“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
09.04.2009, 13:47
380

Rəcəb Tayyib Ərdoğan: “Azərbaycanla Ermənistan arasındakı problem həll edilmədən bizim addım atmağımız mümkün deyil”

A- A+

“Məqsədimiz bir tərəfdən Azərbaycanla Ermənistan, digər tərəfdən isə Türkiyə ilə Ermənistan arasındakı problemin həllinə nail olmaqdır”

“Çox açıq və konkret şəkildə söyləmək istəyirəm: Azərbaycanla Ermənistan arasındakı problem həll olunmadan Türkiyə ilə Ermənistan arasındakı çətinlikləri, sıxıntıları aradan qaldırmaq çətindir. Hazırda texniki xarakterli bəzi danışıqlar aparılır və bunda məqsəd Azərbaycanla Ermənistan arasındakı danışıqlar prosesinin bir az önündə gedərək gələcək addımlara hazırlıq görməkdir”. 

APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu sözləri Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan bəyan edib. Ərdoğan bildirib ki, BMT Təhlükəsizlik Şurasının Ermənistanı işğalçı adlandıran və onun işğal olunmuş torpaqları tərk etməsini nəzərdə tutan qərarları icra olunmalıdır: “Minsk “üçlüyü” olan ABŞ, Fransa və Rusiya 17 ildir bu problemi həll edə bilmir. Bu prosesi yaxından izləyirik, amma təəssüf ki, onlar indiyə qədər məsələni həll etməyi bacarmayıblar. Biz isə Rusiya, Türkiyə, Azərbaycan, Ermənistan və Gürcüstanı əhatə edən Qafqaz Sabitlik və Əməkdaşlıq Platforması təşəbbüsünü irəli sürdük. Məqsədimiz bir tərəfdən Azərbaycanla Ermənistan, digər tərəfdən isə Türkiyə ilə Ermənistan arasındakı problemin həllinə nail olmaqdır”.

Ərdoğan hökumətin Ermənistanla bağlı siyasətini tənqid edən müxalifətin – Cümhuriyyət Xalq Partiyası (CHP) və Milliyyətçi Hərəkat Partiyasının (MHP) ittihamlarına da cavab verib. O, CHP və MHP-nin bu məsələyə münasibətinin çirkin olduğunu vurğulayıb: “Ermənistanla Azərbaycan arasındakı problem həll edilməsə, bizim addım atmağımız mümkün deyil. Bunu dəfələrlə söylədik. Bunların ya qulaqları eşitmir, ya da iftira kampaniyasını davam etdirmək üçün belə mövqe tuturlar. Onlar nə deyirsə desin, biz bildiyimizi edəcəyik. Çünki bizim olduğumuz yer problemlərin həlli yeridir. Atdığımız addımlar da buna xidmət edir. Biz addımlar atmağa məcburuq”.

APA, 09.04.2009.

Mövzuya dair:

Xəbərlər
Redaktorun seçimi