıxış edib.

Prezident İlham Əliyevin çıxışı 

- Hörmətli cənab baş katib.
Xanımlar və cənablar.

Azərbaycan ilə NATO arasında tərəfdaşlığın iyirmi ili ərzində ölkəmiz Alyansın bir çox fəaliyyət sahəsinə töhfə verən etibarlı tərəfdaşa çevrilib.

Azərbaycan regional təhlükəsizlik və sabitlikdə mühüm rol oynayır. Bununla belə, bu gün regionumuzdakı təhlükəsizliyə ən böyük hədə Azərbaycan ərazisinin iyirmi faizini təşkil edən Dağlıq Qarabağ və yeddi ətraf rayonu işğal altında saxlayan Ermənistanın işğalçılıq siyasətidir. Ermənistan azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata keçirib və bunun nəticəsində 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi Ermənistan qoşunlarının işğal edilmiş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Əfsuslar olsun ki, Ermənistan onlara məhəl qoymamaqda davam edir və münaqişə həll olunmamış qalır. Münaqişə beynəlxalq hüquq normaları və Azərbaycanın ərazi bütövlüyü əsasında həll edilməlidir.

Biz NATO-nun bu məsələ ilə bağlı mövqeyini və əvvəlki sammitlərdə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə verdiyi tam dəstəyi yüksək dəyərləndiririk. Biz qətiyyətlə inanırıq ki, NATO-nun beynəlxalq hüququn bu cür mühüm hissəsinə sadiqliyi bundan sonra da davam edəcək. Beləliklə, o, ədaləti bərpa etməyə və beynəlxalq səviyyədə tanınmış sərhədləri güc hesabına dəyişmək kimi səhv düşüncədən yayındırmağa birmənalı şəkildə yardım edir. 

Azərbaycan Əfqanıstana uzunmüddətli inkişafın təmin edilməsi üçün hərtərəfli töhfə verir. Azərbaycan bu sammitin bütün üç sahəsinə töhfə verən NATO-nun 5 tərəfdaşından biridir. Azərbaycanın hərbi kontingenti lap ilkin vaxtlardan İSAF qüvvələrində xidmət edir. Azərbaycanın müxtəlif akademiyalarında Əfqanıstanın hüquq mühafizə və hökumət rəsmiləri üçün geniş təlim proqramları həyata keçirilir. Əfqanıstanın Milli Ordusunun Qəyyumluq Fonduna 3 milyon avro keçirilib, digər 1 milyon isə istehkam əməliyyatlarına sərf olunub.

İSAF qüvvələri üçün məhvetmə gücünə malik olmayan malların tranzitinin 40 faizi Azərbaycan tərəfindən təmin edilir. Bundan əlavə, gələcəkdə iştirak edəcəyimiz “Qətiyyətli dəstək” əməliyyatı üçün mühüm tranzit imkanları yaradacaq Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin çəkilməsi gələn bir neçə ay ərzində başa çatdırılmalıdır. Xəzər regionunda ən böyük Azərbaycan Beynəlxalq Dəniz Limanı ilə birgə bu dəmir yolu xətti həm bütün region, həm Əfqanıstan üçün böyük ticari və iqtisadi imkanlar açacaq. Bu, Uzaq Şərq ilə Avropanı birləşdirən marşrutun tam ortasında yerləşən Əfqanıstana iqtisadi inkişaf verə bilər. Müstəqilliyin ilk illərində durğunluq və böhrandan davamlı sabitlik və sürətli iqtisadi artıma keçmiş ölkə kimi Azərbaycan öz təcrübəsini Əfqanıstan ilə bölüşməyə və həmin ölkədə müxtəlif yenidənqurma və sərmayə layihələrində iştirak etməyə hazırdır. Sağ olun.

 

Azərbaycan, Ermənistan prezidentlərinin və ABŞ dövlət katibinin birgə görüşü

Sentyabrın 4-də Uelsdə Azərbaycan Prezidenti İlham Əliyevin, Ermənistan prezidenti Serj Sarkisyanın və ABŞ dövlət katibi Con Kerrinin birgə görüşü olub.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqların hazırkı vəziyyəti və perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

NATO sammitinin yekun bəyannaməsində Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə olunub

NATO-nun Uelsdə keçirilmiş sammitinin yekun bəyannaməsində Azərbaycanın ərazi bütövlüyünə, müstəqilliyinə və suverenliyinə dəstək ifadə olunub. Bəyannamənin 30-cu maddəsində deyilir ki, alyans tərəfdaşlıq etdiyi ölkələrin kənar təzyiqlərdən asılı olmadan müstəqil seçim, sərbəst xarici siyasət və müdafiə hüquqlarını dəstəkləməyə davam edəcək.

Yekun bəyannamə Ermənistan, Azərbaycan, Gürcüstan, Moldova və Ukraynanın ərazi bütövlüyünü, müstəqilliyini və suverenliyini müdafiə edib (33-cü bənd). 

Bəyannamənin 31-ci bəndində deyilir ki, Qafqazda, habelə Moldova Respublikasında münaqişələrin dinc yolla həlli beynəlxalq hüquq prinsiplərinə, BMT Nizamnaməsinin və 1975-ci ildə qəbul olunmuş Helsinki Yekun Aktının prinsiplərinə əsaslanmalıdır. Bəyannamədə millətlərin öz müqəddəratını təyin etməsi hüququ haqqında bir kəlmə də yoxdur.

Xatırladaq ki, 2012-ci ildə Ermənistan prezidenti Serj Sarkisyan NATO-nun Çikaqoda keçirilmiş sammitdə iştirak etməkdən nümayişkaranə şəkildə boyun qaçırmışdı və bunu səbəb göstərmişdi ki, sammitin bəyannaməsinin layihəsində Cənubi Qafqazda və Moldovada münaqişələrin həlli iklə bağlı ərazi bütövlüyü prinsipi əksini tapmışdı.

Ermənistan XİN başçısı Eduard Nalbandyan etiraf edərək bildirmişdi: “Ermənistan Respublikasının prezidenti bu amilləri nəzərə alaraq Çikaqo görüşündə iştirak etməmək qərarına gəlib”. Cəmi iki il keçəndən sonra bu “qürur” harasa uçub gedib və Serj Sarkisyan heç nə olmamış kimi birdən Uelsdə peyda olub. Amma NATO-nun Uels bəyannaməsində yenə ərazi bütövlüyü ilə bağlı müddəa əks olunub.

 

NATO sammitində Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi Türkiyə mediasının diqqətində

NATO-nun Uelsdə keçirilmiş sammitinin yekun bəyannaməsində Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyinin dəstəklənməsi məsələsi Türkiyə kütləvi informasiya vasitələrinin diqqət mərkəzindədir.

Yerli ekspertlər hesab edirlər ki, Alyansın yekun sənədində Azərbaycanın ərazi bütövlüyünə dəstəyin ifadə olunması rəsmi Bakının düzgün xarici siyasətinin nəticəsidir. 

Xatırladaq ki, bəyannamənin 30-cu maddəsində Alyansın tərəfdaşlıq etdiyi ölkələrin kənar təzyiqlərdən asılı olmadan müstəqil seçim, sərbəst xarici siyasət və müdafiə hüquqlarını dəstəkləməyə davam edəcəyi bildirilir.

 

Xəbərlər
Redaktorun seçimi