“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
11.11.2009, 22:24
479

Heydər Əliyev Fondu muğam haqqında yeni nəşrləri təqdim edib

A- A+

“Azərbaycan muğamı” multimedia toplusu Azərbaycan və ingilis dillərində hazırlanıb

Noyabrın 11-də Heydər Əliyev Fondunda “Azərbaycan muğamları” layihəsi çərçivəsində yeni nəşrlərin təqdimatı keçirilib. Fondun prezidenti Mehriban Əliyeva bildirib ki, 8 diskdən ibarət “Azərbaycan muğamı” multimedia toplusu muğama dair tədris vəsaitidir, muğam ifaçılığı üzrə müəllimlər, ustadlar üçün bir dərslikdir (APA). 

“Heç bir dərslik canlı ünsiyyəti əvəz edə bilməz, ifa sirləri əvəzsizdir, canlı təmas və ünsiyyət mütləq lazımdır” deyən Mehriban Əliyeva bildirib ki, Azərbaycanda muğam sənəti öz xüsusi yerini qoruyub və saxlayıb.

“Azərbaycan muğamı” multimedia toplusu musiqi irsimizin ən qiymətli incisi olan muğamın növlərini, janrlarını, mənşəyini, quruluşunu, musiqi məzmununu və kompozisiya xüsusiyyətlərini ətraflı şərh edir. Multimedia toplusu Azərbaycan və ingilis dillərində hazırlanıb.

“Muğam aləmi” adlanan ikinci layihə bu il Bakıda keçirilmiş Birinci Beynəlxalq Muğam Festivalını özündə əks etdirir, bu layihə 33 diskdən ibarətdir. 

“Bu Festival bir daha sübut etdi ki, muğam Azərbaycanın milli sərvəti olmaqla yanaşı dünya musiqi xəzinəsinin incisidir, muğam hüdudsuz bir məkandır və onun paytaxtı Bakıdır”, - deyə Mehriban Əliyeva bildirib. O qeyd edib ki, 2-ci Beynəlxalq Muğam Festivalı Bakıda 2011-ci ildə keçiriləcək.

Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə təqdimatı keçirilən layihələri son dərəcə vacib layihələr adlandırıb. Azərbaycan muğamını əlçatmaz zirvə adlandıran bəstəkar deyib ki, İkinci Beynəlxalq Muğam Festivalının hazırlığına indidən başlamaq lazımdır: “Bu tədbiri keçirmək daha çətin olacaq, çünki biz ən parlaq nümunələri artıq təqdim etmişik, indi yenilərini göstərməliyik, bunun üçün isə yeni tərtibat, yeni rejissura işi, yeni musiqi işi, yeni sintez göstərməliyik”.

Xalq artisti Arif Babayev hazırda muğama göstərilən qayğını çox yüksək qiymətləndirib. Onun sözlərinə görə, əvvəlki dövrlərdə gənc ifaçılar üçün belə şərait yaradılmayıb: “Qarabağ xanəndələrinin səslərini diskə köçürüb xalqa təqdim etmək çox böyük və təqdirəlayiq bir işdir”. Arif Babayev Muğam Mərkəzinin yaradılmasını çox vacib hadisə adlandırıb: “Mərkəzdə tanınmış xanəndələrin büstləri var. Arzu edərdim ki, hazırda həyatda olan ustadların da büstləri elə onların sağlığında quraşdırılsın”.

1-ci Beynəlxalq Muğam Festivalının qalibi Təyyar Bayramov gənc muğam ifaçıları üçün yaradılmış şərait və imkanlar üçün ölkə başçısı İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya minnətdarlığını bildirib: “Festival sübuta yetirdi ki, Azərbaycan muğamı daha zəngin və daha müdrikdir”.

Daha sonra tədbirdə “Azərbaycan muğamı” sənədli filmi nümayiş etdirilib.

Xəbərlər
Redaktorun seçimi