“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
14.05.2013, 11:46
1431

Azərbaycan tarixi günbəgün: 14 may

A- A+

14 may 1805 - Qarabağ xanlığını Rusiya imperiyasına birləşdirən Kürəkçay müqaviləsi bağlanıb. Müqavilə çar Rusiyasının Qafqaz qoşunlarının komandanı general Pavel Sisianov və Qarabağ xanı İbrahimxəlil xan tərəfindən imzalanmışdı...

 

14 may 1805 - Rusiya-İran müharibəsi (1804-1813) gedişində birinci Kürəkçay (indiki Goranboy rayonu ərazisi) müqaviləsi bağlanıb. Müqaviləyə əsasən, Qarabağ xanlığı Rusiya imperiyasına birləşdirilib. Çar Rusiyasının Qafqaz qoşunlarının komandanı general Pavel Sisianov və Qarabağ xanı İbrahimxəlil xan tərəfindən imzalanan müqavilədə ruslar xan ailəsinə varislik əsasında Qarabağda muxtar hakimiyyət vəd etmişdilər. Lakin bir il sonra (1806) İbrahimxəlil xan ailəsi ilə birlikdə rus hərbçiləri tərəfindən qətlə yetirildi, Qarabağ xanlığı isə 1822-ci ilədək formal mövcud olduqdan sonra ləğv edildi.

1805-ci il mayın 21-də imzalanan ikinci Kürəkçay müqaviləsi ilə Şəki xanlığı Rusiyaya birləşdirildi. 

 

14 may 1916 – dövlət xadimi, alim, akademik Vəli Yusif oğlu Axundov (1916 – 22.8.1986) Bakının Saray kəndində anadan olub. 1950-ci illərdə Azərbaycan SSR səhiyyə nazirinin müavini, səhiyyə naziri, respublika Nazirlər Sovetinin sədri (1958-59) olub. 1959-1969-cu illərdə Azərbaycan KP MK-nın birinci katibi kimi respublikaya rəhbərlik edib. Vəzifədən getdikdən sonra Azərbaycan SSR EA-nın akademiki seçilib, 1969-1972-ci illərdə akademiyanın vitse-prezidenti, 1972-ci ildən ömrünün sonunadək Q.M.Musabəyov adına Virusrologiya, Mikrobiologiya və Gigiyena İnstitutunun direktoru işləyib.

 

14 may 1991 - Prezident yanında Milli Təhlükəsizlik Şurası təsis edilib. Şuraya baş nazir, Dağlıq Qarabağ üzrə Təşkilat Komitəsinin sədri (Viktor Polyaniçko), güc strukturlarının rəhbərləri daxil idi. Həmin ilin sentyabrında qurum ləğv edildi, onun əvəzində müxalifət təmsilçilərinin də iştirakı ilə Müdafiə Şurası yaradıldı. Lakin bir neçə ay sonra o da fəaliyyətinin dayandırdı.

 

14 may 1992 - Ali Sovetin növbədənkənar sessiyasında iki ay öncə prezidentlikdən istefa vermiş Ayaz Mütəllibov hakimiyyətə "qayıdıb". Xocalı hadisələrini araşdıran deputat komissiyası A.Mütəllibovun günahkar olmadığını elan edəndən sonra parlament 6 mart 1992-ci il tarixli qərarını ləğv edərək onun prezident vəzifəsinə qaytarılması barədə qərar qəbul edib. Lakin bu qərarın ömrü cəmisi bir gün çəkdi və səhərisi Xalq Cəbhəsi hakimiyyəti ələ keçirdi. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

 

Xəbərlər
Redaktorun seçimi