“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
22.10.2009, 08:20
451

Bayraq krizi çözülür?

A- A+

Bakıda səfərdə olan Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu və Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Fəxri Xiyabanda Heydər Əliyevin məzarını, Şəhidlər Xiyabanını, Türk Şəhidliyini ziyarət ediblər. 

Nazirlər bayraq krizinin aradan qalxmasının bir mesajı olaraq ziyarətə üzərində Azərbaycan və Türkiyə bayraqları olan avtomobillərdə gəliblər.

İki ölkənin XİN rəhbərlıri əvvəlcə Heydər Əliyevin məzarını ziyarət edib, onun abidəsi önünə əklil qoyublar.

Daha sonra Əhməd Davudoğlu və Elmar Məmmədyarov Şəhidlər xiyabanını ziyarət edib, “Əbədi məşəl” kompleksinin qarşısına əklil qoyublar.

Sonra nazirlər hazırda Şəhidlər Xiyabanında 1918-ci ildə Bakının erməni-rus işğalından azad olunması uğrunda döyüşlərdə həlak olmuş türk əsgərlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər.

Ziyarətdən sonra Əhməd Davudoğlu və Elmar Məmmədyarovun jurnalistlər üçün birgə açıqlama veriblər.

  * * *

Əhməd Davudoğlu: “Baş verənlər Azərbaycanı nə dərəcədə narahat edibsə, Türkiyəni də elə narahat edir”

Əhməd Davudoğlu deyib ki, Azərbaycanı ziyarət etməkdən böyük xoşbəxtlik duyur. Azərbaycanın xarici işlər naziri və ölkə prezidenti İlham Əliyevlə görüşdüyünü deyən nazir hər iki görüşdə Azərbaycan və Türkiyə münasibətləri, iki ölkənin problemləri barədə müzakirələr apardıqlarını deyib.

“Qərara gəldik ki, Türkiyə və Azərbaycan torpaqları, bayraqları bizim üçün eynidir, bir-birinə yad deyil. Biz Azərbaycanın ərazi bütövlüyünü öz ərazi bütövlüyümüz hesab edirik. Azərbaycanın bayrağını öz bayrağımız sayırıq. Bizim bayraqlarımız bir-birinə çox bənzəyir, üzərindəki ay-ulduz da eynidir. Bu baş verənlər Azərbaycanı nə dərəcədə narahat edibsə, Türkiyəni də elə narahat edir.

Buradakı Türk Şəhidliyi Azərbaycandakı qardaşlarımıza əmanətdir. Türkiyə ilə Azərbaycan əbədi qardaş kimi qalacaq. Hər iki xalq ən uca yerlərdə bu bayraqları tutacaqlar. Hər iki bayraq türk bayrağıdır. Heç kimə hər hansı şəkildə bu bayraqlara həqarət etməyə imkan vermərik. Türkiyə Azərbaycanı hər zaman müdafiə etməkdə davam edəcək. Bizim ortaq türkcəmiz, ortaq bayrağımız əbədidir”, - deyə Türkiyə XİN rəhbəri bildirib.
 

Elmar Məmmədyarov: “Bursada Azərbaycan bayrağına hörmətsizlik edənlər cəzalandırılacaq, biz də öz tərəfimizdən xüsusi tədbirlər görəcəyik”

Elmar Məmmədyarov isə açıqlamasında əvvəlcə Əhməd Davudoğlu ilə təkbətək, sonra isə birgə prezident İlham Əliyevlə görüşdüklərini deyib: ““Bir millət, iki dövlət” prinsipi qüvvəsində qalır. Görüşlərdə bayraqlarla bağlı xoşagəlməz hadisələr müzakirə olundu. Fikirlərimiz üst-üstə düşdü. Əhməd Davudoğlu dedi ki, Bursada Azərbaycan bayrağı ilə bağlı hadisə barədə istintaq aparılacaq, cinayət işi açılacaq. Həmin hadisəni törədənlər öz cəzalarını alacaqlar. Azərbaycanla Türkiyə arasında dostluq, məhəbbət, qardaşlıq necə vardısa elə də qalacaq”.

Jurnalistlərin “Türk Şəhidliyindəki Azərbaycan və Türkiyə bayraqları yenidən öz yerindən asılacaqmı” sualını hər iki nazir cavablandırıb.


Əhməd Davudoğlu: “Ən qısa zamanda bu bayraqların yenidən şəhidlikdə bərabər dalğalanacağına ümid edirik”

Türkiyə XİN rəhbəri vurğulayıb ki, bayraqlarla bağlı baş verən olaylar hər hansı şəkildə iki qardaş ölkənin münasibətlərinə təsir etməməlidir: “Bursada bir hadisə baş verdi. Hazırda bununla bağlı təhqiqat aparılır. Mətbuatda yayımlanan bəzi kadrlar təxribat xarakterlidir, nifaq salmaq üçün təşkil edilib. Türkiyədə heç bir şəkildə Azərbaycan bayrağını təhqir etməyə imkan verilməz.

Buna baxmayaraq, biz provokasiya xarakterli addımı araşdırırıq, ölçü götürəcəyik. Türk Şəhidliyindəki türk bayrağı yad bayraq deyil, ortaq türkcəmizin, türklüyün bayrağıdır. Burada Azərbaycan və Türkiyə bayraqları bərabər dalğalanıb. Ən qısa zamanda bu bayraqların yenidən şəhidlikdə bərabər dalğalanacağına ümid edirik”.

Elmar Məmmədyarov isə deyib ki, Bursadakı stadionda Azərbaycan bayrağına olan münasibəti hamı görüb: “Qərara alınıb ki, həmin insanlar cəzalandırılsın. Biz də öz tərəfimizdən xüsusi tədbirlər görəcəyik”.

Xəbərlər
Redaktorun seçimi