“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
23.02.2010, 20:48
515

Su çərşənbəsi – baharın ilk müjdəsi

A- A+

Fevralın 23-ü ilaxır çərşənbələrdən ilki, Novruzun Su çərşənbəsidir...

Qış nə qədər sərt, soyuq keçsə də, yazın nəfəsi duyulmaqdadır. Bir-birinə bağlanan günlər bizi mübarək Novruza qanadlandırır.

Qədim və ulu bayramımız olan Novruz haqqında qaynaqlarda da maraqlı məlumatlar var. Hələ bineyi-qədimdən Şərq xalqları Novruzu bolluq, bərəkət, firavanlıq simvolu kimi əzizləyiblər. Xalq deyimlərində qış əsasən üç çillədən ibarətdir.

Təsəvvürlərə görə birinci - Böyük çillə qışın başlanğıcından fevralın əvvəlinədək olan günlərdən ibarətdir. Böyük çillənin yarısı sayılan və qışın "oğlan çağı" adlanan Kiçik çillə isə fevralın ilk iki on günlüyüdür. Kiçik çillədən Novruz bayramınacan olan vaxta isə Boz ay deyirlər. Ayın belə adlanması onun buludlu, yağışlı, küləkli - bir sözlə, dəyişkən olması ilə bağlıdır.

Ən qədim zamanlardan üzü bəri Novruza qədər ilin axır çərşənbələri xüsusi hazırlıq və zənginliklə qeyd edilməkdədir. İnanclara görə bu çərşənbələrin hər biri təbiətin dörd mühüm ünsürü ilə bağlıdır: Su, Od, Külək (Hava, Yel), Torpaq.

Novruzun müqəddəs çərşənbələrindən birincisi Su çərşənbəsi adlanır. Buna el arasında "Əzəl çərşənbə", "Gözəl çərşənbə", "Gül çərşənbə", "Sular Novruzu" da deyilir. Bu il Novruzun Su çərşənbəsi fevralın 23-nə düşür.

İnama görə həmin gün sular təzələnir. Gün doğmamışdan öncə kənd yerlərində insanlar bulaq üstə gedər, əl-üzünü yuyar, bir-birinin üstünə su çiləyər, su üstündən atlanar, evə su gətirərək təzə sudan çay qoyarlar. Deyilənə görə, həmin gün xəstələr su üstündən atlanaraq təzə sudan içsələr şəfa taparlar. Hətta Su çərşənbəsi günü su üstündən keçənlər il boyu azar-bezardan uzaq olarlar.

Su çərşənbəsi günü bulaqların şəfası artar. Bəlkə də buna görə ta qədimlərdə insanlar həmin gün su qırağında, bulaq başında, çay kənarında suyu çağıran, onun gözəlliyini, qüdrətini, müqəddəsliyini tərənnüm edən nəğmələr oxuyardılar. Suyun saflığına qoşulan nəğmələrin, bayatıların, deyilən müdrik fikirlərin, atalar sözlərinin, lətifələrin, bilməcələrin sayı-hesabı yoxdur.

Su axır samanlıqdan,
Yol keçir qaranlıqdan.
Çalış, yaxşılıq elə,
Nə çıxar yamanlıqdan.

Su çərşənbəsi ilə bağlı müxtəlif ayinlər, etiqadlar da var. Deyir, həmin gün bulaq başında, su kənarında dayanan insanlar ürəklərindən keçənləri mütləq suya söyləməli, onun ayna ləpələrindən niyyətlərinin hasil olmasını arzulamalıdırlar. Suyun qüdrətinə inananlar nikbin təbiətli olurlar. Hətta söyləyirlər ki, ən pis, qorxulu yuxunu da suya danışsan, xeyir taparsan. Ta qədimlərdən nənələrimiz suya baxaraq dodaqaltı pıçıldayarmışlar: "Suyun bəndinə qurban, belə hər fəndinə qurban..." Su gələn yerlərə dirilik gələr, bar-bəhər göyərər. Susuz çöllərin sinəsi cadar-cadar olar. Su olan yerdə həyat var. Hətta ən gözəl qıza da tərif deyəndə onu su pərisinə bənzədərmişlər.

Su fallarına görə, Su çərşənbəsi günü insanlar su götürüb evə gətirərlər. Buna "lal su" deyirlər. Çünki heç kəs danışmamalıdır. Bu suyun özgə hikməti olur. Suyu bir neçə piyaləyə töküb saxlayarlar. Qonum-qonşudakı qızlar bir yerə yığışaraq hərəsi öz bəxtinin üzüyünü saçına sürtüb suya atar. Üzük piyalənin divarına toxunaraq neçə dəfə cingildəsə, deməli, üzük sahibi o səsin sayına bərabər aydan sonra gəlin köçəcək. Su fallarının hər bir bölgədə özünəməxsusluğu var. Məsələn, bəzi yerlərdə iki iynənin başına pambıq dolayır, hərəsini piyalənin bir tərəfindən suya salırlar. İynələr piyalədə bir-birinə toxunsa, sevgililər tezliklə qovuşacaqlar.

Sübh tezdən bulaqdan 7 balaca daş gətirərlər. Onları evin küncünə və ərzaq qablarının içinə atarlar ki, ailənin barı-bərəkəti daş kimi yerindən tərpənməsin, bol olsun. Su ilə bağlı bayatılarda insanlar öz hisslərini, keçirdikləri həsrəti, qəmi dilə gətirərək sanki Tanrının bu nemətindən dərdlərinə əlac istəyirlər. Su ilə bağlı tapmacalarda da qədim insanların təfəkkürü, düşüncə tərzi, maraq dünyası var. Yığcam və lakonik bilməcələrin hər biri qədim insanın ağlı, dərrakəsi, tapıntısı qarşısında bu gün də müasir nəsli heyrətdə saxlayır: "Bir atım var ağ alaca, özü gedər, yəhəri qalar". Açması körpü altında su. Və yaxud: "Adam deyil hey qaçır, meşə deyil, səs salır" (çay), "Yer altında yaz gedir" (su).

Su ilə bağlı atalar sözləri də maraqlıdır. Bu hikmət boğçasında diqqətçəkən müqayisələr var: "Suyun lal axanı, adamın yerə baxanı", "Suda boğulan saman çöpündən yapışar", "Su bardağı suda sınar", "Sulu el abadan, susuz ev viran olar", "Su axar çuxurun tapar". İnanclar da minillərin sınağından çıxıb. Ona görə də insanlar həmişə özünü doğrultmuş bu müdrik fikirlərə etiqad bəsləyərlər: "Su içərkən adamı ilan da çalmaz", "Qaynar suyu yerə tökməzlər", "Qonşunun suyun kəsməzlər", "Su içən adamı qəfil vurmazlar", "Yuxuda su görmək aydınlıqdır", "Susuza su verməmək günahdır", "Odu su ilə söndürmək günahdır", "Su kiçiyindir, yol böyüyün", "Səfərə çıxanın arxasınca su atarlar", "Sucan ömrün olsun", "Su kimi duru olasan", "Su kimi paka çıxasan".

Hətta qədim təbabətimizdə su ilə bağlı maraqlı məsləhətlər var. Su çərşənbəsində övladı olmayan qadının başından 40 cam su töksən, niyyətin hasil olar. Qorxan adamın Su çərşənbəsində başından su atsan, qorxusu keçər. Qorxan adama adətən su içirdərlər. Bayılan insanın üzünə su çiləsən, özünə gələr.

Təbiətdə müalicəvi əhəmiyyəti olan sular da var ki, insanlar müxtəlif xəstəlikləri o təbii nemətin köməyi ilə sağaldırlar. Allah-təala bu nemətləri Azərbaycandan da əsirgəməyib. Turş su, İstisu kimi şəfalı sularımızın şəfaverici xüsusiyyətləri ölkəmizdən kənarda da məşhurdur.

Deyirlər ki, Su çərşənbəsi axşamı mütləq süfrəyə bir qabda su qoyulmalıdır. Şirniyyat, quru meyvələr düzülməlidir. Həmin axşam mütləq mərci plov bişirilməlidir. Çünki Su çərşənbəsində süfrənin bəzəyi lobyalı xörəklər sayılır.
Su çərşənbəsinə qoşulan nəğmələrin birində deyilir.

Suya gedən igidi,
Saçı məxmər təkidi.
Allah, məni su elə,
Su, gözəllər yüküdür.

Deyimin gözəlliyinə bax. Gözəllərin yükü sudan ibarətdir. Bəlkə də buna görə bulaqların aynasında güzgülənən qızların sevdası daha böyük və dərin olur. Bu səbəbdən də igidlər əlini qulağının dibinə verərək haraylayıblar: "Sudan gələn sürməli qız..." Neçə illərdir ki, bu nəğmənin həzin notları sevda dolu ürəklərin məlhəminə çevrilib.

Beləliklə, əziz oxucular, Əzəl çərşənbəniz, Su çərşənbəniz mübarək olsun! Atalar əbəs yerə deməyiblər ki, o, çərşənbələrin gözəlidir. Bu gözəl çərşənbədə yuxuda su görmək, dəryada üzmək, dənizə düşmək, çaydan keçmək aydınlıqdır. Belə xeyirli yuxular, xoş yozumlu röyalar, günəşli səhərlər arzulayırıq sizlərə!

Budur ha, su gəlir gilə-gilə,
Bülbüllər gəlir dilə...

Flora Xəlilzadə, “Azərbaycan”.

 * * *

 

Mövzuya dair:

Novruz çərşənbələri İctimai Televiziyada bayram konserti ilə qeyd olunacaq

İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) bu gündən etibarən hər Novruz çərşənbəsini bayram konserti ilə qeyd edəcək. Bu barədə APA-ya İTV-nin mətbuat xidmətindən bildirilib.

Bu dəfə də İTV-nin həyətində bayram tonqalı qalanacaq, el sənətkarları çıxış edəcək, eləcə də dəvət olunan qonaqlar Novruz ənənələri ilə bağlı danışacaqlar.

Bayram konserti hər həftənin çərşənbə axşamı 18:15-dən etibarən İctimai televiziya ilə canlı yayımlanacaq.

Novruzun 4 çərşənbəsini canlı xüsusi priqram və konsertlərlə qeyd etmək ənənəni Azərbaycan teleməkanına gətirən İTV-nin bayram proqramı bu dəfə TRT-AVAZ vasitəsi ilə də yayımlanacaq.

Xəbərlər
Redaktorun seçimi