“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
18.02.2015, 13:14
1775

Bakı sülh sazişi üzərində danışıqlara hazırdır

A- A+

Vasitəçilər isə Azərbaycanı və Ermənistanı etimadın möhkəmləndirilməsinə yardım etməyə çağırırlar

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk qrupunun həmsədrləri regiona növbəti səfərə gəliblər. Vasitəçilər fevralın 15-16-da Bakıda olublar.

Minsk qrupunun həmsədrləri Ceyms Uorlik (ABŞ), Pyer Andryö (Fransa), İqor Popov (Rusiya) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik Azərbaycan Prezidenti İlham Əliyev, xarici işlər naziri Elmar Məmmədyarov və müdafiə naziri Zakir Həsənovla görüşüblər.

XİN-in mətbuat xidmətindən verilən məlumata görə, nazir E.Məmmədyarovun vasitəçilərlə görüşdə münaqişənin həlli üzrə danışıqlar prosesi ətrafında fikir mübadiləsi aparılıb.

E.Məmmədyarov atəşkəsin pozulması hallarından danışarkən, ilk növbədə, beynəlxalq hüquq və BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin tələblərinə uyğun olaraq, həmsədrlər tərəfindən Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasının tələb olunmasının vacibliyini vurğulayıb.

Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərindən çıxarılmasının münaqişənin həlli və etimadın yaradılmasında irəliyə doğru mühüm addım olacağını qeyd edən xarici işlər naziri sülh sazişinin layihəsi üzərində ciddi danışıqlara başlamağın zəruri olduğunu vurğulayaraq Azərbaycanın buna hazırlığını ifadə edib.

Görüşdə həmsədrlərlə sülh sazişi üzərində işə başlama üzrə fəaliyyət qrafiki müzakirə olunub.

 

“Ermənilərlə azərbaycanlılar arasında görüşləri alqışlayırıq”

 

Vasitəçilər Bakı və Yerevanı etimadın möhkəmləndirilməsi üzrə tədbirlərə yardım etməyə çağırırlar. Bu barədə Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik Ermənistanın “Mediamaks” agentliyinə deyib.

Uorlik bildirib: “Biz etimad yaratmağa, insanları yaxınlaşdırmağa kömək edə biləcək istənilən addımın qəbul edilməsində maraqlıyıq. Əlbəttə ki, yalnız hökumət səviyyəsində müzakirə və həll olunan problemlər mövcuddur və biz bu məsələlərin həllində irəliləyişin olduğunu görməyi çox istəyirik. Lakin elə məsələlər mövcuddur ki, onlar həmin sərhədlər çərçivəsinə daxildirlər. Biz kommunikasiya imkanlarını və ermənilərlə azərbaycanlılar arasında görüşləri alqışlayırıq. Eləcə də erməni idmançıların Bakıdakı Avropa Oyunlarında iştirak edəcəklərinə ümid edirik, çünki belə ünsiyyətin faydalı olduğuna inanırıq”.

Vasitəçinin sözlərinə görə, o, bunu asan olmadığını anlayır və çox tez-tez hadisələr istənilən kimi inkişaf etmir: “Lakin biz bunun yolumuzda əngəl olaraq qalmasına imkan verə bilmərik. İnsanlar arasında təmaslar uzunmüddətli nizamlanmaya nail olmaq üçün mühüm əhəmiyyət kəsb edir. Sülh sazişinin imzalanacağı gün gələndə - o, əlbəttə, mütləq gələcək - bu, təkcə Ermənistana, Dağlıq Qarabağa və Azərbaycana deyil, ümumilikdə bütün regiona sülh gətirəcək. Lakin bu yalnız kağız üzərində imza ola bilməz. Bunun həmin razılığa kömək etməsi, etibar üçün əsas olması lazımdır və bizim işimiz məhz buna yönlənmiş olmalıdır. Bizim görmək istədiyimiz məhz budur”.

ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Pyer Andryö (Fransa), Ceyms Uorlik (ABŞ) fevralın 17-də isə Ermənistanda olublar. Vasitəçilərin  Azərbaycanın işğal olunmuş ərazilərinə səfəri də planlaşdırılır.

 

Xəbərlər
Redaktorun seçimi