“ABŞ Rusiya ilə qonşu dövlətlərin ərazi bütövlüyünü dəstəkləməkdə davam edəcək”
Dövlət katibinin müşaviri Filipp Qordon: “Bu dəstək həmin dövlətlərlə müdafiə xarakterli əlaqələrin qurulmasını da ehtiva edir”ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müşaviri Filip Qordon və müdafiə nazirinin müşavirinin müavini Çelesta Vallender Nümayəndələr Palatasının Avropa üzrə alt komitəsi qarşısında hesabat veriblər.
APA-nın ABŞ bürosunun məlumatına görə, F. Qordon qeyd edib ki, Prezidentlər Obama və Medvedevin iyulun 6-8-də Moskvada keçirilən görüşü təhlükəli inkişaf xəttində olan ABŞ-Rusiya münasibətlərinə yeni pozitiv təkan verib: “Dövlət başçılarının görüşünün praktiki faydası ondan ibarət oldu ki, strateji nüvə silahlarının azı 30 faizdən artıq azaldılması razılaşdırıldı, ABŞ-ın Əfqanıstana apardığı mülklərin və əsgərlərin Rusiyanın ərazisindən keçməyə icazə alındı, İrandan gələn təhlükəni birgə qiymətləndirməyə imkan verən vahid Məlumat Mübadiləsi Mərkəzinin yaradılması ideyasına dəstək verildi”.
Dövlət katibinin müavini təkcə Əfqanıstana Rusiya ərazisindən avadanlıq və əsgərlərin daşınmasının ildə 133 milyon dollar vəsaitə qənaət etməyə imkan verəcəyini deyib. Lakin cənab Qordon xüsusi vurğulayıb ki, rəsmi Moskva ilə münasibətlərin müsbət məcrada inkişaf etməsi müttəfiq və dost dövlətlərin hesabına baş tutmayacaq.
“ABŞ Rusiyanın təsir ərazilərini tanımır və qonşu dövlətlərin azadlığı, ərazi bütövlüyü və müstəqilliyini dəstəkləməkdə davam edəcək. Bu dəstək həmin dövlətlərin istədikləri tərəfdaşlarla müttəfiqlik və müdafiə xarakterli əlaqələrin qurulması hüququna da şamil edilir. Vitse-prezident Cozef Baydenin Ukrayna və Gürcüstana etdiyi səfərlərdə dediyimiz məqamlar xüsusi olaraq vurğulanıb”, - deyə Qordon bildirib.
ABŞ müdafiə nazirinin Rusiya, Ukrayna və Avrasiya Siyasəti üzrə müşavirinin müavini Çelesta Vallender qeyd edib ki, böyük ehtimalla sentyabrın 6-dan etibarən Rusiya ərazisi vasitəsi ilə Əfqanıstana 4500 hərbi və limitsiz sayda kommersiya uçuşları həyata keçirməyə imkan verəcək: “Yeni yol regiona mövcud olan digər marşrutlarımıza əlavə olacaq və bizim imkanlarımızı, rahatlığımızı artıracaq. Eyni zamanda biz Əfqanıstana aparan bütün yolları istifadə etməkdə, heç bir yoldan ayrıca asılı olmaq niyyətində deyilik”.
ABŞ Avropada Raketdən Müdafiə Sisteminin (RMS) qurulması planlarına toxunan natiq bildirib ki, “Müdafiə Nazirliyi RMS-in qurulması üzrə planları hərtərəfli təhlil edir. Bu təhlilin nəticəsi böyük ehtimalla payızda bəlli olacaq. Təhlilin nəticəsindən asılı olaraq öz qərarımızı verəcəyik. Bu qərar ABŞ milli təhlükəsizliyi ilə bağlı maraqları, dostlarımız və müttəfiqlərimiz qarşısındakı öhdəliklərimiz, təhlükəsizliyin ciddiliyi, təklif olunan RMS-nin qiyməti və effektivliyindən asılı olacaq”.
Xanım Vallander çıxışında qeyd edib ki, onlar Avropa və Avrasiyada Rusiya ilə rəqabəti dəstəkləmirlər və ölkənin sərhədlərində demokratik dövlətlərin mövcudluğunun rəsmi Moskvanın da marağında olduğu qənaətindədirlər.