“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
18.09.2013, 10:04
1870

Azərbaycan tarixi günbəgün: 18 sentyabr

A- A+

18 sentyabr 2002 – Səngəçal terminalında Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təntənəli təməlatma mərasimi keçirilib...

 

18 sentyabr 1048 – Azərbaycan torpaqlarında təşəkkül tapmış Səlcuq-türk dövlətinin ordusu Bizans, erməni və gürcü feodallarının birləşmiş qoşunlarını darmadağın edib. Bu qələbədən sonra Səlcuq dövlətinin əsasları daha da möhkəmləndi. Sultan Toğrul bəyin başçılıq etdiyi Səlcuqlar dövləti İranın böyük hissəsini, İraqı ələ keçirməklə böyük imperatorluq yaratdı.

 

18 sentyabr 1885 – Dahi bəstəkar, musiqişünas alim, dramaturq, publisist, pedaqoq Üzeyir Hacıbəyov (1885-1948) Şuşada anadan olub. Azərbaycanda ilk operanın, ilk müsiqi komediyalarının (operettaların) müəllifi, Azərbaycan professional müsiqisinin banisi, Milli Konservatoriyanın qurucusudur. Böyük bəstəkarın doğum günü – 18 sentyabr - Azərbaycanda Milli musiqi günü kimi qeyd olunur.

 

18 sentyabr 1885 – Görkəmli bəstəkar və dirijor Müslüm (Əbdülmüslüm) Maqomayev (1885-28.7.1937) anadan olub. Üzeyir Hacıbəyovla dost və məsləkdaş olan Maqomayev Azərbaycan professional musiqi sənətinin inkişafına mühüm töhfələr verib. «Şah İsmayıl» (1916), “Nərgiz” (1935) operalarının, 30-dək simfonik və vokal əsərin müəllifidir.

 

18 sentyabr 1978 - Görkəmli aktyor, rejissor, Xalq artisti Adil İsgəndərov (5.5.1910-1978) vəfat edib.

 

18 sentyabr 1988 – Böyük şair, XX əsr Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Məhəmmədhüseyn Şəhriyar (1906-1988) Tehranda vəfat edib. Şəhriyar Cənubi Azərbaycanın Təbriz şəhəri yaxınlığındakı Xoşginab kəndində anadan olub. Azərbaycan və fars dillərində yazıb. İlk kitabı 1931-ci ildə nəşr olunub. Sonralar şairin dördcildlik divanı, ikicildlik seçilmiş əsərləri, iki hissədən ibarət "Heydərbabaya salam" poeması, "Türkcə divan" toplusu çapdan çıxıb.

 

18 sentyabr 2002 – Səngəçal terminalında Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təntənəli təməlatma mərasimi keçirilib. Mərasimdə Azərbaycan, Türkiyə və Gürcüstan prezidentləri Heydər Əliyev, Əhməd Necdət Sezər və Eduard Şevardnadze, ABŞ-ın energetika naziri Spenser Abraham, BTC layihəsində yer alan şirkətlərin təmsilçiləri iştirak ediblər. Kəmərin Azərbaycan hissəsinin inşası 2005-ci il mayında, Gürcüstan hissəsi həmin ilin oktyabrında, Türkiyə hissəsi isə 2006-cı ilin yazında çatdı. Bakı-Tbilisi-Ceyhan kəmərinin rəsmi açılışı 2006-cı il iyulun 13-də gerçəkləşdi.

 

18 sentyabr 2006 – Azərbaycan prezidenti İlham Əliyev Türkiyənin Antalya şəhərində keçirilən Türk dövlət və toplumlarının X dostluq, qardaşlıq və əməkdaşlıq qurultayında iştirak edib. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

 

Xəbərlər
Redaktorun seçimi