“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
12.10.2012, 15:36
338

Prezident bp-ni istehsal proqnozlarını yerinə yetirməməkdə ittiham etdi

A- A+

2009-cu ildən bu yana “Azəri” və “Çıraq” yataqlarında hasilat 46 milyon tondan 33 milyon tona enib

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 10 oktyabr iclasındakı çıxışında sənaye istehsalında vəziyyətin o qədər də ürəkaçan olmadığını deyib və bunu neft sənayesinin böyük dərəcədə aşağı düşməsi ilə bağlayıb: “Azərbaycanda neftin hasilatı ilə Azərbaycan Dövlət Neft Şirkəti məşğuldur və 1994-cü ildə “Azəri”, “Çıraq” yataqları üzrə bağlanmış kontrakt əsasında beynəlxalq konsorsium - Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti yaradılıb, operator məhz Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti idi.Ondan sonrakı mərhələlərdə o konsorsiuma daxil olan şirkətlər arasında birləşmə prosesi getdiyi üçün operator funksiyaları bp şirkətinə həvalə edilib.

Konsorsium tərəfindən buraxılan kobud səhvlər ucbatından son illər ərzində “Azəri”, “Çıraq” yataqlarında neft hasilatı kəskin şəkildə aşağı düşməyə başlayıb. Bu, birinci il deyil ki, neft hasilatı aşağı düşür. Əlbəttə, neft sənayesində çalışanlar, neft mütəxəssisləri bilirlər ki, hər bir neft yatağının bir ömrü var. Hasilat artır, pik zirvəsinə çatır, sonra müəyyən illər ərzində sabit qalır, ondan sonra tənəzzül başlayır. Yəni bu proses hər bir neft mütəxəssisi üçün çox tanış olan məsələdir. Ancaq söhbət ondan getmir ki, biz pik səviyyəsinə çatdıq və ondan sonra təbii, necə deyərlər, tənəzzül prosesləri yaşanır. Söhbət ondan gedir ki, verilən proqnozlar yerinə yetirilmir.

Onu da deyə bilərəm ki, “Azəri”, “Çıraq” neft yataqları üzrə kontrakt pay bölgüsü əsasında imzalanıb. İlkin mərhələlərdə payların bölgüsü bir qədər fərqli idi. İlkin mərhələlərdə ki, böyük investisiyalar qoyulurdu, xarici investorların payı daha da böyük idi - təxminən 75-25 faiz xaricilərin xeyrinə, əgər belə demək mümkünsə. Onlar öz investisiyalarını qaytardıqdan sonra pay bölgüsü dəyişməyə başlayıb - əllinin-əlliyə səviyyəsində bölünürdü. 2008-ci ilin ortalarında artıq “Azəri”, “Çıraq” neft yataqlarının səmərəliliyini və kontrakt şərtlərini nəzərə alaraq bu pay bölgüsü Azərbaycanın xeyrinə dəyişib və hazırda - 2008-ci ilin ortalarından bu günə qədər 75-25 faiz təşkil edir. Yəni hasil edilən mənfəət neftinin 75 faizi Azərbaycanın payına düşür. Bir daha demək istəyirəm ki, kontrakt şərtləri əsasında bu pay bölgüsündə dəyişiklik baş verdikdən sonra “Azəri”, “Çıraq” neft yataqlarında neftin hasilatı nədənsə azalmağa başlayıb.

Sözlərimə konkret rəqəmlər əlavə etmək istəyirəm. Belə ki, 2009-cu ildə “Azəri”, “Çıraq” yataqlarında bizə verilən hasilat proqnozu 46,8 milyon ton idi. Faktiki isə 40,3 milyon ton səviyyəsində neft hasil edilib. 2010-cu ildə proqnoz 42,1 milyon ton idi, fakt 40,6 milyon ton olub. 2011-ci ildə proqnoz 40,2 milyon idi, real hasilat isə 36 milyon. 2012-ci ildə verilmiş proqnoz 35,6 milyon tondur. İndiki hasilatı nəzərə alaraq belə təxmin etmək olar ki, ilin sonuna qədər bp “Azəri”, “Çıraq” yataqlarından 33 milyon tondan artıq neft hasil edə bilməyəcək.

Dörd ildə 8 milyard dollar itirmişik

Bütün bu rəqəmləri toplayaraq və neftin qiymətini 100 dollar səviyyəsində götürərək, - halbuki bu illər ərzində daha da yüksək idi, - hesablasaq görərik ki, Azərbaycanın bilavasitə əldə edilməmiş gəliri 8,1 milyard dollardır. Bu, reallıqdır. Kiçik bir statistik rəqəmin arxasında bu reallıq dayanır. Ona görə ildən-ilə, aydan-aya, rübdən-rübə neft sənayesində istehsalın düşməsi bu vəziyyətin məntiqi nəticəsidir.

Gözlənilməyən bu tənəzzül sırf “Azəri”, “Çıraq” yataqları üzrə fəaliyyət göstərən konsorsiuma rəhbərlik edən bp şirkətinin kobud səhvləri nəticəsində mümkün olub. Biz bp şirkəti ilə uzun illərdir ki, əməkdaşlıq edirik. Onların fəaliyyətini bütün dövrlərdə dəstəkləmişik. Onlar üçün ən ağır günlərdə onları dəstəkləmişik. Biz adekvat münasibət gözləyirik. Bizə verilən səhv proqnozlar qəbuledilməzdir. Dövlət Neft Şirkətinə verilən yalan vədlər qəbuledilməzdir. Dünya biznesində, biznesin bu səviyyəsində belə münasibətlərə yer yoxdur, mümkün deyil. Biz həmişə bütün tərəfdaşlarla - istər siyasətdə, istər iqtisadi sahədə ədalətli olmuşuq. Həmişə dediyimiz sözlərə əməl etmişik. Biz adekvat münasibət gözləyirik. Mən hesab edirəm ki, bu məsələ ilə bağlı çox ciddi dəyişikliklər edilməlidir.

Mən nə üçün bu məsələ ilə bağlı məlumatı məhz bu gün ictimaiyyət üçün açıram? Ona görə ki, keçən ay bp tərəfindən mənə rəsmi qaydada söz verilib ki, bütün bu xoşagəlməz halların qarşısı qısa müddət ərzində alınacaq. Bütün səhvlər etiraf edildi. Etiraf edildi ki, vəziyyət çox ürəkaçan deyil. Mənə verilən vədlər ondan ibarət idi ki, qısa müddət ərzində çox ciddi dəyişikliklər ediləcək, işçi proqrama düzəlişlər olunacaq, hasilatı sabit səviyyədə saxlamaq üçün əməli tədbirlər görüləcək və ən önəmlisi, bu kobud səhvləri buraxan insanlar dəyişdiriləcək.

Ancaq o gündən bu günə qədər, - təxminən bir ay vaxt keçib və mən bu vədlərin yerinə yetirilməsini görmürəm. Əksinə, hesab edirəm ki, burada vaxt uzatma prosesi gedir. Ona görə hesab edirəm ki, bu, tamamilə dözülməz bir haldır. Artıq Dövlət Neft Şirkətinə tapşırıq verilib ki, bu məsələ rəsmi qaydada qaldırılsın və lazımi tədbirlər görülsün. Öz vəzifə borcunu, kontrakt şərtlərini yerinə yetirə bilməyən investorlar gərək, nəticə çıxarsınlar, ciddi ölçülər, tədbirlər görülməlidir və görüləcək”.

* * *

►Mövzuya dair:

Hökumətin bp ilə müqavilələrə yenidən baxması real deyil  

“Azərbaycan iqtisadiyyatı neft layihələrindən asılı vəziyyətədir. Ona görə də hökumətin bp ilə müqavilələrə yenidən baxması real deyil”. İqtisadi Tədqiqatlar Mərkəzinin sədri Qubad İbadoğlu “Media forum” saytına belə deyib.

Ekspertin sözlərinə görə, 2011-ci ildən Azərbaycan iqtisadiyyatının artım tempi azalmağa başlayıb və ötən il 4,1 faiz iqtisadi artım qeydə alınıb: “Hökumət bunun əsas səbəbini neft-qaz sektorunda hasilatın aşağı enməsi ilə izah edirdi. Gözləntilər ondan ibarət idi ki, neft-qaz sektorunda hasilatın səviyyəsi aşağı enəndə qeyri-neft sektorunda iqtisadi artım bunu kompensasiya edəcək və son nəticədə ümumi daxili məhsulun artımında problem yaranmayacaq. Amma bu il ümumi daxili məhsulun artımında problemlər var. Hətta bəzi beynəlxalq təşkilatlar, o cümlədən Asiya İnkişaf Bankı Azərbaycanda iqtisadi artımın səviyyəsi ilə proqnozlarını dəyişdilər, bir necə gün əvvəl iqtisadi artım tempinin bir qədər də aşağı düşəcəyini elan etdilər.

Nazirlər Kabinetinin 10 oktyabr iclası da göstərdi ki, iqtisadi artımın yavaşımasının əsas səbəblərindən biri məhz neft sektorunda alğı-satqının aşağı düşməsidir. Azərbaycan iqtisadiyyatı neft sektorunda hasilatın aşağı düşməsinə hazır deyil. Ona görə də günahkar axtarırlar. Günahkar axtarışında isə daha çox bp hədəf seçildi”.

İqtisadçı hesab edir ki, bp-nin Azərbaycanda neft-qaz hasilatını uzun müddət artırması mümkün deyil: “Nə vaxtsa neft-qazın hasilatı azalmalıdır və bu proses bir necə ildir müşahidə olunur. Bundan bir növ narahatlıq var. Çünki iqtisadi artım tempi aşağı düşəndən sonra tənəzzül başlayır. Qarşıdan prezident seçkisi gəlir və iqtisadi artımın aşağı enməsi, tənəzzülün baş verməsi həm də hazırkı hökumətin siyasi məqsədlərinə uyğun deyil. İqtisadi artımın aşağı enməsi səbəblərini prezidentə o formada çatdırıblar ki, bu, bp-nin hasilatı məqsədli şəkildə aşağı salması ilə bağlıdır. Əslində bp hökumət qarşında öhdəlik götürməyib, sadəcə olaraq şirkət proqnozlar vermişdi. Bu proqnozlara görə, hasilatda artım olmalıydı. Lakin müxtəlif texniki və digər iqtisadi səbəblər üzündən hazırda bp hasilatda artım tempini saxlaya bilmir. Burada müxtəlif texniki səbəblər də ola bilər. Digər tərəfdən indiki halda hasilatın artımını yüksəltmək üçün gərək istismarla daha çox məşğul olsunlar. Amma bu da sonradan kəskin azalmaya gətirib çıxara bilər. Müəyyən mənada bp də azalmaya kəskin deyil, daha çox stabil keçid təmin etmək istəyir. Şirkət bunun üçün son illərdə hasilatın tənzimlənməsi ilə məşğul olub”.

Qubad İbadoğlu bildirib ki, prezident İlham Əliyevin şirkətlərin öz xərclərini açıqlamamaları haqda dedikləri ilə razıdır: “Prezident çıxışında qeyd edib ki, bp Azərbaycanın neft-qaz sektoruna 28,7 milyard dollar investisiya qoyub, 73 milyard gəlir əldə edib. Biz 28,7 milyard dolların özünü çox böyük rəqəm hesab edirik. Bu məbləğ “Əsrin müqaviləsi” imzalananda müqavilənin elan olunmuş smeta dəyərindən ən azı üç dəfə çoxdur. Ona görə də biz Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü koalisiyası olaraq Azərbaycanda şirkətlərin fərdi hesabat verməsini, eyni zamanda şirkətlərin xərclərinin açıqlanması yolu ilə şəffaflığın təmin olunmasını tələb edirik”.

İqtisadi Tədqiqatlar Mərkəzinin sədrinin sözlərinə görə, uzun müddətdir iqtisadiyyatın şaxələnməsi problemi həll olunmayıb və iqtisadiyyat kəskin şəkildə bir şirkətdən asılı vəziyyətə düşüb: “İndiki vəziyyətdə bp ilə müqavilələrə yenidən baxılması iqtisadi və siyasi baxımdan çox riskli addım olar. Ola bilər ki, Azərbaycan hökuməti müxtəlif vasitələrlə bp-ni ən azı bu il və gələn il hasilatı artırmağa təhrik eləsin. Çünki hər iki il siyasi baxımdan önəmli ildir. Amma bu bütövlükdə vəziyyəti dəyişməyəcək. Vəziyyəti dəyişmək üçün ölkə iqtisadiyyatının diversifikasiyasına nail olmalıyıq. Azərbaycan hökuməti onsuz da bp ilə şəffaflıq təşəbbüsündə də, neft strategiyasının reallaşmasında da əməkdaşlıq edib. Ölkənin xarici siyasətində də bp-nin rolu var. Bu səbəblərdən bp ilə əməkdaşlığa birdəfəlik son qoyulacağına, nəyinsə dəyişəcəyinə inanmıram.

Prezidentin dedikləri bir mesaj idi. Görünür, bp-yə mesajı yüksək səviyyədə çatdırmaq lazım idi. Yəqin ki, Azərbaycan Dövlət Neft Şirkəti səviyyəsində bp-nin qərarlarına təsir etmək mümkün olmayıb. Ona görə də bunu daha yüksək səviyyədə çatdırmaq üçün prezident tərəfindən səsləndirilməsinə ehtiyac yaranıb. Əsas məsələ bp-nin hasilatı artırmağa təhrik etməkdir. Hasilatın artımı həm də neft gəlirlərinin artması deməkdir. Azərbaycan hökumətinin bu il neft gəlirləri üçün gözləntiləri daha çoxdur. Bu baxımdan gəlirlərin azalması da hökumətin apardığı siyasətin əleyhinə işləyə bilər”.

Ekspertin sözlərinə görə, hasilatın azalmasının dünya bazarındakı qiymətlərlə heç bir əlaqəsi yoxdur: “Yalnız gəlirin formalaşmasında qiymət və həcm amili əhəmiyyətli rol oynayır. Onsuz da neftin qiyməti yüksəkdir. Neft hasilatı həcminin yüksək olması gəlirlərin çoxalmasına gətirib çıxaracaq. Amma neft hasilatının aşağı düşməsi həm iqtisadi, həm texniki, həm də təbii amillərlə izah oluna bilər. Bir səbəb neftin çıxarılması və hasilat imkanlarının zəifləməsidir. İkincisi, texniki səbəblərdir. Gürcüstanla Rusiya arasındakı müharibə, qəzalar nəticəsində hasilatda fasilələr baş vermişdi. Üçüncüsü, bp Azərbaycanda uzun müddət fəaliyyət göstərmək istəyir. “Əsrin müqaviləsi” 2024-cü ildə başa çatır. Müqavilənin uzadılması ilə bağlı hökumətlə şirkət arasında razılaşmalar var. bp indi daha çox investisiya yatırır. Eyni zamanda hasilatın aşağı düşməsi ilə müqavilənin müddətinin azalması və növbəti dövr üçün ehtiyatların saxlanılması məqsədi güdülə bilər”.

Xəbərlər
Redaktorun seçimi