“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
19.11.2010, 18:33
467

UNESCO-nun komitəsində Ermənistanın saxtakarlıq cəhdinin qarşısı alınıb

A- A+

Xaçkarların yalnız erməni xalqına məxsus olduğunu iddia edən başlıq dəyişdirilib...

Noyabrın 15-19-da Keniyanın paytaxtı Nayrobi şəhərində UNESCO-nun Qeyri-maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 5-ci sessiyası keçirilib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, sessiyada UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə reprezentativ siyahısına daxil edilməsi məqsədilə üzv dövlətlər tərəfindən irəli sürülmüş nominasiyalarla yanaşı, “Azərbaycan Respublikasında ənənəvi Azərbaycan xalçaçılığı sənəti” nominasiyası da müzakirə olunub. Aparılan müzakirə və səsvermə nəticəsində “Azərbaycan Respublikasında ənənəvi Azərbaycan xalçaçılığı sənəti” nominasiyası UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilib.


Sessiyada Ermənistan tərəfinin növbəti saxtakarlıq cəhdlərinin qarşısı da alınıb. Belə ki, Ermənistan nümayəndələrinin xaçdaşlarla bağlı nominasiyası müzakirəyə çıxarılıb. Nominasiya faylında Azərbaycanın maraqlarına zidd və həqiqətə uyğun olmayan məlumatlar yerləşdirilib, ərazi iddiaları irəli sürülüb, Dağlıq Qarabağ müstəqil dövlət kimi təqdim edilərək xaçkarların yalnız erməni xalqına məxsus olduğunu iddia edən başlıq seçilib.

Məsələ ilə əlaqədar Azərbaycan Xarici İşlər Nazirliyinin UNESCO üzrə Milli Komissiyası, UNESCO yanında Daimi Nümayəndəliyi və digər diplomatik nümayəndəliklər, eləcə də Mədəniyyət və Turizm Nazirliyi, Müəllif Hüquqları Dövlət Agentliyi, Milli Elmlər Akademiyası tərəfindən sessiya zamanı müvafiq qabaqlayıcı tədbirlər həyata keçirilib.

Bununla yanaşı, Azərbaycanın müvafiq dövlət qurumları və ictimai birliklərdən, o cümlədən Alban-Udin Cəmiyyəti və xaricdə fəaliyyət göstərən diaspor təşkilatlarından UNESCO-nun baş direktoru və katibliyinə çoxsaylı etiraz məktubları göndərilib.

Görülmüş işlərin nəticəsində Ermənistanın təqdim etdiyi dosyenin baxılması təxirə salınıb. Komitə üzvləri və təşkilatın katibliyinin qəti mövqeyi ilə üzləşən Ermənistan nümayəndə heyəti nominasiyanın adını dəyişərək “Erməni xaçdaşlarının sənəti. Xaçkarların simvolizmi və sənətkarlığı” adlandırıb və nominasiyada əks olunmuş ziddiyyətli və yanlış məlumatları çıxarıb.

Bununla da Azərbaycan nümayəndə heyəti xaçdaşların yalnız Ermənistana aid olmasının təsdiq edilməsinə dair səylərin qarşısını alaraq həmin qeyri-maddi mədəni irs nümunəsinin alban mədəniyyətinə məxsus olduğunu və mühafizə edilərək saxlanıldığını sübuta yetirib. Həmçinin dosyenin ilkin versiyasında Azərbaycanın ərazi bütövlüyünü sual altında qoyan və işğal olunmuş ərazilərdə mövcud qondarma qurumu müstəqil dövlət kimi təqdim etmə cəhdlərinə də yol verilməyib.

Tədbirdə UNESCO-nun baş direktoru İrina Bokova və digər rəsmilər, UNESCO-nun üzv dövlətlərindən vəzifəli şəxslər və ekspertlərlə yanaşı, Azərbaycan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Azərbaycanın UNESCO yanında Daimi Nümayəndəliyi və UNESCO üzrə Milli Komissiyanın əməkdaşları, eləcə də Azərbaycanın müvafiq ekspertlərindən ibarət nümayəndə heyəti iştirak edib.

* * *

Bax həmçinin:

►Azərbaycanın xalça sənəti dünya mədəni irs siyahısına daxil edilib

Xəbərlər
Redaktorun seçimi