“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
22.04.2011, 17:30
424

Qafqazda “erməni məsələsi”. 1724-1914.

A- A+

Rusiyanın arxiv sənədləri əsasında hazırlanmış kitablar təqdim olunub

Aprelin 21-də Bakıda Avropa Azərbaycan Cəmiyyəti (AAC) tərəfindən nəşr olunmuş üç cilddən ibarət “Qafqazda “erməni məsələsi”. 1724-1914. Rusiya arxiv sənədləri və nəşrləri üzrə” kitabının təqdimatı keçirilmişdir. AzərTAc xəbər verir ki, tədbirdə Prezident Administrasiyasının məsul əməkdaşları, Milli Məclisin deputatları, diplomatik korpusun və ictimaiyyətin nümayəndələri iştirak etmişlər.

Təqdimat mərasimini açan AAC-ın Azərbaycan nümayəndəliyinin rəhbəri Taleh Bağıyev bildirmişdir ki, Avropa Azərbaycan Cəmiyyəti tərəfindən “Qafqazda “erməni məsələsi”. 1724-1914. Rusiya arxiv sənədləri və nəşrləri üzrə” üçcildlik Azərbaycan, ingilis və rus dillərində Bakı, London və Sankt-Peterburq şəhərlərində nəşr edilmişdir. Topluda dünya tarixşünaslığında ilk dəfə olaraq Qafqazda “erməni məsələsi” xüsusi problem kimi irəli sürülmüşdür.

Tədbirdə çıxış edən AAC-ın təsisçisi və sədri Taleh Heydərov rəhbərlik etdiyi qurumun son 5 ildəki fəaliyyəti barədə iştirakçılara ətraflı məlumat vermişdir. T.Heydərov demişdir ki, cəmiyyətin həyata keçirdiyi çoxsaylı layihələr sürətlə inkişaf edən Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması məqsədi daşıyır. AAC-ın nəşri olan “Visions of Azerbaijan” jurnalı, “Azərbaycan – 100 sual, 100 cavab” kitabı buna bariz nümunədir. Bildirilmişdir ki, sonuncu kitab 5 dildə nəşr edilərək Avropa ölkələrində yayılmışdır və onun daha 3 dildə nəşri planlaşdırılır.

T.Heydərov qeyd etmişdir ki, AAC-ın reallaşdırdığı layihələr içərisində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə xüsusi diqqət yetirilir. Cəmiyyətin həyata keçirdiyi son layihə də məhz avropalıları münaqişənin kökləri, yaranma səbəbləri ilə bağlı məlumatlandırmaq məqsədinə xidmət edir. Kitabda Rusiya arxivlərindən toplanmış sənədlər öz əksini tapmışdır və bu, məlumatların obyektivliyinin şübhə altına alınmasına imkan vermir.

Kitabın digər məziyyətlərindən danışan sədr diqqətə çatdırmışdır ki, mövzu Rusiya Dövlət Tarix Arxivi (Sankt-Peterburq) və Rusiya Dövlət Hərbi Tarix Arxivindən (Moskva) aşkar edilmiş, uzun müddət “məxfi” və “tamamilə məxfi” qrifləri ilə mühafizə olunan müxtəlif arxiv işlərindən toplanmış üç yüzə qədər nadir sənəd, dövri mətbuat materialları və nəşrlər əsasında kompleks şəkildə təqdim edilir. Topluda verilmiş sənəd və materialların böyük əksəriyyəti ilk dəfədir ki, geniş ictimaiyyət və elmi dairələrin mühakiməsinə verilir. Bu yeniliklər, ümumən “erməni məsələsi” anlayışına, o cümlədən Qafqazda “erməni məsələsi”nə fərqli yanaşmağa imkan verəcəkdir.

Təqdimat mərasimində çıxış edən Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü, Tarix İnstitutunun direktoru Yaqub Mahmudov yeni kitabın əhəmiyyətini yüksək qiymətləndirmişdir. Y.Mahmudov qeyd etmişdir ki, kitabda “erməni məsələsi”nə istər erməni, istərsə də ermənipərəst ədəbiyyatdakı yanlış və ziddiyyətli baxışlar hərtərəfli şəkildə nəzərdən keçirilmiş, əslində onun regionda tarixən qeyri-sabitlik amili kimi formalaşdırıldığı öz təsdiqini tapmışdır.

Üçcildlikdə əksini tapmış sənədlər və materiallar bir daha sübut edir ki, ermənilər Qafqazda gəlmə xalq olmuşlar. Qafqazda “erməni məsələsi” onların məqsədyönlü şəkildə buraya köçürülməsi ilə başlamışdır. Ermənilərin Qafqazda sayı artdıqca onlar ərazi iddiaları və separatizm məqsədlərini, mifik “Böyük Ermənistan” xülyasını həyata keçirməyə cəhdlər etməyə çalışmışlar. Bu zaman bəşəriyyətə qarşı ən ağır cinayət hesab olunan soyqırımı və terror aktlarından istifadə edilmişdir. Y.Mahmudov vurğulamışdır ki, ermənilərin 1905-1906-cı illərdə azərbaycanlılara qarşı törətdikləri soyqırımı burada xüsusi yer tutur. Toplunun II cildi bilavasitə bu hadisələrə həsr olunmuşdur. Nadir sənədlər 1905-1906-cı illər hadisələrinin miqyası və coğrafiyası haqqında tam təsəvvür yaradır.

Alim bildirmişdir ki, Rusiya arxivlərinin sənədləri Qafqazla bərabər Türkiyədə də “erməni məsələsi”nin əsl mahiyyətinin aşkar edilməsi üzrə də olduqca mühüm faktlarla zəngindir. Rusiyanın Ərzurumdakı baş konsulluğunun katibi 1903-cü ilin aprelində məlumat verirdi ki, Tiflis erməniləri rusları Türkiyə ilə tezliklə müharibəyə başlamağa məcbur etmək üçün iğtişaşlar törətmişlər; erməni komitələri rusların Ərzurum vilayətini tutmağa tələsməməsindən çox narazıdır. Y.Mahmudov qeyd etmişdir ki, “erməni məsələsi”nin əsassız olaraq gündəmdə qalmasına onun dünya ictimaiyyətinə düzgün çatdırılmaması və həqiqətlərin təhrif edilməsi də səbəb olmuşdur.

Üçcildlikdə toplanmış sənəd və materiallardakı təkzibedilməz faktlar “erməni məsələsi”nin bütün gerçəkliklərini aşkar etməyə imkan yaratmaqla yanaşı, 200 ilə qədər bir dövrü əhatə edən sənədlər “erməni məsələsi”nin dəyişən tarixi dövrlərə necə uyğunlaşmasını açıb göstərmişdir. “Erməni məsələsi”nə dair müasir uydurmaların aydınlaşdırılması üçün bu faktlar böyük əhəmiyyətə malikdir. Toplu “erməni məsələsi”nə dair dünya tarixşünaslığında yeni söz olmaqla, bu problemə maraq göstərənlər üçün qiymətli mənbədir.

Qiymətli elmi töhfə kimi çoxcilidliyi yüksək dəyərləndirən tarixçi alim onun gənclər tərəfindən hazırlanmasının xüsusi əhəmiyyəti olduğunu vurğulamış, bunu Azərbaycan gəncliyinə bir çağırış hesab etdiyini bildirmişdir. Yaradıcı kollektivi təbrik edən Y.Mahmudov onlara gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.

Tədbirdə çıxış edən “Visions of Azerbaijan” jurnalının redaktoru Yan Pört bildirmişdir ki, Qafqazdakı gerçəkliklərin kökü bir neçə 100 il bundan əvvələ gedib çıxır. Hazırda bir çox ölkələrin parlamentlərində ötən əsrin əvvəllərində regionda baş vermiş hadisələrlə bağlı sənədlər qəbul edilir. Məncə, bu insanlar nəyə imza atdıqlarının mahiyyətinə heç də kifayət qədər varmırlar. Bu gün təqdimatına toplaşdığımız kitab əsl gerçəkliyin ortaya çıxarılmasına tam şərait yaradacaqdır. Regionla bağlı məsələləri araşdıran alimlər, siyasətçilər bu nəşrdən kifayət qədər bəhrələnəcəklər.

Qafqazda yaxşı tanınmış ABŞ-lı professor Tomas Qoltsun salamlarını tədbir iştirakçılarına çatdıran Y.Pört amerikalı alimin regionun tədqiqatçılar tərəfindən obyektiv öyrənilməsinə verdiyi töhfələri xüsusi vurğulamışdır. Bildirilmişdir ki, artıq bir neçə ildir T.Qolts amerikalı tələbələr qrupunun regiona səfərlərini təşkil edir və onlara dəqiq məlumatlar toplamaqda yardımçı olur. Y.Pört qeyd etmişdir ki, T.Qolts kitabın ingilis dilində nəşrinin redaktoru olmaqdan şərəf duyduğunu bildirmişdir. Müəlliflər kollektivinə səmimi təbriklərinin çatdırılmasını xahiş edən amerikalı alim əmin olduğunu bildirmişdir ki, yeni nəşr dünya kitabxanalarında etibarlı istinad mənbəyi rolunu oynayacaqdır.

T.Qoltsun fikirlərini tədbir iştirakçılarına çatdırmaqdan məmnunluq duyduğunu bildirən Y.Pört kitabın onların son işi olmadığını vurğulamışdır. Y.Pört rəhbərlik etdiyi jurnal haqqında da ətraflı məlumat vermiş, bildirmişdir ki, hazırda onlar çoxsaylı layihələr üzərində çalışırlar. “Erməni məsələsi” ilə bağlı artıq Avropa arxivlərində işə başlandığı, yaxın zamanlarda onun daha geniş vüsət alacağı qeyd edilmişdir. Natiq qeyd etmişdir ki, jurnalın azərbaycanlı müəlliflərinin Avropada tanıdılması istiqamətində ardıcıl iş aparılır.

Kitabın regionun tarixinin obyektiv öyrənilməsi üçün əhəmiyyətini yüksək qiymətləndirən Y.Pört alimlərdən xahiş etmişdir ki, siyasətçiləri doğru, düzgün faktlarla tanış etsinlər. Belə olan təqdirdə ədalətsiz qərarların qəbul edilməsinin qarşısı alınar. Dünyanın siyasi ədalətə böyük ehtiyacı vardır. İki illik gərgin əməyin gözlənilən nəticələri verəcəyinə əmin olduğunu deyən natiq kitabın müəlliflərini təbrik etmişdir.

Tədbirə yekun vuran Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirmişdir ki, XXI əsrin – üçüncü minilliyin başlanğıcı dünya nizamında yeni-yeni, kəşməkəşli hadisələrin cərəyan etməsi ilə müşahidə olunur. Bu minillik keçən əsrin sonunda müstəqilliyini bərpa etmiş dövlətlərin qarşısında mühüm geosiyasi vəzifələr qoyur. Bu, həmin xalqların tarixini, keçmişini, bugünkü yaşadıqları regionda məskunlaşmasından tutmuş mövcud vəziyyətə təsirini və digər məsələləri öyrənmək vəzifəsidir.
Ə.Həsənov qeyd etmişdir ki, ötən əsrin əvvəllərində böyük imperiyalar – Rusiya, İran, Osmanlı imperiyası, Avropanın mərkəzləşmiş dövlətləri, dünyada müstəmləkə siyasəti yürüdən digər ölkələr özlərinin etnogenezindən tutmuş, müstəmləkə “haqlarına” qədər hər şeyi arxivləşdirərək bəşəriyyətin beyninə yeritmişlər. Dünyanın indiki nizamında ictimai rəyin rolunu nəzərə alsaq, faktiki olaraq tarix də əsas maddi və mənəvi nemətlər kimi bölüşdürülmüşdür və bir sıra ölkələr ikili standartlardan yanaşılması halları ilə qarşılaşırlar.

Prezident Administrasiyasının şöbə müdiri bildirmişdir ki, təqdimatına toplaşdığımız bu tarixi mənbələrin nəşri də məhz ona yönəlmişdir ki, Azərbaycan xalqı Cənubi Qafqazda özünün mövcudluğunu, bu coğrafi ərazidə ayrı-ayrı dövlətlərin siyasətinin ona qarşı yönəldilən əsaslarını, tarixi köklərini və məqsədlərini aydınlaşdırmaq üçün yeni bir cəhddə bulunur.
Prezident İlham Əliyevin Azərbaycanın diplomatik korpusu qarşısında qoyduğu vəzifəni xatırladan Əli Həsənov bildirmişdir ki, dövlətimizin başçısının tələbinə əsasən səfirlərimiz Cənubi Qafqazda baş verən prosesləri, xüsusən ermənilərin bu coğrafiyada törətdiyi hadisələri, Azərbaycan dövlətinə, xalqına qarşı yüz illərlə həyata keçirilmiş soyqırımı siyasəti həqiqətlərini dünyaya çatdırmalıdırlar. Natiq vurğulamışdır ki, diplomatlarımız milli haqlarımızı beynəlxalq ictimaiyyətin, dünya siyasətini planlaşdıran mərkəzlərin ekspertlərinin diqqətinə çatdırmalı və Azərbaycan həqiqətlərini geniş təbliğ etməlidirlər.

XXI əsrdə xalqımızın qarşısında çox mühüm strateji vəzifələrin dayandığını qeyd edən şöbə müdiri bildirmişdir ki, bu vəzifələrdən biri də 200 ildən artıq bir müddətdə Azərbaycan xalqına qarşı soyqırımı törədən ermənilərin mənfur siyasətinin mahiyyətini və gerçəkliklərini dünya ictimaiyyətinin diqqətinə çatdırmaqdır. Bu gün müasir dünyanın siyasi mərkəzlərində, siyasi planlaşdırma mərkəzlərində bu cür materialların siyasətçilərin diqqətinə çatdırılması çox önəmli əhəmiyyət kəsb edir. Bu mənada Azərbaycan xalqının müstəqillik yolunda atdığı addımlar, Xalq Cümhuriyyətinin tarixi, ondan əvvəlki və sonrakı tarix real faktlar əsasında dünya ictimaiyyətinə çatdırılmalıdır.

Avropa Azərbaycan Cəmiyyətinin təşəbbüsünü yüksək qiymətləndirən Ə.Həsənov vurğulamışdır ki, bu, işin başlanğıcıdır. Dünya arxivlərində Azərbaycan tarixi ilə bağlı həqiqətlərin toplanması işin bir tərəfidir. Onların müxtəlif dillərdə dərc olunması isə işin ikinci tərəfidir. Bu materialların dünya kitabxanalarına yayılması, dünya siyasi planlaşdırma mərkəzlərinə yerləşdirilməsi, ictimai rəyə çatdırılması çox ciddi məsələlərdir. Bu, həm dövlət qurumlarından, həm də ictimai institutlardan, qeyri-hökumət təşkilatlarından, mətbuat nümayəndələrindən və Azərbaycanı təbliğ edən digər mərkəzlərdən çox ciddi səylər tələb edir.

AAC-ın bu istiqamətdə fəaliyyətini yüksək qiymətləndirən Əli Həsənov onun Avropanın böyük mərkəzlərində - Berlində, Londonda, Parisdə, Strasburqda, Frankfurtda və digər şəhərlərdə həyata keçirdiyi tədbirləri vurğulamışdır. Şöbə müdiri qeyd etmişdir ki, bugünkü təşəbbüs onlardan biridir. Ona görə də mən Azərbaycan Prezidentinin Administrasiyası adından, bütün dövlət rəsmiləri adından bu kitabın ərsəyə gəlməsində əməyi olan bütün insanlara təşəkkür edirəm. Qoy sizin bu təşəbbüsünüz böyük bir işin başlanğıcı olsun.

 

 

Xəbərlər
Redaktorun seçimi